backend

Rəis Orxan Məmmədyarov olsa da, ixtiyar sahibi Azər Rüstəmovdur Regiona daxil olan rayonlardakı yanacaqdoldurma məntəqələrinin "krışası" kimi tanınan bu şəxs ancaq öz mənafeyi haqda fikirləşir

Rəis Orxan Məmmədyarov olsa da, ixtiyar sahibi Azər Rüstəmovdur Regiona daxil olan rayonlardakı yanacaqdoldurma məntəqələrinin "krışası" kimi tanınan bu şəxs ancaq öz mənafeyi haqda fikirləşir
Məlum olduğu kimi, prezident İlham Əliyev bir müddət əvvəl yüksək rütbəli şəxslərin, eləcə də hüquq-mühafizə orqanlarında çalışan insanların bəzi iş adamlarına "krışalıq" etdiyini bildirdi və bu hallara son qoyulmasını tələb etdi.
Həqiqətən də, bu gün müxtəlif dövlət qurumlarında məsul postları tutan bəzi şəxslər səlahiyyətlərindən istifadə edərək kimlərəsə himayədarlıq göstərir, onları bir sıra təhlükələrdən sığortalayırlar. Təbii ki, müəyyən təmənna müqabilində. Başqa sözlə desək, himayə olunan tərəf bunun qarşılığında qarşı tərəfə "jest" edir. Ölkə başçısının sərt xəbərdarlığına baxmayaraq, hələ də bəzi vəzifəli şəxslər bu cür qanunsuz əməllərindən əl çəkmirlər. Redaksiyamıza Fövqəladə Hallar Nazirliyinin (FHN) Muğan Regional Mərkəzinin əməkdaşı Azər Rüstəmovun işindəki nöqsanlar haqda maraqlı məlumatlar daxil olub. Adının çəkilməməsini xahiş edən şəxsin bildirdiyinə görə, bu şəxs Şirvan, Hacıqabul, Salyan, Neftçala, Saatlı və Sabirabad rayonlarında yerləşən bəzi yanacaq və maye qazdoldurma məntəqələrinə "krışalıq" edir: "Sözügedən rayonlarda yerləşən bəzi yanacaq doldurma məntəqələrində Fövqəladə Hallar Nazirliyi tərəfindən müəyyən olunmuş standartlara əməl olunmur. Qanunla bu cür məntəqələrin fəaliyyətinə icazə verilməməlidir. Azər müəllimlə "dil tapan" yanacaqdoldurma məntəqəsinin sahibləri qanunsuz fəaliyyətlərini davam etdirirlər. Məsələn, Şirvan şəhərində vətəndaş Rahil Həsənova məxsus maye qazdoldurma stansiyası fəaliyyət göstərir. Burda demək olar ki, bütün işlər qanunsuz aparılır. Fövqəladə Hallar və Vergilər Nazirliklərinin əməkdaşları bir neçə dəfə stansiyada yoxlama aparıb və qanun pozuntuları aşkarlayıblar. Buna baxmayaraq, Rahil Həsənov Azər Rüstəmovun sayəsində stansiyanın bağlanmasına imkan vermir. Stansiyanın bütün avadanlıqları köhnədir, yanacaq çənləri istismar müddətini çoxdan başa vurub. Sabah qəza, yanğın hadisəsi baş versə, ətrafda yaşayan insanların həyatı təhlükə altına düşəcək. Təəssüf ki, Muğan Regional Mərkəzinin rəisi Orxan Məmmədyarovun işçisi Azər Rüstəmov bunları fikirləşmir. Şəxsi maraqlarını üstün tutan mərkəzin əməkdaşı yüzlərlə insanın həyatı ilə oynayır. Ən maraqlısı odur ki, maye qazdoldurma stansiyasına hansısa dövlət qurumundan yoxlama gələndə Rahil Həsənov "Azər müəllimin hər şeydən xəbəri var" deyərək onları yola salır. Deyilənə görə məhz bu şəxsin köməkliyi ilə ayaqda duran digər yanacaqdoldurma məntəqələri Salyan, Neftçala və Hacıqabulda da mövcuddur". Məlumatlı şəxsin iddiasına görə, vəzifə səlahiyyətlərindən şəxsi məqsədləri üçün istifadə edən Azər Rüstəmov qanunsuz işləyən yanacaqdoldurma məntəqələrinə himayədarlıq etməklə maliyyə imkanlarını xeyli genişləndirməyə nail olub: "Bu adam Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzində işə düzələnə qədər çox kasıb idi. Elə ki, mərkəzdə işə başladı və Orxan Məmmədyarov ona geniş səlahiyyətlər həvalə etdi, o, dərhal özü üçün şərait yaratmaq haqda fikirləşdi. Mənim bildiyim qədərilə, təkcə Şirvan şəhərində 10-dan çox irili-xırdalı ticarət obyekti var. Ölkəmizin müvafiq qanunvericiliyinə əsasən, dövlət qulluğunda xidmət aparan şəxslər ilin yalnız müəyyən edilmiş vaxtında əmək məzuniyyətinə çıxa bilər. Azər müəllim isə hər üç aydan bir xarici ölkələrə səyahət edir. Heç kim onun xaricə nəyə və hansı vəsaitlə getməsi barədə maraqlanmır. O özünü Muğan Regional Mərkəzinin rəisi kimi aparır. Hətta yaxın ətrafına tezliklə Orxan Məmmədyarovun yerini tutacağını söyləyib. Azər Rüstəmov Salyan, Şirvan, eləcə də ətraf rayonlarda ən varlı vəzifəli şəxs kimi tanınır. Onun bir-birindən bahalı maşınları, 111 "zerkalnı" nömrələri, yaşadığı imarət göz qamaşdırır. Bir şey yaddan çıxarılır ki, mərkəzin işçisi özünə var-dövlət yığdığı halda, dövlətin qanunları ayaqlar altında tapdanır. Regiona daxil olan rayonlarda yerləşən yanacaqdoldurma məntəqələrinin bir çoxu potensial təhlükə mənbəyidir. Əfsuslar olsun ki, həmin məntəqələrin fəaliyyətinə nəyinsə əvəzində icazə verilir". Qeyd olunan məsələlərlə bağlı FHN-in Muğan Regional Mərkəzinin rəhbərliyindən münasibət öyrənməyə çalışsaq da, cəhdlərimiz bir nəticə vermədi. Buna rəğmən, qarşı tərəfin də cavab haqqını tanıyırıq.