backend

Füzulinin icra başçısının özünəvurğunluq bəlası

Füzulinin icra başçısının özünəvurğunluq bəlası

Alı Alıyev yazdıqlarımızdan qorxub balaca saytlara özü barəsində «böyük» məqalələr yerləşdirib

Ötən gün Füzuli rayonuda baş verən özbaşınalıqlar, habelə icra başçısının çıxdığı oyunlar, etiraz aksiyaları təşkil edərək, rəqiblərini sıradan çıxarması, o cümlədən müavinləri ilə ortaq şəkildə bir sıra qanunsuzluqlara yol verdiyi barədə Politika.Az-da məlumat verilmişdi.

Araşdırmalar zamanı maraqlı bir məlumat da ortaya çıxmışdı. Məlum olmuşdu ki, Füzulinin icra başçısı Alı Alıyevə arxalanan və güvənən birinci müavin Bağır Aslanov rayonda həqiqətən at oynadır. Və bu «at oynatma» prosesi o qədər irəli gedib ki, birinci müavinin bacısı oğlu heç kimdən çəkinmədən Füzuli Polis Şöbəsinin DYP Bölməsinin rəisini döyərək, xəstəxanalıq edib.

İstər Bağır Aslanov, istərsə də onun bacısı oğlunun bu qədər cəsarəti haradan aldığı hələlik tam məlum deyil. Düzdür, istər müavin, istərsə də bacısı oğlu icra başçısı Alı Alıyevə həddən ziyadə güvənirlər. Amma bu cəsarətdən də savayı, özbaşınalıqdır.

Politika.az xəbər verir ki, Füzuli rayonunda həqiqətən də dözülməz vəziyyət yaşanır. Bunun bariz nümunəsi olaraq ötən gün hazırladığımız reportajı göstərmək olar. Amma bu da son deyil və rayonda baş verən özbaşınalıqlarla bağlı araşdırmalarımız davam edir. Yaxın günlərdə daha maraqlı növbəti reportajımızla oxucuları tanış edəcəyik. Həmçinin Aslanovun çiçəyi burnundakı bacısı oğlunun törətdiyi əməlin təfsilatını da diqqətinizə çatdıracağıq.

Bu əsnada maraqlı bir məqamı da diqqətinizə çatdıraq. Bildirək ki, Alı Alıyevlə bağlı saytımızda gedən anonsdan sonra Alı Alıyev ciddi narahat olaraq, təcili adamlarını kiçik saytların yanına göndərərək, elə kiçik bəxşişlər hesabına özü haqqında yazılar yazdırıb. Dəqiqləşdirmələrimizə görə, anonslarda qeyd olunan fikirlərdən qorxuya düşən icra başçısı həmin saytlarda özü barəsində müsbət obraz yaratmağa çalışıb.

Təbii ki, bu, Alı Alıyevin müstəsna haqqıdır. O istənilən saytla əməkdaşlıq edib, özü barəsində «bəh-bəh»li yazılar yazdıra bilər. Lakin ortada bir gerçək var. Bu gün Füzuli rayonunda əhalinin durumu vahiməli şəkildədir. Məmur özbaşınalığı, icra başçısının yarıtmaz fəaliyyəti də göz qabağındadır. Belə davam edərsə, rayonda növbəti yanvar olaylarının yaşanması qaçılmaza çevriləcək. Çünki camaat daha əvvəlki kimi idarə olunmaq və yaşamaq istəmir. Onlar iş və bir qarın çörək istəyirlər ki, bu da Alıyev onlara verə bilmir və ya verə biləcək gücdə deyil.

Bu səbəbdən də Alıyev cənablarına tövsiyyə edirik ki, mənasız işlərlə, kiçik saytlarla əməkdaşlıqlardansa, orada özü haqqında yalandan müsbət rəy yaratmaqdansa, rayonun camaatının problemləri ilə məşğul olsun. Belə olarsa, icra başçısı kimi daha faydalı biri kimi ad çıxarmış olacaq. Əks təqdirdə, necə varsa, elə də qalacaq. Tək qalmayacaq şey isə problemlərin bir yerdə mıxlanmasıdır. Çünki problemlər şişdikcə etirazlar da artacaq. Etirazlar artdıqda aqressiya da çoxalacaq. Aqressiya çoxaldıqca isə əhali artıq küçələrdən çəkilməyəcək. O zaman kimin aqibətinin necə olacağı çox maraqlıdır.
qaynarxett.az