backend

Azərişıq ASC-nin sədri külli miqdarda büdcə vəsaitinin ayrıldığı layihələri bu sahədə təcrübəsi olmayan şəxslərə həvalə edib

Azərişıq ASC-nin sədri külli miqdarda büdcə vəsaitinin ayrıldığı layihələri bu sahədə təcrübəsi olmayan şəxslərə həvalə edib
"Santral Elektrik" dövlət qurumlarının elektrik avadanlıqları ilə təchizatından nə qədər qazanc götürür?
Hökumət 2015-ci ilin 9 ayının yekunu üzrə Azərbaycan dövlət büdcəsinin kəsirinin 92,1 milyon manat təşkil etdiyini açıqlayıb. Bildirilib ki, Azərbaycanın dövlət büdcəsi ardıcıl 7 aydır kəsirlə icra olunur. Yanvarda dövlət büdcəsinin profisiti 421,6 milyon manat (ÜDM-in 11,6 faizi) təşkil edib. Ötən ilin analoji dövrü ilə müqayisədə bu, 16,9 dəfə artıb. Yanvar-fevralda büdcə 80,1 milyon manat profisitlə icra edilib ki, bu da ötən ilin eyni dövrünün göstəricisini 61,8 faiz üstələyir. Yanvar-martda büdcə ötən ildəki 108,4 milyon manat profisitə qarşı 251 milyon manat kəsirlə, yanvar-apreldə 402,6 milyon manat profisitə qarşı 822,5 milyon manat kəsirlə, yanvar-mayda 654,5 milyon manat profisitə qarşı 905,8 milyon manat kəsirlə, yanvar-iyunda 615 milyon manat profisitə qarşı 770,9 milyon manat kəsirlə, yanvar-iyulda 774 milyon manat profisitə qarşı 595,7 milyon manat kəsirlə, yanvar-avqustda isə 938,4 milyon manat profisitə qarşı 127 milyon manat kəsirlə icra edilib. Dövlət büdcəsinin ardıcıl 7 il kəsirlə icra olunması ciddi siqnaldır. Təbii ki, vəziyyətin bu cür alınmasının səbəbləri var. Səbəblər isə müxtəlif ola bilər. Ekspertlərin üzərində dayandığı əsas səbəblərdən biri də dövlət büdcəsindən maliyyələşən qurumların əlavə xərclərə yol verməsidir. Xatırladaq ki, bununla bağlı dəfələrlə müzakirələr aparılıb və dövlət qurumlarının rəhbərliyinə əlavə xərcləri azaltmaları tapşırılıb. Buna rəğmən, büdcədə yenə də kəsir meydana gəlir. Dövlət büdcəsindən kifayət qədər maliyyə dəstəyi alan qurumlardan biri də "Azərişıq" ASC-dir. Qeyd edək ki, hələ "Bakıelektrikşəbəkə"nin vaxtında bu quruma dövlət tərəfindən iri investisiyalar ayrılırdı. Aparılan araşdırmalar göstərir ki, uzun müddətdir bu sahəyə rəhbərlik edən Baba Rzayev büdcə vəsaitlərinin böyük hissəsini təyinatı üzrə xərcləmir. Bu haqda bir qədər sonra geniş söhbət açacağıq. Bildiyiniz kimi, bir müddət əvvəl Azərbaycanın energetika sahəsindəki problemlər barədə mətbuatda maraqlı məlumatlar yayılmışdı. Həmin məlumatlarda əsas tənqid hədəfi məhz Baba Rzayev idi. Üzə çıxan məlumatlara əsasən, ölkədə elektrik məhsullarının satışından tutmuş, elektrik təchizatı ilə bağlı dövlət sifarişlərinin icrasına qədər ciddi işlərlə məhz ASC sədrinə yaxın şəxslər məşğul olur. Məsələn, "Santral Elektrik LTD" şirkətinin səhmlərinin rəsmi sənədlərə görə, 70 faizi Baba Rzayevə, 30 faizi onun həyat yoldaşı Nərminə Həsənovaya məxsusdur. 2003-cü ildə qeydiyyata alınan şirkətə bir müddət Baba Rzayevin qardaşı Emin Rzayev rəhbərlik edib. Daha sonra şirkətin başına adıçəkilən məmurun qayını İlham Həsənov gətirilib. Məlumata görə, Baba Rzayev "Santral Elektrik"in əsasını 2000-ci ildə Türkiyədən olan tərəfdaşı ilə birlikdə qoyub. Sonralar - 2003-cü ildə türkiyəli iş adamı öz payını ona satıb. Bildirək ki, "Santral Elektrik" Azərbaycanda elektrik avadanlığı, onların quraşdırılması və xidmət sahəsində iri özəl şirkət hesab edilir. İnternet səhifəsindəki məlumatlara görə, "Legrand" (Fransa), "Pirelly" "GEWISS", "KEMMR.I" (Finlandiya), "Vortice" (İtaliya), "Stanley" (ABŞ), "Philips", "Osram", "Dewallt", "Massive" və başqa şirkətlərin Azərbaycanda rəsmi distribütoru da "Santral Elektrik"dir. Məlumata görə, Baba Rzayevin nəzarətindəki şirkət müxtəlif dövlət qurumlarının elektrik avadanlıqlarının əsas təchizatçısıdır. Belə ki, Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsi, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu, Mərkəzi Bank kimi dövlət qurumlarını bu şirkət elektrik avadanlıqları ilə təmin edib. Şirkətin həm də Bakı aeroportuna gedən yolun işıqlandırılması, Bakı beynəlxalq hava limanı və Bakı beynəlxalq avtovağzalının bütün xarici elektrik təchizatı, kabel, elektrik xətlərinin çəkilişi, Yeni Bakı Neftayırma Zavodu, Səngəçal terminalı, Milli Olimpiya Komitəsi, "LukOil" şirkətinin baş ofisi, "Azəri-Çıraq" şirkəti, Dərin Özüllər Zavodu, Bakı Metropoliteninin də işıqlandırma məsələləri ilə məşğul olduğu bildirilir. Ən maraqlı məqam isə köhnə "Bakıelektrikşəbəkə"nin, indiki "Azərişıq" ASC-nin təmir-tikinti layihələri ilə bağlıdır. Əvvəllər "Bakıelektrikşəbəkə"də işləmiş şəxslərdən birinin redaksiyamıza verdiyi məlumata görə, Baba Rzayevin əsas qazancı yarımstansiyaların tikintisindən və təmirindəndir: "Son beş il ərzində Bakı şəhəri ərazisində onlarla yarımstansiya ya təmir olunub, ya da yenidən tikilib. Bu işlərin demək olar ki, hamısını Baba müəllimə yaxın şirkətlər həyata keçirib. Özü də tendersiz, yəni müqavilə bağlanmadan. Tikinti işlərinin bu sahədə kifayət qədər təcrübəsi olmayan adamlara həvalə edilməsi milyonlarla büdcə vəsaitinin ayrıldığı işlərdə öz fəsadını tezliklə büruzə verib. Belə ki, bir il bundan əvvəl təmir olunan yarımstansiyaların əksəriyyəti hazırda yaman günə düşüb. Nəyə görə? Ona görə ki, iş icraçıları ancaq xeyir güdürlər. İşlər isə keyfiyyətsiz aparılıb. Yəni bir yarımstansiyanın təmiri üçün yarım milyon manat ayrılıbsa, onun yarısı Baba Rzayevin ixtiyarına verilib. Yerdə qalan vəsaitin bir hissəsini də işi icra edən şəxslər öz aralarında bölüşdürüblər. Belə iş üslubunun qarşılığında hansı keyfiyyətdən danışmaq olar? Yarımstansiyalar üçün lazım olan elektrik avadanlıqları "Santral Elektrik"dən alınıb. Bu yolla ASC sədrinin büdcəsinə külli miqdarda vəsait daxil olub. Nə yazıq ki, onun fəaliyyətini araşdırmırlar. Əgər müvafiq qurumlar tərəfindən sədrin indiyə qədər olan fəaliyyəti araşdırılsa, heyrətamiz faktların üstü açıla bilər". Məsələ ilə bağlı ASC sədrinin münasibətini öyrənməyə çalışsaq da, cəhdlərimiz baş tutmadı. Buna baxmayaraq, qarşı tərəfin də cavab haqqını tanıyırıq. P.S. Baba müəllim, bizə inanmırsınızsa bir faktı diqqətinizə çatdırmaq istəyirik. Yeni Günəşli qəsəbəsində çox kasıb kişi var idi. İmkanı həddən artıq zəif idi. Elə oldu ki, kimlərinsə vasitəsilə yarımstansiyaların təmir-tikintisinə cəlb olundu. Az müddətdən sonra necə deyərlər özünü tutdu. İki mənzil, iki bahalı maşın aldı. Hələ üstəlik obyekt də tikdirdi. Maraqlıdır, hansı pulla? Bax bu sualın cavabını siz araşdırıb bizə verin, zəhmət olmasa. Zərurət yaransa, həmin adamın adını da açıqlaya bilərik.