backend

Qəbələ REŞ-in müdiri dövlətin büdcəsinin göyə sovrulmasına zəmin yaradır

Qəbələ REŞ-in müdiri dövlətin büdcəsinin göyə sovrulmasına zəmin yaradır
İlham adlı şəbəkə rəhbəri sayğaclara müdaxilə edən şəxsi nəyin qarşılığında bağışlayıb?
Ölkə rəhbərliyi tərəfindən istehlakçıların dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təmin edilməsi məqsədilə müxtəlif tədbirlər həyata keçirilir. Məsələn, yarımstansiyalarda, ötürücü qurğularda əsaslı və cari təmir işləri aparılır, itkilərin azaldılması istiqamətində addımlar atılır. Bununla yanaşı, hava xətlərində, transformator yarımstansiyalarında, transformatorlarda əsaslı təmir işləri görülür, müvafiq şəbəkələr SİP markalı kabellə əvəz edilir. Qeyd edək ki, "Azərişıq" Açıq Səhmdar Cəmiyyəti (ASC) yaradılandan sonra regionlarda əhalinin elektrik enerjisi ilə təminatı da bu quruma həvalə edildi. Beləliklə, uzun müddət bu sahədə əsas mövqe tutmuş "Azərenerji" səlahiyyətlərinin böyük hissəsini itirmiş oldu. Struktur islahatlarının nəticəsində bölgələrdə regional elektrik şəbəkələri yaradıldı. Dövlətin hərtərəfli qayğısına baxmayaraq, "Azərişıq" ASC-yə tabe olan bəzi regional şəbəkələrdə müxtəlif problemlər nəzərə çarpmaqdadır. Dünən redaksiyamıza Qəbələ Regional Elektrik Şəbəkəsində (REŞ) cərəyan edən qanun pozuntuları və şəbəkəyə rəhbərlik edən İlham Hüseynovun Qax, Zaqatala, Qəbələ, Oğuz, Balakən və Şəki rayonlarının əhalisinə yersiz problemlər yaratması barədə maraqlı məlumatlar daxil olub. Etibarlı mənbənin sözlərinə görə, əvvəllər Qax rayon İşıq İdarəsinin rəisi işləmiş İlham müəllim "Azərişıq" yaradılandan sonra Regional Elektrik Şəbəkəsinin rəhbəri vəzifəsinə keçməyi bacarıb: "O, uzun müddət Etibar Pirverdiyevin rəhbərliyi altında işləyib. "Azərenerji"nin yerlərdə insanların başına gətirdiyi müsibətlərdən məlumatı olmayan yoxdur. Yaxşı ki, rayonlarda əhalinin elektrik enerjisi ilə təminatı məsələsi bu qurumdan alındı. Amma yeni yaradılan elektrik şəbəkələrinin rəhbər şəxsləri hələ ki, etimadı doğrulda bilmir. Onlar işlərinə biganə münasibət göstərməklə vətəndaşları "Azərişıq" ASC-nin rəhbərliyindən incik salırlar. Belə ki, Qəbələ Regional Elektrik Şəbəkəsini əhatə edən rayonlarda saysız-hesabsız problemlər mövcuddur. Bu günlərdə şəbəkənin əməkdaşları Şəki rayonunda yerləşən uşaq bağçalarının sayğaclarını açıb aparıblar. Səbəb kimi yeni smart tipli sayğacların qoyulacağını bildiriblər. Halbuki, bu işi yay aylarında da görmək olardı. Havanın soyuq keçdiyi günlərdə uşaq bağçalarının sayğaclarının dəyişdirilməsi, körpələrin zülmətə qərq edilməsi sadəcə olaraq dəhşətdir. Yerli camaat sayğacların dəyişdirilməsinin əleyhinə deyil. Yeni sayğaclar quraşdırılacaq, bunu müsbət qarşılayırıq. Lakin işi vaxtında görmək lazımdır. Niyə bunu yay aylarında etmirdilər ki? Uşaq bağçalarından köhnə sayğacların yığılması uşaqlar arasında davamiyyətə təsir edib. Sinif otaqları soyuq olduğuna görə valideynlər uşaqlarını bağçaya göndərməkdən imtina edirlər". Mənbənin verdiyi məlumatda bir məqam diqqətimizi xüsusi çəkdi. Məlumatda qeyd olunur ki, bir müddət əvvəl Gəncədən gələn bir nəfər Şəki də daxil olmaqla, Oğuz, Qəbələ, Balakən və Qax rayonlarında özəl və dövlət müəssisələrinin sayğaclarına müdaxilə edib: "Nəticədə həmin sayğacların fəaliyyətində böyük problemlər meydana gəlib. Çox elektrik enerjisi işləndiyi halda az pul yazır. Bu məsələdən şəbəkənin rəhbəri İlham müəllim xəbər tutub. O, sayğaca müdaxilə edən şəxsi hüquq-mühafizə orqanlarına təhvil vermək əvəzinə, özü sorğu-suala tutub. Deyilənə görə, sayğacların fəaliyyətini iflic edən şəxs şəbəkənin rəhbərinə 5 min dəfə "sağ ol" dedikdən sonra məsələ həllini tapıb. Maraqlıdır ki, İlham müəllim problemi bu formada yoluna qoyandan sonra həmin sayğacların necə işlədiyini araşdırmayıb. Müdaxilə olunan sayğaclar hazırda düz işləmir və sərf olunan enerjiyə uyğun pul yazmır. Məsələn, çörəkbişirmə sexlərində 1 soba 16 kilovat elektrik enerjisi sərf etdiyi halda sex rəhbərliyi ayın sonunda 60-70 manat işıqpulu verir. Bunun nəticəsində hər ay dövlət büdcəsinə külli miqdarda ziyan dəyir. Bundan başqa, Qəbələ Regional Elektrik Şəbəkəsinin rəhbərliyi bu regiona daxil olan rayonlardakı büdcə təşkilatlarına, idarə və müəssisələrə hər ay külli miqdarda borc yazırlar. Həmin idarələrin yetkili şəxsləri İlham müəllimin rəhbəri olduğu REŞ-ə pulu ödəyirlər. Daha sonra ödənilən vəsait şəbəkə və idarə rəhbərlərinin iştirakı ilə "saf-çürük" edilir. Yəni bu əməliyyat nəticəsində həm şəbəkənin müdiri, həm də büdcə təşkilatlarının rəhbərləri qazanırlar. Misal olaraq Şəki Rayon Mərkəzi Xəstəxanasını göstərmək olar. Hər ay səhiyyə ocağına işlədilən elektrik enerjisindən artıq borc yazılır. Baş həkim və şəbəkə müdiri əlaqəli şəkildə bu işdə öz maraqlarını təmin edirlər. Bu hal təkcə Şəkidə yox, regiona daxil olan digər rayonlarda da həyata keçirilir. Məhz belə əməliyyatların nəticəsində dövlətimizin büdcəsinə külli miqdarda ziyan dəyir". Hörmətli Baba Rzayev, biz demirik ki, sizin bu işlərdən xəbəriniz var və tədbir görmürsünüz. Bəlkə də sizin Qəbələ REŞ-in müdirinin törətdiyi qanuna zidd işlərdən xəbəriniz yoxdur. Sizə elə fakt veririk ki, bunu mütləq araşdırmaq lazımdır. Hesab edirik ki, Azərbaycanın büdcəsinə göz dikən, dağıdan vəzifəli şəxslər xalqın cibinə girirlər. Baba müəllim, siz artıq neçə illərdir bu sahədə çalışırsınız və Qəbələ REŞ-də müvafiq yoxlama aparmaqla hansı işlərin cərəyan etdiyini müəyyənləşdirə bilərsiniz. "Gündəlik Bakı" qəzeti olaraq lap əvvəldən bu cür neqativ halları ictimailəşdiririk. Bütün təzyiq və təsirlərə baxmayaraq, peşə borcumuzu yerinə yetirməkdən bir an da olsa əl çəkməmişik. Çünki biz Azərbaycanın qanunlarına, onun prezidenti cənab İlham Əliyevə inanırıq. Möhtərəm prezidentimiz hər zaman azad sözün inkişafı üçün çalışıb və bu istiqamətdə tədbirlərini davam etdirir. Ümidvarıq ki, "Azərişıq" ASC-nin sədri yazdığımz bu faktı ən incə detallarına kimi araşdıracaq və dövlətin büdcəsinə ziyan vuran şəxsləri cəzalandıracaq. Mövzu ilə bağlı qarşı tərəfin də cavab haqqını tanıyırıq. (Araşdırmamız davam edir)