backend

Manatın növbəti «ölümü» bayramdan sonraya qalıb

Manatın növbəti «ölümü» bayramdan sonraya qalıb
Mərkəzi Bank ümidini Novruz ərəfəsində ölkəyə gələcək iranlı turistlərə bağlayıb

Məlum olduğu kimi, son günlər manat yenidən ucuzlaşaraq, dəyər itirməyə başlayıb. Politika.Az xəbər verir ki, 21 dekabrdan sonra 11 qəpikdən daha çox ucuzlaşan manatın yaxın günlərdə yenidən devalivasiyaya uğrayacağı xəbərləri yayılıb. Bunun nə qədər real olacağı məlum olmasa da, real bazardakı durum kritik məqamlardan xəbər verir.

Qeyd edək ki, manatın növğəii devalivasiyasının olacağı artıq yayğın fikir şəklindədir. Əhali baş verənlərdən ciddi narahatdır, Mərkəzi Bank isə tutarlı addımlar atmaq gücünü çoxdan itirib. Son bir həftə içində manatın dollar qarşısında 10 qəpiyə qədər ucuzlaşması, AMB-nin satışa zəruri qədər dollar çıxara bilməməsi ajiotaja səbəb olub. Nəticədə, daxili bazarda xaos yaşanır.

Hökumətin hansı tədbirlər gördüyü, zəruri addımlar atdığı məlum deyil. Rəsmi dairələr sadəcə, onu bəyan edirlər ki, növbəti devalivasiya olmayacaq. Lakin bu inandırıcı görünmür. Ona görə ki, prosesin başladığı artıq müşahidə edilir. Üstəlik, manata olan güvənsizlik artıq insanlarda dollara olan marağı artırıb. Və bu artım o həddə çatıb ki, banklar belə nə edəcəklərini bilmirlər.

Politika.az-a daxil olan məlumatlardan isə belə anlaşılır ki, hökumət əhaliyə güzəştə gedib, daha artıq pul xərcləməklə manatı birtəhər qoruyub saxlamaq fikrindədir. Daha doğrusu, bu proses martın sonlarına qədər davam edəcək və aprel ayında növbəti devalivasiyanın olacağı gözlənilir. Bəzi ekspertlərə görə, üçüncü devalivasiya da sərt olacaq və kəskinliyi ilə digər ikisindən fərqlənməyəcək. Hətta bəziləri belə düşünürlər ki, 1 dollar 2 manat həddinə qədər yüksələcək.

Amma bəzi ekspertlər o düşüncədədirlər ki, növbəti devalivasiya elə də sərt olmayacaq. Və hökumətin bu dəfə 5-7 faizlik bir qiymətdən düşürmə siyasəti yürüdücəyi gözləntiləri var.

Bu əsnada, Mərkəzi Bankın bəzi mütəxəssisləri sözün həqiqi mənasında «evrika» üzərində işləyirlər. Daha doğrusu, onlar Novruz Bayramı ərəfəsində Azərbaycana xeyli sayda turistin gələcəyini düşünür və onların külli miqdarda dollar gətirərək, xərcləyəcəyinə ümid bəsləyirlər. Bank mütəxəssislərinin rəyinə görə, bayram dövründə ciblərdə ölkəyə girəcək dolların həcmi 100 milyon dollara yaxın ola bilər.

Politika.Az xəbər verir ki, Novruz Bayramında Azərbaycana səfər edən turistlərin əsas ağırlığı İranın üzərinə düşür. Bu il də onların sayının az olmayacağı şübhəsizdir. Lakin bu o həddə olmayacaq ki, iranlılar Bakıda 100 milyon dollar xərcləsinlər. Onların ümumi xərclərinin 15-25 milyon dollar arasında dəyişə biləcəyi daha real görünür.

Bayramda ölkəyə təşrif buyuranların böyük qismini isə Rusiyada yaşayan azərbaycanlılar təşkil edirlər ki, bu il onların gələcəyi sual altındadır. Ona görə ki, maddi imkanları artıq əvvəlki səviyyədə olmayan həmvətənlərimiz daha çox öz ailələrinə 100-200 dollar göndərməklə bayramlarını keçirmələrinə çalışacaqlar. Nəinki 1000 dollar xərcləyib Azərbaycana gəlmək istəyəcəklər.