backend

Bakı Humanitar Kollecində peşəkar kadrların hazırlığı istiqamətində uğurlu addımlar atılır

Bakı Humanitar Kollecində  peşəkar kadrların hazırlığı istiqamətində uğurlu addımlar atılır
qaynarxett.az-nun xüsusi müxbiri İradə Nazimqızı bu günlərdə Bakı Humanitar Kollecində olmuş, burada yeni nəslin milli və mənəvi ruhda böyüməsi üçün təhsil müəssisəsində yaradılan şəraitlə yaxından tanış olmuşdur. Qeyd edək ki, gənclərimizin hərtərəfli böyüməsində təhsil ocaqlarının payı az deyil. Daima öz yenilikləri və peşəkar kadrların hazırlığı istiqamətində uğurlu fəaliyyəti ilə seçilən bu təhsil müəssisəsi də məhz belələrindəndir. Biz kollecin direktoru İlqar Mahmudov ilə həmsöhbət olduq. İlqar müəllim bildirdi ki, burada tələbələrin milli və mənəvi cəhətdən hərtərəfli böyümələri üçün bütün şərait yaradılır. Kollecdə olan bütün ixtisaslar üzrə kadr hazırlığı günün tələbləri səviyyəsində həyata keçirilir.
İlqar müəllim “Son dövrlər yeni nəsildə xüsusi ilə tələbələrdə mütaliəyə maraq çox azdır. Bu həvəssizliyin yaranmasına səbəb nədir?” sualımıza belə cavab verdi:
“Mütaliəyə marağın azlığının müxtəlif səbəbləri vardır. Birincisi informasiya texnologiyalarından daha çox istifadə, ikincisi mobil telefonlara hədindən artıq meyllilik, internetdən asan vasitə kimi istifadə etmək və s. Yaxşı olar ki, tələbələr, gənclər milli və mənəvi cəhətdən formalaşmaq üçün çoxlu kitablar oxusunlar. İnternet heç zaman kitabdan artıq ola bilməz. İnternet də lazımdı amma...Gənclərimiz çalışsınlar bizə yad olan yabanı məsələlərdən uzaq olsunlar. Kitab oxusunlar, nitqlərini inkişaf etdirsinlər, dahi söz sərraflarının müsbət qəhrəmanlarını özlərinə örnək seçsinlər”.
Sonra İlqar müəllim kollecin yaranma tarixindən və cəmiyyətimizə verdiyi töhvələrdən bəhs etdi. O, bildirdi ki, kollecin əvvəlki adı Bakı Mədəni-Maarif Texnikumu olmuş və 16 iyun 2010-cu ildən Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsasən Bakı Humanitar Kolleci adı ilə adlandırılmışdır.
Hazırda kollecdə Texnologiya müəllimliyi, Musiqi müəllimliyi, Təsviri incəsənət müəllimliyi, İbtidai sinif müəllimliyi, Ailə və ev təhsili, Məktəbəqədər təlim və tərbiyə, Kitabxana-informasiya təminatı, Muzey işi və abidələrin mühafizəsi, İnstrumental ifaçılıq (fortepiano, skripka), Xanəndəlik, Musiqi nəzəriyyəsi, Xalq çalğı alətləri ifaçılığı (tar, kamança, qarmon, qanun), Dekorativ tətbiqi incəsənət və xalq sənəti, Bədii yaradıcılıq işi, Turist, mehmanxana təsərrüfatının təşkili və idarə edilməsi ixtisasları üzrə mütəxəssislər hazırlanır.
Kollecə ümumi orta və tam orta təhsil bazasından tələbə qəbulunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyası aparır.
Tələbələrin fənnləri daha dərindən öyrənilməsi üçün fənn kabinetlərinin nəzdində müxtəlif dərnəklər fəaliyyət göstərir. Dərnək üzvləri əyani vəsaitlərin, müxtəlif guşələrin tərtibində iştirak edir, məruzə, referatlar yazırlar. Bunlardan əlavə məktəbdə 15 dərs otağı, idman zalı, mədəni-kütləvi tədbirlər keçirmək üçün akt zalı, böyük kitab fondu olan kitabxana, metodkabinet və s. yardımçı otaqlar da fəaliyyət göstərir.
Kollecin maddi-texniki bazasını möhkəmləndirmək üçün fənn kabinetləri, əyani vəsait və tablolarla təchiz edilmişdir. İctimai iaşəni yaxşılaşdırmaq məqsədilə məktəbdə yeməkxana işləyir. Dövrün tələblərinə uyğun olaraq məktəbdə kompüterlərlə tam təmin olunmuş kompüter otağı təşkil olunmuş və beynəlxalq şəbəkəyə internete qoşulmuşdur.
Tədrisin keyfiyyətini yaxşılaşdırmaq və təkmilləşdirmək, ümumdünya standartlarına yaxınlaşdırmaq üçün dərs zamanı kompüterlərdən geniş istifadə olunur. Kollecdə hərtərəfli təchizatlı “Heydər Əliyev” otağında “Heydər Əliyev məktəbi” dərslərinin keçirilməsi tələbələrin milli vətənpərvərlik, dövlətçilik ruhunda tərbiyyə olunmasında xüsusi əhəmiyyət kəsb edir.
Kollec əldə olunan nailiyyətlərlə kifayətlənmir. Yeni tədris proqramları təhsilin ümumdünya standartlarına yaxınlaşmasına xidmət edir. Son nəticədə məqsədimizin xarici ölkə klinikalarında səmərəli fəaliyyətinə şərait yaratmaqdır.
Bakı Humanitar Kollecin pedoqoji kollektivi təhsil islahatından və təhsil qanunundan irəli gələn və dünya təhsilinə inteqrasiyanı önəmli sayaraq yeni təhsil texnologiyalarının tətbiqi yeni təlim üsulları ilə kadr hazırlığını və kollecin inkişaf perspektivini qarşıya əsas meyar kimi qoymuşdur.
Sonda İlqar müəllim, tələbələrə tövsiyyə də etdi: “internetdən səmərəli istifadə edin və daha çox əsərlər oxuyun. Oxuyun ki, kamil və aqil insanlar olasınız. Mütailə edin ki, savadınızla başqalarına örnək olasınız. Unutmayın milli və mənəvi tərbiyəyə aparan yol kitabdan keçir. Çalışın rəfiniz kitabla dolu olsun!”