backend

Əsl vətəndaş vətənə, dövlətə gərəkli fəaliyyəti ilə xidmət edəndir

Əsl vətəndaş vətənə, dövlətə gərəkli fəaliyyəti ilə xidmət edəndir
AZƏRBAYCAN xalqı gələcəyımiz olan gənc nəslin vətənə məhəbbət, xalqa elinə və obasına hörmət, soykökünə, öz ata-babalarının ənənələrinə sədaqət ruhunda tərbiyə olunmasına həmişə böyük məsuliyyətlə yanaşıb və ona həyatı əhəmiyyətli məsələ kimi baxıb. Bu bir həqiqətdir ki, vətənpərvərlik insanda fədakarlıq, qəhrəmanlıq və məğlubedilməzlık hissi yaradır, apardığı mübarizədə onda inam hissini gücləndirir. Vətənpərvərlik qəhrəmanlığın əsasını qoyan amildir. Biz şanlı tariximizlə, əfsanəvi qəhrəmanlarımızla həmişə fəxr edirik. Cavanşır, Babək, Şah İsmayıl Xətai, Səmədağa Mehmandarov, Əliağa Şıxlinski, Cəmşid bəy Naxçıvanski, Həzi Aslanov, İsrafil Məmmədov, Mehdi Hüseynzadə kimi igid və cəsur sərkədələrimizin şəxsi nümunəsi bizə əsas verir deyək ki, Azərbaycan xalqı qəhrəman xalqdır. Və bu xalq öz vətənini göz bəbəyi kimi qorumağa hazır olan mətin gənclər yetirib. Erməni qəsbkarlarına qarşı ölüm-dirim savaşında həlak olmuş qəhrəmanlarımızın ibrətamiz həyatı, şəxsi nümunəsi apardığımız hərbi vətənpərvərlik tərbiyəsi işində ön plana keçməlidir. Yaxın keçmişin acı təcrübəsi bir də onu sübut etdi ki, müstəmləkə siyasətinə xidmət edən, əslində Azərbaycan xalqına müsibətlər gətirən beynəlmiləlçılık tərbiyəsi sən demə genosid planının və antitürk siyasətinin tərkib hissəsi imiş. Rus imperiyası işi qəsdən elə qurmuşdu ki, xalq öz soykökündən, qəhrəmanlıq tarixindən, adət-ənənələrindən uzaq düşsün. Respublikamızın ümumtəhsil, orta ixtisas və ali məktəblərində tədris olunan təbiət və cəmiyyət elmlərinin, humanitar fənlərin, ümumilikdə bütün fənlərin gənclərdə hərbi-vətənpərvərlik hissləri aşılamaq üçün çox böyük imkanları vardır. Gənclərdə hərbi-vətənpərvərlik tərbiyəsini o zaman daha yaxşı aşılamaq mümükündür ki, orta məktəbin X-XI siniflərində oxuyan şagirdlərə və alı məktəbdə təhsil alan tələbə-gənclərə ayrı-ayrı fənləri və ixtisas kurslarını tədris edərkən hərbi məzmunlu biliklər də verilsin. Keçmiş Sovetlər birliyi dövründə mövcud dərsliklərdə, dərs vəsaitlərində və metodik ədəbiyyatda hərbivətənpərvərlik hissləri aşılayan məlumatlar və hərbi məzmunlu biliklər məxfilik üzündən verilmirdi. Əslində bu şüurlu surətdə edilirdi ki, gənclər vətənpərvərlik duyğularından məhrum olsunlar, vətənin müdafiəsi üçün lazımi bilikləri almasınlar. Artıq bu gün müstəqil Respublikamızın inkişafı ilk növbədə böyüyən nəslin təlim-tərbiyə işinin düzgün təşkilindən, vətəndaşlıq hazırlığından asılıdır. Uşaqların bir vətəndaş kimi böyüməsində ailənin, cəmiyyətin-ümumilikdə mühitin rolu böyükdür. Uşaqlar bir insan kimi, vətəndaş kimi ilk tərbiyəni ailədən alır. Burada onlar əxlaqi-mənəvi keyfiyyətləri, fiziki möhkəmliyi, əmək vərdişlərini, davranış qaydalarını, bədii-estetik duyumu və s. kimi keyfiyyətləri qazanır. Tərbiyənin əsas məqsədi kamil şəxsiyyət-insan-vətəndaş yetişdirməkdir. Vətəndaş tərbiyə etmək-mənsub olduğu dövlətin inkişafına çalışan, mənafeyini gözləyən, onun təhlükəsizliyi üçün məsuliyyət daşıyan, dövlətin cari və perespektiv işlərində iştirak edən, insan yetişdirmək deməkdir. İnsan fərd kimi doğulub, vətəndaş kimi fəaliyyət göstərərək tərbiyə-təhsil prosesində, əmək prosesində vətəndaş hazırlığı keçir. Əsl vətəndaş dedikdə, bilavasitə vətənə, dövlətə gərəkli fəaliyyəti ilə xidmət edən, böyük mənəvi keyfiyyətlərə malik olan insan nəzərdə tutulur. Vətəndaşlıq tərbiyəsinin mənbəyi ailədir. Təcrübə göstərir ki, ailədə vətəndaşlıq tərbiyəsi yalnız özbaşına axınla korkoranə deyil, planlı, sistemli, məqsədli şəkildə təşkil olunmalıdır. Uşaqların vətənaşlıq təriyəsi dedikdə, yüksək əxlaqi, mənəvi keyfiyyətlərə yiyələnmə və şəxsiyyət kimi yetişmə nəzərdə tutulur. Onlar davranış qaydalarını, nizam-intizamı, savadlı olmağı, vətəninin tarixini, coğrafiyasını, mədəniyyətini, milli adət- ənənələrini bilməlı, vətəni sevməlıdirlər. Uşaqlar ideyaca savadlı olmalı, işə şüurlu yanaşmalı, məsuliyyətli, vicdanlı, mübariz olmalı, pis niyyətlə, əliəyriliklərlə barışmamalıdır. Mənəviyyat tərbiyəsini qiymətləndirmək üçün uşaqlarda yaxşını pisdən ayırmaq, həqiqətə, ədalətə, insanlara-böyüklərə, ailə üzvlərinə hörmət etmək kimi insani keyfiyyətlər aşılanmalıdır. Onların davranış xüsusiyyətlərini uyğun qiymətləndirməli, yaxşı davranış və qarşılıqlı əlaqə təmin olunmalıdır. Azərbaycan Respublikasında hüquqi, demokratik dövlət quruculuğu inkişaf etdikcə vətənpərvərlik tərbiyəsinə, o cümlədən böyüməkdə olan nəslin hərbivətənpərvərlik tərbiyəsinə xüsusi diqqət yetirilməlidir. Böyük Atatürk deyirdi ki, sülh istəyən xalq hərbə hazır olmalıdır. Bu çox dəyərli kəlamdır. Azərbaycan xalqı müharibəni arzulamır, həmişə sülhün, əmin-amanlığın tərəfdarı olmuşdur. Hərbi – vətənpərvərlik tərbiyəsini sadəcə olaraq quru sözlərlə, nəsihətlərlə də məhdudlaşdırmaq olmaz. Bu sahədə məqsədəuyğun müvəffəqiyyət əldə etmək üçün məktəblərlə yanaşı kitabxana da hər şeydən əvvəl öz işini düzgün planlaşdırmalı, il ərzində görəcəyi işləri müəyyənləşdirməlidir. burada tədbirlər arasında yaradılacaq əlaqə nəzərə alınmalı, işin təşkili əsaslandırılmalıdır.
Qeyd edək ki, orta məktəblərin təhsil sistemi çağırış yaşı hələ çatmamış gənclərə ibtidai hərbi hazırlıq keçilməsini, onların fiziki cəhətdən möhkəmliyini təmin etməyi, onları orduda xidmətə hazırlamağı tələb edir. Bu cəhətdən də indiki şəraitdə çağırışa qədərki məktəbli gənclərin hərbi-vətənpərvərlik tərbiyəsi böyük əhəmiyyət kəsb edir. Bu məqsədə nail olmaq üçün məktəb və ailə uşaqlarda vətənə, xalqa, məhəbbət tərbiyə etməli, onlarda vətən qarşısında şərəf və borc hissini qüvvətləndirməlidir. Son dövrlər qabaqcıl məktəblərimizdə şagirdlərin hərbi-vətənpərvərlik tərbiyəsinə diqqət xeyli artırılıb. Hərbi-vətənpərvərlik tərbiyəsinin faktlar və zəngin əyani vasitələr əsasında aparılması tərbiyə işinin bu mühüm sahəsi üzrə maraqlı forma və üsullar meydana çıxarıb. Bir çox məktəblərdə "Döyüş şöhrəti" muzeyləri, guşələr yaradılır, məktəblərdə fəaliyyət göstərən dərnəklərdə Qarabağ müharibəsində iştirak etmiş qəhrəmanların xatirələrini əbədiləşdirmək üçün geniş işlər aparılır. Məktəblərlə hərbi hissələr arasında əlaqələrin yaradılması təmin edilir. Bu sahədə məktəblərimizdə toplanmış qabaqcıl təcrübə hərbi-vətənpərvərlik tərbiyəsini daha məzmunlu və məqsədəuyğun şəkildə aparmağa imkan verir. Pedaqoji kollektiv hərbi-vətənpərvərlik tərbiyəsinin bu forma və üsullarından istifadə etməklə ona nail olmağa çalışır ki, şagirdlərdə vətənə məhəbbət hissi daha da qüvvətlənsin, həqiqi vətənpərvərliyin məzmununu onlar düzgün dərk edə bilsin, vətəni müdafiə etməyi, onun şərəfini qorumağı özünün xalq qarşısında şərəfli vəzifəsi hesab etsin. Uşaqlara izah etmək lazımdır ki, Azərbaycan Silahlı Qüvvələri əsl mənada xalqın özüdür, gənclərin minlərlə igid və mərd nümayəndələrini öz sıralarında birləşdirən sarsılmaz qüvvədir. Ona görə də bütün xalq öz ordusu ilə fəxr edir, onu yüksək məhəbbət hissi ilə sevir. Xalqın alovlu məhəbbəti, hörməti və qayğısı isə əsgərlərin qəlbini oxşayır, onları ruhlandırır. Qəhrəmanların həyatı, qəhrəmanlıqları haqqında söhbətlər məktəblilərdə vətənə məhəbbət, dəyanət, qəhrəmanlıq, möhkəm yoldaşlıq, dostluq, sədaqət və başqa nəcib xüsusiyyətləri tərbiyə etməyə kömək edir. Həyatda hər şeydən əziz olan ana vətənlə bağlı hər bir tapşırıq onun gənc övladları üçün ən şərəfli və ülvi bir vəzifədir. Şagirdlərə məhz bu amillər izah olunmalıdır.