backend

Sirli bahalı maşın biznesi

 Sirli bahalı maşın biznesi
Hər zaman insanlarda müxtəlif avtomobil markalarına maraq olub və bu ənənə təkcə Azərbaycanda deyil, bütün dünyada müşahidə edilir.
Bu il də dünyada avtomobilə maraq yüksək qiymətləndirilir. Yaponiyanın “Toyota Motor” avtomobil konserni bu ilin yanvar-sentyabr aylarında 7,49 milyon maşın sataraq dünya bazarında ən çox maşın satan şirkət olub.

İkinci yerdə gələn Almaniyanın “Wolkswagen” konserni isə 7,43 milyon satışla yaponiyalı rəqibindən geri qalıb. Bunun səbəblərindən biri sentyabr ayında dizel motoru ilə işləyən maşınlarında nasazlığın ortaya çıxması və bu səbəbdən 11 milyon avtomobili geri qaytarması olub.
Avtomobil satan ən böyük üçüncü şirkət isə böhrandan sonra özünə gəlməyə başlayan “GM” “General Motors”dur. Avotomobil şirkəti 2015-ci ilin 9 ayında 7,2 milyon müxtəlif markalı maşın satıb.
Azərbaycan avtomobil bazarına gəldikdə, ekspertlər hazırda bazarda kəskin ucuzlaşma olduğunu bildirir. Müşahidələrə görə hələ də təkrar bazar üzrə “Mercedes benz” markasına tələb çoxdur. Cənubi Koreyanın “Hunday”, “KİA” , Yaponiyanın “Toyota”, “Nissan” markaları tələb olunanlar siyahısında ilk yerləri bölüşür.
Bundan başqa bildirilir ki, ölkəyə gətirilən və dəyəri yarım milyon dollardan baha olan avtomobillər məhdud saydadır və yüksək vəzifəli məmurların sifarişi ilə Azərbaycana daxil olur.
Kütləvi şəkildə gətirilən, açıq şəkildə alqı-satqıya cəlb olunan nəqliyyat vasitələri arasında qiyməti ən baha olan “Mercedes benz”in təqdim etdiyi “S Class Long”un qiyməti 230-236 min manat, 7-ci seriyadan olan “BMW Alpina”nın qiyməti 201-205 min manat civarında dəyişir. Ən ucuzu isə İranın 6-7 min manata təklif edilən “SAİPA” avtomobilləridir. Rusiyadan qiyməti 7500-8500 min manat arasında dəyişən avtomobillər də gətirilir.
Mərkəzi Bankın 2014-cü ilin əvvəllərindən arayışsız kreditlərin verilməsi ilə bağlı şərtləri sərtləşdirməsi, Avro-4 standartının tətbiqi, ölkədə baş verən iqtisadi böhran şəraiti avtomobil bazarının çökməsi ilə nəticələnib. Rəsmi rəqəmlər də bunu deməyə əsas verir.
Statistika göstərir ki, ölkəyə idxal edilən avtomobillərin sayı azı 2 dəfə azalıb.
Dövlət Statistika Komitəsinin məlumatların yayılması şöbəsinin müdiri Rafael Süleymanov modern.az saytının sorğusuna cavab olaraq bildirib ki, minik avtomobilləri əsasən Almaniya, Yaponiya, Koreya, Çin, ABŞ, Rusiya, Türkiyə, Birləşmiş Krallıq və Tailanddan idxal olunub.
O, qeyd edib ki, xarici iqtisadi fəaliyyətin mal nomenklaturasında avtomobillərin markalar üzrə bölgüsü olmadığına görə onların qiymətləri barədə məlumat Dövlət Statistika Komitəsində mövcud deyil.
Rafael Süleymanov deyib ki, 2010-cu ildə ölkəyə 51 824, 2011-ci ildə 64 916, 2012-ci ildə 89 652, 2013-cü ildə 94 879, 2014-cü ildə isə 57 615 ədəd avtomobil idxal edilib. 2015-ci ilin statistikası isə hər il olduğu kimi ilin sonunda açıqlanacaq.
Yuxarıda da vurğulandığı kimi, bahalı avtomobillər yüksək vəzifəli məmurların sifarişi ilə Azərbaycana gətirilir. Aylıq maaşı ən yaxşı halda 1000-1500 manat olan vəzifəli şəxslərin 200-300 min AZN-dən başlayan avtomobilləri hansı pullar hesabına əldə etdiklərini bilmək isə çətin deyil. Bu, büdcə vəsaitlərinin talan edilməsi, müxtəlif rüşvət və korrupsiya əməliyyatları sayəsində çirkli pulların əldə olunması nəticəsində reallaşır.
Hələ bu harasıdır? Məmurların fantastik avtomobillər sifariş edib ölkəyə gətirməsi bir yana, onların və övladlarının həmin avtomobillərə aldıqları “zerkalnı” nömrələrin qiyməti bəzən həmin məmurların ən azı iki illik maaşına bərabər olur. “Unikal”ın araşdırmasına görə, sıfırla başlayan (005, 001, 009), cüt (200, 600, 900 və s.), güzgü effektli (101, 303, 505), eynirəqəmli (666, 111, 777) nömrələr məmurlar və onların övladları arasında çox populyardır. Bir sıra hallarda bu cür nömrələr 15-20 min manatdan başlayan qiymətlərə alınır, baxmayaraq ki, onların dövlət rüsumu bundan 10-15 dəfə az olur.
Bir sözlə, məmurların bahalı avtomobillərinə və həmin avtomobillərin “zerkalnı” nömrələrinə baxmaq kifayətdir ki, ölkədə büdcə vəsaitlərinin kimlərin cibinə yönəldiyini aydın görmək mümkün olsun.