backend

Lukaşenkodan Azərbaycana dəstək təklifi

Lukaşenkodan Azərbaycana dəstək təklifi




Belarus Azərbaycanın hansı maraqlarını Avrasiya İttifaqında təmin olunmasına kömək edə bilər?

noyabrın 28-də Minskdə Azərbaycan və Belarus arasında sənədlərin imzalanması mərasimindən sonra mətbuata bəyanatında deyib ki, prezident Əliyev deyib ki, mühüm sənədlər imzalanıb, onlar müxtəlif istiqamətlər üzrə gələcək inkişafımızı müəyyən edəcək:

“Prezidentlər tərəfindən Birgə Bəyannamə imzalanmasını xüsusi qeyd etmək istərdim. Bu Bəyannamə bizim həyat fəaliyyətimizin demək olar ki, bütün sahələrini əhatə edir”.

Dövlət başçısı qeyd edib ki, sənədlərdə Azərbaycan və Belarusun daim dəstəklədiyi beynəlxalq təşkilatlarda qarşılıqlı fəaliyyət barədə də danışılır: “İqtisadi, siyasi əməkdaşlıq, humanitar, sənaye istehsalı, hərbi-sənaye sahələrində əməkdaşlıqdan bəhs edilir. Bizim aramızda bütün bu istiqamətlər üzrə çox sıx münasibətlər, dostluğa, qardaşlığa, qarşılıqlı etimada əsaslanan münasibətlər yaranıb. Aleksandr Qriqoryeviçlə bu gün qeyd etdiyimiz kimi, biz bu münasibətləri illər boyu qurmuşuq. Bu gün həmin münasibətlərin səviyyəsi xalqlarımızın mənafelərinə uyğundur və bu münasibətləri strateji tərəfdaşlar arasındakı münasibətlər kimi səciyyələndirməyə imkan verir.

Biz həmişə bir-birimizi dəstəkləməyə çalışmışıq və bundan sonra da bizdən asılı olan nə varsa edəcəyik ki, Belarus və Azərbaycan daim bir-birinin dəstəyini hiss etsin. Beynəlxalq strukturlarda, iqtisadi kooperasiya çərçivəsində də bütün məsələlərdə bizim çox səmimi münasibətlərimiz var”.

Belarus prezidenti Aleksandr Lukaşenko da bildirib ki, tərəflər həm də bir sıra sənədlər, o cümlədən prezidentlərin Birgə Bəyannaməsini, Belarus ilə Azərbaycan arasında sosial-iqtisadi əməkdaşlıq haqqında müqaviləni, 2025-ci ilə qədər olan dövr üçün sosial-iqtisadi əməkdaşlıq proqramını imzalayıblar: “Prezident Əliyevin indicə dediyi kimi, biz həm də əməkdaşlığın yeni istiqamətlərini – informasiya texnologiyaları, nano-biotexnologiyalar sahəsində, hərbi-sənaye kompleksi, elmi tədqiqatlar sahəsində əməkdaşlıq istiqamətlərini müəyyən etdik.
Minsk ilə Bakı arasında həll edilməmiş və həll edilə bilməyən məsələlər yoxdur. Müzakirə üçün qapalı mövzular da yoxdur. Biz etibarlı strateji tərəfdaşlar olmuşuq və yenə də belədir. Bizim azərbaycanlı dostlarımız, Azərbaycandakı qardaşlarımız bilməlidirlər ki, biz Belarusda Azərbaycan üçün əlimizdən gələni edəcəyik. Bizim üçün çətin dövrlərdə sizin oynadığınız rolu, bizə etdiyiniz köməyi həmişə yadda saxlayacağıq. Biz qədirbilən xalqıq və bunu yaxşı xatırlayırıq. Lazım gələrsə biz də Azərbaycan xalqına eyni qaydada həmişə kömək edəcəyik”.
A.Lukaşenko onu da bəyan edib ki, əgər bu, Azərbaycanın xeyrinizə olarsa, Belarus Avrasiya İqtisadi İttifaqında Azərbaycanın maraqlarının təmin olunmasına səmimi və açıq kömək etməyə hazırdır.

Göründüyü kimi, Belarus prezidenti Azərbaycana sözügedən İttifaqda dəstək verməyə hazır olduğunu açıq bəyan edib. Bəs, Azərbaycan üçün Avrasiya İqtisadi İttifaqında hansı maraqlarının təmin olunması lazımdır və vacib hesab edilə bilər?

Politoloq Qabil Hüseynli öncə bildirdi ki, Avrasiya İqtisadi İttifaqının bütün mexanizmləri hələ işə düşməyib. O, hələ oturuşmuş, strukturlaşmış iqtisadi-siyasi təşkilat deyil. Bəlkə də gələcəkdə formalaşıb daha yetkin səviyyəyə çatacaq. Amma bu gün hələ ki, o təşkilatın bütün mexanizmləri işləmir: “Lakin hər halda bu təşkilat da beynəlxalq təşkilatlar sırasına daxildir. Azərbaycan köhnə sovet məkanına daxil olan ölkədir və bu gün məkan daxilində ölkəmizin həm iqtisadi, həm siyasi xarakterli maraqları var. Bu maraqların başında Azərbaycanın Dağlıq Qarabağla olan maraqları gəlir.

Məsələn, tutaq ki, Avropa Şurası bu günlərdə Sərsəng su anbarı ilə bağlı çox önəmli qətnamə qəbul elədi. Bu qətnamədə ermənilərin Sərsəngi işğal etdiyi və Azərbaycan xalqına qarşı ekoloji müharibə aparıldığı qeyd olundu, Ermənistan əsgərlərinin Sərsəng bölgəsindən çəkilməsini tələb etdi. İndi Sovet dövründə inşa edilmiş Sərsəngin infrastrukturunun işləməsinə nail olmaqdan söhbət gedə bilər. Avropa Şurası bunun üçün önəmli rıçaqlara malik deyil. Ona görə də bu məsələni Avrasiya İqtisadi İttifaqı vasitəsilə həyata keçirmək daha asan ola bilər.

Yəni, Sərsəng su anbarından gələn su ən azı Azərbaycanın aran Qarabağın 6-7 rayonunu su ilə təchiz edirdi. İndi Azərbaycanın həmin rayonları su sarıdan ciddi problemlər yaşayır. Odur ki, Belarusun bu məsələdə Avrasiya İqtisadi İttifaqı xətti ilə Azərbaycana dəstək olmasını, Ermənistana təsir etməsini Azərbaycanın maraqlarının müdafiəsi hesab edə bilərik.

Belarus prezidenti səmimi adamdır və başqa siyasətçilərdən fərqli olaraq göründüyü kimi olan adamdır. Onun Azərbaycanla bağlı fikirlərini səmimi saymaq olar”.

Politoloq daha bir problemlə bağlı Belarusun Azərbaycanın maraqlarından çıxış etməsinin və müsbət nəticə əldə etməyin mümkünlüyünü dedi: “Ermənilər vaxtaşırı olaraq işğal etdikləri Azərbaycan ərazilərində irimiqyaslı yanğınlar törədir. Bu yanğınlar fauna və floranı məhv etməklə yanaşı bəzən təmas xəttini keçərək ölkənin kənd təsərrüfatı rayonlarına sıçrayır, təsərrüfata ziyan vurur. Azərbaycan ərazilərinin yandırılması məsələsinə son qoyulmasına Avrasiya İqtisadi İttifaqı vasitəsilə Ermənistana təsir etməklə nail olmaq olar. Bu məsələni Belarus Azərbaycanın xahişi ilə qaldıra bilər. Avrasiya İqtisadi İttifaqında başqa maraqlarımızın da həyata keçməsi üçün iş aparıla bilər.

Məsələn, bu yaxınlarda Samur keçid məntəqəsində Azərbaycandan Rusiyaya gedən kənd təsərrüfatı mallarının keçirilməsi dayandırılmışdı. Belə vəziyyətin təkrarlanmaması üçün Belarus Avrasiya İqtisadi İttifaqında məsələ qaldıra bilər. Belarus prezidenti bu məsələdə Rusiya prezidentindən daha təkidlə xahiş və tələb edə bilər. Azərbaycan özü sözsüz ki, özü bu məsələlərlə bağlı Rusiya ilə danışıqlar aparır. Amma Avrasiya İttifaqının üzvü olan bir ölkə kimi Belarusun da bu məsələdə addımlar atması işin xeyirinə olar. Bir çox digər məsələlərdə də Belarus prezidentinin Rusiya prezidenti ilə münasibətlərindən, Belarusun Avrasiya İqtisadi İttifaqında üzvlüyündən yararlanmaq mümkündür”.