backend

Azərbaycanda kazinoların fəaliyyəti leqallaşsınmı?

Azərbaycanda kazinoların fəaliyyəti leqallaşsınmı?

Azərbaycanda kazinoların fəaliyyəti və ümumilikdə qumar oyunları qadağan olunsa da, son dövrlər paytaxtda qeyri-qanuni şəkildə fəaliyyət göstərən kazinoların sayı sürətlə artır.

Musavat.com-un əməkdaşlarının araşdırmaları nəticəsində paytaxtda onlarla kazinonun olması ortaya çıxıb. Belə ki, günün günorta çağı şəhərin mərkəzində açıq-aşkar kazinolar fəaliyyət göstərir. İddialar da var ki, bu kazinolar yüksək rütbəli bəzi məmurların himayəsindədir və əksəriyyətinin ciddi dövriyyəsi var.

Qeyd edək ki, əksər xarici ölkələrdə, əsasən də qonşu Gürcüstanda kazinoların fəaliyyəti leqaldır və bu, həmin ölkəyə turist axınının əsas səbəblərindən biridir.

Bəs, görəsən Azərbaycanda kazinoların fəaliyyətinin qanuni şəkildə bərpa edilməsinə ehtiyac varmı? Bu, ölkə iqtisadiyyatına, əsasən də turizmə hansısa tövhə verə bilərmi?

Mövzu ilə bağlı musavat.com-a açıqlama verən iqtisadçı ekspert Vüqar Bayramov bildirdi ki, bir sıra ölkələrdə kazinolar turizm sektorunun inkişafına təsir göstərsə, Azərbaycanda onların fəaliyyətinin bərpa edilməsi məqsədəuyğun deyil: “Digər tərəfdən, qiymət və keyfiyyətdə Azərbaycanın turzim xidmətlərini üstələyən Gürcüstanda kazinolar fəaliyyət göstərdiyindən bölgədə digər ölkələrin bu sahədə rəqabət qabiliyyətliliyi aşağıdır. Azərbaycanda kazinoların bərpasına ehtiyac yoxdur, bu, arzuolunan deyil. Turizmin inkişafı ilə bağlı kompleks tədbirlər həyata keçirilsə, kazinolar bərpa edilmədən də Azərbaycanda turizmi inkişaf etdirmək mümkündür. Kazino oyunu isə əslində qumarxanadır və düşünmürəm ki, bu yolla turizmi inkişaf etdirmək doğru addım olardı. Qumarxana olduğuna görə belə yerlərin fəaliyyət göstərməsi milli dəyərlərimiz baxımından qəbul edilən deyil”.

Ekspert onu da vurğuladı ki, kazinoların fəaliyyətinin bərpa edilməsi “çirkli pullar”ın yuyulmasına gətirib çıxara bilər: “Xüsusən də qeyri-qanuni yollarla pul qazanmış şəxslər həmin pullar rəsmiləşdirilən zaman onu məhz kazinoda udduqlarını göstərə bilərlər. Nəzərə alsaq ki, kazinolar bir sıra ölkələrdə həm də ona görə fəaliyyət göstərir ki, qanunsuz və çirkli yollarla qazanılan pulları yumaq mümkün olsun, o zaman bunun yaradacağı əks-effektləri proqnozlaşdırmaq çətin olmazdı. O baxımdan ölkəmizdə kazinoların fəaliyyət göstərməsi turizmin inkişafından daha çox, çirkli pulların yuyulması ilə müşayiət olunacaq. Gürcüstanda kazinolar fəaliyyət göstərir və belə oyunlarda maraqlı olan xarici turist məhz bu ölkəyə gələcək. Burada turizmin ucuz olması da ora daha çox turistin gəlməsinə təsir edir”.

Vüqar Bayramov vurğuladı ki, bu səbəbləri nəzərə alaraq, kazinolar olmadan da Azərbaycanda turizmi inkişaf etdirmək lazımdır: “Bu istiqamətdə kompleks tədbirlərin həyata keçirilməsi, turizmin inkişafı ilə bağlı liberallaşdırma və qiymətlərin tənzimlənməsi, dövlətin dəstək mexanizmlərinin işə salınması kimi addımlarla da ölkəmizdə kazinolar olmadan belə inkişaf etmiş turizm sektoruna malik olmaq mümkün olacaq. Sadəcə qeyd etdiyimiz kimi, bu sektorun sistemli şəkildə dəstəklənməsi həyata keçirilməlidir”.

Milli Məclisin İqtisadi Siyasət Komitəsinin üzvü Vahid Əhmədov isə bu məsələnin mübahisəli olduğunu qeyd etdi: “Bu kazinolarla əlaqədar həmişə müəyyən problemlər ortaya çıxır. Biz bu yaxınlarda reklam haqqında qanunu qəbul elədik. O zaman da lotoreya oyunları ilə əlaqədar, xüsusən də “Topaz”la əlaqədar çox ciddi mübahisələr ortaya çıxdı və təklif olundu ki, lotoreya oyunları ləğv olunsun. Çünki, bu oyunlar müəyyən qədər qeyri-qanuni əməllərlə həyata keçirilir. Lakin biz qanunda bu dəyişikliyi etmədik və lotoreyaları saxladıq”.

Məclis üzvü kazinoların turizm baxımından, cəlbedici olduğunu da qeyd etdi: “Ümumiyyətlər dünyada kazinolar geniş yayılıb və elə yerlər var ki, şəhər başdan ayağa kazinolardır, insanlar bu işlə məşğuldurlar. Dünya da kifatyət qədər varlı , vəsaiti olan insanlar var ki, kazino sahibidirlər. Əgər bu obyektlər qanun çərçivəsində fəaliyyət göstərəcəksə, əlbəttə ki, onu saxlamaq olar. Ancaq Azərbaycanda bizim mentalitetimiz bir qədər fərqlidir, kazinolar yaxşı qəbul olunmur. Ancaq biz Avropaya inteqrasiya edirik, ölkəyə turist axını genişlənir, turizm obyektləri böyüyür. Azərbaycanda da, şəhərin içində yox, hansısa regionda, turizm obyektləri olan yerlərdə belə kazinolar yaratmaq olar”.