backend

Bakı Lift İdarəsinin əməkdaşlarına lift xidməti müqabilində veriləcək olan məbləğ hər ailə üzvünə görə 20 qəpik müəyyən edilib

Bakı Lift İdarəsinin əməkdaşlarına lift xidməti müqabilində veriləcək olan məbləğ hər ailə üzvünə görə 20 qəpik müəyyən edilib























Lakin ailə tərkibindən asılı olmayaraq, alınan məbləğ 1 manatdır və bu rəqəm sonradan qəbzin üzərinə əllə yazılır.

Mümkündür ki, vətəndaşlarda şübhə oyatmamağa hesablanmış addımdır.
Bakıda hər beş nəfərin qeydiyyatda olması kimi halların o qədər də çox olmadığını nəzərə alsaq, ucdantutma 1 manat yığılması, təbii ki, dövlət büdcəsini doldurmağa hesablanmayıb.
Dia.az yazıb ki, "Lifttəmir" İstehsalat Birliyinin "TEMP" dövlət müəssisəsinin abonent şöbəsindən hər ailədən bir manat yığıldığını təsdiqlədilər və bunu liftə xidmətlə, gərəkliyi anda aparılan təmir işlərinə tələb olunan xərclə əlaqələndirdilər.
Ailədə bir nəfər üçün ödənişin 20 qəpik olduğunu diqqətə çatdıranda isə bunun üçün idarənin rəhbərliyi ilə əlaqə saxlamağımızı məsləhət bildilər. "Lifttəmir" İstehsalat Birliyinin 3 saylı "Baklift" İxtisaslaşdırılmış İstehsalat İdarəsinin abonent şöbəsinin rəisi Dadaş Nəbiyev isə and-aman etdi ki, ödəniş ailə üzvlərinin sayına görə dövlət tərəfindən necə müəyyən edilibsə, yığım da o formada həyata keçirilir. Hətta israrla bizdən ünvanımızı da öyrəndi ki, vəziyyəti yerində "dəqiqləşdirsin".
Bu dirəniş qəbzin şəklinin idarənin ünvanına göndərilmək təklifinə qədər davam etdi. Dadaş müəllim icra hakimiyyətində iclasın olduğunu əsas gətirərək vidalaşdı. Bakı Lift İdarəsinin rəhbərliyini isə yerində tapmaq olmadı. Gah ərazidədirlər dedilər, gah da Bakı Şəhər İcra Hakimiyyətində iclasda.
Xatırladaq ki, hələ bir neçə ay əvvəl KİV yazırdı ki, Qüdrət Şükürov baş direktor təyin olunandan sonra “Bakı Lift-Təmir” İstehsalat Birliyi böhran dövrünə qədəm qoyub. “Şəhər meri Hacıbala Abutalıbovun kadrı sayılan birlik rəhbəri səlahiyyətindəki işlərə az vaxt ayırır.
Quruma dövlət büdcəsindən ayrılan vəsaitlər təyinatı üzrə sərf edilmir. Buna görə də paytaxtdakı liftlərin çoxu istifadəyə yararsız haldadır. Əslində, köhnə və nasaz liftlərlə bağlı problem ciddi məsələdir. Ölkəmizdə minlərlə doqquzmərtəbəli binanın olduğunu nəzərə aldıqda təhlükənin nə qədər yüksək olduğu ortaya çıxır.

Rəsmi statistikaya əsasən Bakıda 5200-dən çox belə lift var və hər blokda orta hesabla 27 mənzil olduğu götürülərsə, 150 mindən çox ailənin hər gün risk mənbəyi olan köhnə liftlərdən istifadə etdiyini anlamaq olar.
Mətbuat onu da qeyd edirdi ki, son illər ərzində Bakı şəhərində mənzil fonduna aid 1000-dən çox lift dəyişdirilib.

Yeni liftlər Amerikanın məşhur “Otis” firmasının Moskvada və Sankt-Peterburqda yerləşən müəssisələrindən alınıb. Yeni liftlərin içərisindəki elektron tabloda mərtəbə sayları göstərilir. Bu liftlərin alınması dövlətimizə elə də asan başa gəlməyib.
Belə ki, xaricdən ucuz qiymətə alınan liftlərin qiyməti rəsmi sənədləşmədə bir neçə dəfə şişirdilib. Bununla da dövlətin büdcəsinə külli miqdarda ziyan vurulub. Bütün bunların fonunda isə Bakıda lift probleminin də, liftpulu probleminin də olması qətiyyən təəccüb doğurmamalıdır.