backend

Brend mal adı altında vətəndaşların hüquqlarını pozurlar

Brend mal adı altında vətəndaşların hüquqlarını pozurlar
Son zamanlar parfümeriya və kosmetika bazarında problemlər çoxalmaqdadır.
Belə ki, ölkə bazarını saxta və keyfiyyətsiz parfümlər və kosmetikalar bürüyüb. Artıq insanlar bilmirlər ki, görəsən aldıqları məhsul brenddir, yoxsa saxta? Bu sual artıq hər kəsi düşündürməyə başlayıb. Lakin satıcılar da elə and-aman edirlər ki, yalan danışana da inanmağa məcbur olursan. Paytaxtda əsasən parfümeriya işini "İdeal" və "Sabina" mağazalar şəbəkəsi həyata keçirir. Sabina parfümeriya və kosmetika mağazalar şəbəkəsindən məhsul alanlar daha çoxdur. Lakin burada qiymətlər həddindən artıq bahadır. Digər mağazalar şəbəkəsiylə müqayisədə "Sabina" parfümeriya və kosmetika mağazalar şəbəkəsində qiymətlər od tutub yanır. Sözügedən mağazalar şəbəkəsindən məhsul alan müştərilərin sözlərinə görə orada satılan istənilən məhsulun keyfiyyəti çox aşağıdır. Şikayətçilərin sözlərinə görə, əvvəllər məhsulların keyfiyyətinə söz ola bilməzdi. Amma hazırda ətirlərdən tutmuş kosmetikaya qədər hər birinin keyfiyyətində nöqsanlar aşkar olunur. Düzdür, bəzi istehlakçılar saxta məhsulla orijinal məhsulu ayırd etməkdə çətinlik çəkir. Məhz elə aldadılan istehlakçılar da belələri olur. Etibarlı mənbələrin verdiyi məlumata görə, "Sabina" parfümeriya və kosmetika mağazalar şəbəkəsi məhsullarının satılmadığını gördükdə endirim kampaniyalarını dərhal işə salır. Mağazanın qapısına cəlbedici reklamlar vurmaqla əhalini mağazaya cəlb etməyə çalışırlar. Əsasən də şirnikləndirici endirimləri xüsusi günlərdə təşkil edirlər. Xüsusilə də Yeni il, 8 mart qadınlar bayramı, Novruz bayramı ərəfəsində bu sayaq endirimlərə start verirlər. Bundan başqa həmin mağazanın müştəriləri bildirirlər ki, endirim olan kimi onlara endirimlə bağlı dərhal sms-lər gedir. Bəzi müştərilər isə elə həmin mağazadan alış-veriş etmək üçün endirimləri gözləyirlər. Doğrusu istehlakçıların aldadılmasında 50 faiz sahibkarların payı varsa, 50 faiz də günah istehlakçılarda olur. Bu gün istehlakçılar öz hüquqlarını bilmirlər. Hüquqlarının pozulmasında özlərinin də rolu olur. Hüquqları pozulan zaman isə hansı addımı atacaqlarını da bilmirlər. Səbəb isə ölkədə istehlakçı siyasətinin zəif aparılmasıdır. Bununla bağlı maarifləndirici tədbirlər həyata keçirilməlidir. Təəssüf ki, istehlakçıların hüquqlarının qorunması istiqamətində hansısa işlərin görüldüyünü demək çətindir. İstehlakçı siyasətinin zəif olmasından istifadə edən sahibkarlar isə imkan düşdükcə istehlakçıları tora salırlar. Qeyd edək ki, "Sabina" bazarda əməlli-başlı monopoliya yaradıb. Göründüyü kimi, biznesin subyektləri kifayət qədər gəlir əldə edə bilirlər. Belə halda bahalı qiymət siyasəti yeritməklə sadəcə olaraq, əhalinin cibinə girirlər. Sözügedən parfümeriya mağazalarının rəsmiləri buradakı bütün ətirlərin sertifikatının olduğunu və rəsmi distribütorlardan alındığını iddia edirlər. Əslində isə, vəziyyət tamam başqa cürdür. Mənbə bildirir ki, bu mağazalarda satılan ətir və kosmetikaların əksəriyyəti ya Dubaydan, ya da Çindən gətirilir. Yəni həmin məhsulların yetərli hissəsi saxtadır. Qeyd edək ki, saxta ətirlər və kosmetik maddələr isə insan orqanizmi üçün olduqca zərərlidir. Həkim ekspertlərin fikrincə, saxta ətirlər dəri ilə təmasda olduqda allergik reaksiya verir. Xatırladaq ki, İnzibati Xətalar Məcəlləsində saxta ətirlərin satışı ilə məşğul olan şəxslərin 1500 manatdan 3000 manatadək cərimələnməsi nəzərdə tutulsa da, bazarlara saxta ətirlər daxil olmaqdadır. Odur ki, İqtisadiyyat və Sənaye Nazirliyinin rəsmiləri vaxt itirmədən "Sabina" mağazasında yoxlamalara başlamalıdır. Qarşı tərəfə də cavab haqqı tanıyırıq