backend

Qəsəbələrin qaza olan tələbatı ödənilmir

Qəsəbələrin qaza olan tələbatı ödənilmir
"Azəriqaz" İstehsalat Birliyinin fəaliyyəti heç kəsi qane etmir.
Əkbər Hacıyevin rəhbəri olduğu bu dövlət qurumunun fəaliyyətində ciddi səhvlərə yol verilir. Hələ qış gəlməyib, amma artıq qaz sızmasından partlayışlar baş verir. Eyni zamanda dəm qazından zəhərlənmə halları baş verməkdədir. Əkbər Hacıyev rəhbərliyə gəldiyi gündən bu sahədə problemlər səngimək bilmir. Xüsusilə də qurumun yerlərdəki idarələrinin fəaliyyəti qənaətbəxş deyil. Vətəndaşlara bir sıra problemlər yaradırlar. Verilən məlumatlara görə, "Azəriqaz" İstehsalat Birliyinin tabeliyində olan idarələrdə çalışanların demək olar ki, yarıdan çoxu birlik sədrinin yaxın adamlarıdır. Ona görə də yerli idarələrin fəaliyyətsizliyi vətəndaşları cana yığıb. Tam əminliklə söyləyə bilərik ki, Əkbər Hacıyevin "Azəriqaz"ın baş direktoru kimi fəaliyyəti müsbət deyil. Vətəndaşların mavi yanacağa olan tələbatı istənilən səviyyədə qarşılanmır. Paytaxtın bir sıra qəsəbələrində, xüsusilə də Yeni Suraxanı qəsəbəsində sakinlər qaz üzünə həsrət qalıblar. Son günlər havalar yağışlı və küləkli olduğundan insanların qaza tələbatı daha da artıb. Təəssüf ki, Yeni Suraxanı qəsəbəsinə verilən qaz qəsəbə sakinlərini razı salmır. Evdə körpəsi, eləcə də xəstə valideyni olan sakinlər qazın normal şəkildə verilməməsindən şikayət edirlər. Şikayətçilər bildirirlər ki, əvvəl kart sistemi deyildi. Aylıq ödənişi vaxtlı-vaxtında verməyən abonentlərə görə bizim də qazımızı kəsirdilər. Amma hazırda kart sisteminə keçsək də qaz üzünə həsrət qalmışıq. Şikayətçilər kartda kifayət qədər pulun olduğunu, ancaq qaz üzünə həsrət qaldıqlarını bildirirlər. Vətəndaşlar dəfələrlə Suraxanı qaz idarəsinə müraciət etdiklərini, lakin problemlərinə baxanın olmadığını bildirirlər. Vətəndaşların günü-gündən artan şikayətləri göstərir ki, artıq "Azəriqaz" İstehsalat Birliyinin sədri Əkbər Hacıyevin vəzifədən getməsi məsləhətdir. Çünki bu şəxs rəhbərliyi dövründə hansısa müsbət işə imza atmayıb. Bəzi məmurlar kimi Hacıyev də öz maraqlarını düşünən adamdır. Onun həyata keçirdiyi kadr islahartları da uğursuz olub. Məlumat üçün deyək ki, "Azəriqaz" Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) tabeliyinə keçəndən sonra uzun illər bu sahədə təcrübəsi olan işçilər dəyişdirilib. Çünki yeni gələn rəhbərlər də, sıravi işçilər də bu qaydaları bilmirdi. Əvvəllər ən azı ayda bir dəfə mənzillərdə mövcud qaz xətlərinin, istifadə olunan qaz cihazlarının yoxlanması qaydası dəyişdirilib, ildə bir dəfəyə keçirilib. Cihazların yararlılığının yoxlanması qaydası isə ümumiyyətlə, ləğv edilib. Sakinlərin çoxu bildirir ki, smartkart tipli sayğaclar tez-tez koda düşür və fəaliyyətini dayandırır. Vətəndaşlar kodu açdırmaq üçün qaz idarəsinə zəng vurduqda isə idarənin əməkdaşları vaxtlı-vaxtında gəlib kodu açmırlar. Müəyyən vaxt təyin edirlər. Lakin dedikləri vaxtda ünvana gəlmirlər. Bu isə vətəndaşların haqlı narazılığına səbəb olur. Hələ üstəlik verilən şirinliyin azlığına görə narazılıqlarını ifadə edirlər. Əslində qaz idarəsinin əməkdaşları koda düşmüş sayğacları nəyinsə müqabilində düzəltməməlidirlər. Lakin qaz idarəsinin əməkdaşları vətəndaşlardan nəsə almasalar getmirlər. "Qaz təchizatı" Haqqında Qanuna görə, təchizatla məşğul olan orqanın əsas borcu təbii qazı təhlükəsiz qaydada istehlakçıya ötürmək, istismar vaxtı təhlükəsizlik qaydalarına ciddi nəzarət etməkdir.