backend

Gömrüyün «boz kardinalı» cinayət məsuliyyətinə cəlb edilə bilər

Gömrüyün «boz kardinalı» cinayət məsuliyyətinə cəlb edilə bilər
DGK-nın sədr müavini Səfər Mehdiyev 70-ə yaxın qohumunu bu sahədə ayrı-ayrı vəzifələrə yerləşdirib Generalın qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmasına dair ilginc iddialar var Bakı şəhəri, Nərimanov rayonu Həsən Əliyev küçəsi, 78a, mənzil 4-də yaşayan Hidayət Hüseyn oğlu Hüseynli Dövlət Gömrük Komitəsi (DGK) sədrinin birinci müavini, gömrük general-leytenantı Səfər Mehdiyevdən bir sıra dövlət qurumlarına şikayət edib. Bu barədə H.Hüseynlidən daxil olan şikayət məktubunda deyilir. O yazır ki, 1993-cü ildən YAP-ın üzvüdür: “1991-ci ildə mərhum prezident Heydər Əliyevin Nehrəm seçki dairəsindən Azərbaycan SSR Ali Sovetinə deputat seçilməsi üçün yüksək siyasi fəallıq göstərmişəm. Nehrəmdə YAP-ın ərazi təşkliatının yaranmasının təşəbbüskarı və ilk sədri olmuşam. 1997-ci ildə Bakıya köçdüyüm üçün Nehrəm təşkliatının sədri vəzifəsindən çıxarılmışam. Ali təhsilli mühəndisəm, heç yerdə işləmirəm». YAP-ın veteranı bildirir ki, etdiyi şikayətlərə görə, gömrük xidmətində işləyən oğlu Hüseyn Hüseynli və Astara gömrük idarəsinin rəisinin sürücüsü işləyən qardaşı Kazım Hüseynov Səfər Mehdiyevin göstərişi ilə işdən çıxarılıb: “Ancaq sonradan qardaşım işə qaytarıldı. Səfər Mehdiyev öz qohum-əqrabasını gömrük xidmətinə doldurub, qısa müddət ərzində onlara kapitan, mayor, polkovnik rütbəsi verdirib. Bacısının 3 kürəkəni, bacısı oğlu, qayınatası, bacanaqları, bibisi və dayısı uşaqları, bir sözlə, 70-ə yaxın qohumu gömrük xidmətində işləyirlər. Bunlar guya işə testlə qəbul ediliblər, ancaq heç vurma cədvəlini də bilmirlər. Şikayətlərim obyektiv yoxlanılsa, Səfər Mehdiyev cinayət məsuliyyətinə cəlb olunmalıdır. Əgər şikayətim təsdiqini tapmasa, məsuliyyət daşımağa hazıram. Səfər Mehdiyev və qohumları dövlət büdcəsini talamaq hesabına çoxsaylı villa və bahalı avtomobillərə sahib olublar. Bundan başqa, general qanunsuz sahibkarlıq fəaliyyətlə məşğuldur və bəzi malların monopoliyası onun nəzarətindədir». Şikayətçi daha sonra bildirir ki, gömrük xidmətində işə qəbulu qeyri-rəsmi olaraq Səfər Mehdiyevin qayınatası Qulu Tarquluyev həyata keçirir: “Qulu Tarquliyev 1990-1995-ci illərdə Naxçıvan MR Ali Sovetinin deputatı olub və qatı müxalifətçi kimi tanınıb. İndi gömrük xidmətin əsas simalarındandır. Ümumiyyətlə, Tarquluyev soyadı gömrükdə məşhur soyaddır. Bu soyadın daşıyıcıları gömrük xidmətində xüsusi imtiyaz sahibidirlər». H.Hüseynli yazır ki, məsələ ilə bağlı Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyevin qəbuluna düşə bilmir: «Ona göndərdiyim şikayət məktublarına cavab verilmir. 11.12.2013-cü il tarixdə və ondan sonra bir neçə dəfə ərizə ilə müraciət edərək məni qəbul etməsini xahiş etmişəm. Səfər Mehdiyevin göstərişi ilə DGK növbətçi hissənin rəisi Əjdər Abdullayev öz işçiləri Ələkbər Sultanov, Fərid Hacıyev, Namiq Bağırov vasitəsi ilə mənə təzyiq edirlər». Şikayətçi məsələ ilə bağlı müxtəlif instansiyalara şikayət etsə də, araşdırılmamış qalıb. Yazıda adı qeyd olunan bütün şəxslərin cavab haqqını tanıyırıq. Gundelik-baku.com