backend

Telekanallarımızda demək olar ki, hər gün nümayiş olunan yerli seriallarımız əslində, mədəniyyətimizin inkişaf etməkdə olan şiş xəstəliyidir

Telekanallarımızda demək olar ki, hər gün nümayiş olunan yerli seriallarımız əslində, mədəniyyətimizin inkişaf etməkdə olan şiş xəstəliyidir
















"Həyat, sən nə qəribəsən", "Bir aləm var", "Bacanaqlar" və yayımı dayandırılan "Qayınana" və s.

Əslində, hər bir mədəniyyyət sahəsi xalqa xidmət etməlidir, eləcə də kino və teatr. Seriallarımız isə bunun tam əksidir. Dövlət büdcəsindən serial çəkilişinə 4 ildə 800 min manata qədər vəsait ayrılıb. Lakin bu vəsaitin xərclənməsi nəticəsində ortaya çıxan serial xalqa xidmət edirmi? Yox. Qətiyyən. Əksinə, bu seriallar milli mentalitetimizi də ayaqlar altına alır. Min illərdən süzülüb bu günümüzə qədər gələn və qorunan abır-həya pərdəsi isə seriallarımızdan birdəfəlik qaldırılıb. Türkiyə seriallarını yamsılamaq istəyən yerli rejissorlarımızın bu işinə, suyunun suyu demək mümkün deyil. Çünki türk seriallarında ən azından Türkiyə cəmiyyətinin problemləri qabardılır və bugünkü türk toplumunun yaşamı canlanır. Bizim serillarda isə tamamilə bunun əksidir. Məsələn, "Qaynana" serialında xalq artisti Afaq Bəşirqızının canlandırdığı qayınana obrazını götürək. Çox cılız, səviyyəsiz qadındır. Məgər Azərbaycanda bütün qayınanalar bu tipdədir? Təbii, belələri də var. Amma pisləri nümunə çəkmək, təbliğ etmək gərək deyil. Çünki belə təbliğatın nəticəsi çox acı olur. "Həyat, sən nə qəribəsən" serialı daha dəhşətlidir. Serial başlayandan bitənə qədər qorxulu müsiqi ritmləri ilə təqdim edilir. Sanki kriminal olaylardan bəhs edən verilişə baxırsan. Aktyor oyunundan danışmağa dəyməz. Çünki hamı yaxşı bilir ki, burada aktyorları tanışlıqla seçirlər, qabiliyyətinə görə yox. Nədənsə, bu seriallarda hətta ən güclü aktyorlarımız da babat rol oynaya bilmir. Elə götürək, "Həyat, sən nə qəribəsən" serialında çəkilən aktrisa Suğra Bağırzadəni və ya, "Bir aləm var"da çəkilən məşhur aktrisamız Həmidə Ömərovanı. Rollar o qədər süni, o qədər sönükdür ki, adamın ürəyi bulanır baxanda. "Bacanaqlar" serialında nümayiş olunan obrazlar haqqında danışmağın özü dəhşətlidir. Çünki bu serialda dünyanın ən yarıtmaz adamları sanki bir yerə cəm olub. Görəsən, Azərbaycanda heç bir şərəfli, sözünün ağası olan adam tapılmadı ki, onun da obrazını yaratsınlar? Bu arada "Qız atası" serialını xatılamamaq günah olardı. Çünki bu serialda gənc qızlarımızın rüsvayçı obrazı canlanıb. Serialda rol alan məşhurlar isə heç də filmin keyfiyyətinə müsbət çalar qata bilmir. Serialların yayımı zamanı reklam çarxlarının çoxluğu isə həm akyorların, həm də çəkiliş heyətinin normal qonorarla təmin olunmasından xəbər verir. Bir sözlə, hər şey var, amma istedad yoxdur. Əslində istedad var, o, istedadı tapıb, ortaya çıxaran yoxdur. Çünki kimin əlinə pul keçdi, dədə malı kimi qatlayıb cibinə qoymağa tələsir. Əsl sənət yaratmaq istəyənlər isə əlini cibinə atanda çörək pulunu güclə tapır. Nə qədər ki, bu sahədə Əli ilə Vəlinin yeri səhv salınacaq, o qədər də belə qayınanalarımız, qızlarımız və bacanaqlarımız artacaq.

Aygün Mustafa