backend

Təhsil ocağının direktoru kollecdəki nöqsanlara göz yumur

Təhsil ocağının direktoru kollecdəki nöqsanlara göz yumur

Şəki Tibb Kollecində problemlər dizə çıxıb


















Ölkənin təhsil sistemində islahatların aparılmasına baxmayaraq, bu sahədəki mövcud problemlər çözümünü tapa bilmir. Təhsil sahəsi elə bir sahədir ki, bütün sahələr bundan asılıdır. Təhsilsiz cəmiyyətin gələcəyi yoxdur. Ona görə də təhsil sferasında lazımi tədbirlər görülməli və bu sahədə mövcud nöqsanların aradan qaldırılması istiqamətində müəyyən işlər həyata keçirilməlidir. Bu gün istər paytaxtdakı təhsil ocaqları olsun, istərsə də regionlardakı təhsil müəssisələrində vəziyyət getdikcə pisləşir. Xüsusilə də bölgələrdə keyfiyyətli təhsildən əsər-əlamət qalmayıb. Elə buna görədir ki, regionlarda təhsil alan tələbələr sonradan yetərli savada malik ola bilmirlər. Nəticədə də gələcək karyeralarını qurmaqda çətinlik çəkirlər. Belə təhsil ocaqlarından biri də Şəki Tibb Kollecidir. Sözügedən təhsil ocağıyla bağlı redaksiyamıza xoşagəlməz informasiyalar daxil olur.

Kollecin direktoru Elmira Hacıyevadır və onun tabeliyində olan təhsil müəssisəsində 350-yə yaxın gənc təhsil alır. Verilən məlumata görə, direktor Şəki Tibb Kollecinə Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən aparılan müsabiqədən kənar tələbə qəbul edir. Etibarlı mənbələrin verdiyi məlumata görə, kollecin direktoru müsabiqədən kənar qəbul olunan tələbələrdən yüksək miqdarda şirinlik alıb. Bundan başqa imtahanlar zamanı da tələbələrə qiymət nəyinsə müqabilində yazılır.

Bundan başqa sözügedən təhsil ocağına büdcədən vəsait ayrılsa da, direktor ayrılan vəsaiti lazımi yerlərə sərf etmir. Kollecin özünün təmirə ehtiyacı olduğu halda, kollecdə təmir aparılmır. Təhsil ocağının direktoru kollecin problemlərini həll etmir. Bundan başqa bizə verilən məlumata görə, kollecdə əməlli-başlı özbaşınalıq yaşanır. Tələbələrin dərsə davamiyyəti normal deyil. Dərslərdə istədikləri vaxt iştirak edirlər, istədikləri vaxt iştirak etmirlər. Tələbələrin dərslərdə iştirak etməməsi müəllimlərin də dərslərə iştirakına mənfi təsir göstərir. Demək olar ki, müəllimlər dərslərə vaxtlı-vaxtında gəlmədiyindən tələbələrin dərsləri boş keçir. Ona görə də təhsilin keyfiyyətindən söhbət belə gedə bilməz. Şəki Tibb Kollecində təhsilin, eyni zamanda təlim-tərbiyənin səviyyəsinin qənaətbəxş olmadığını dilə gətirən adının çəkilməsini istəməyən tələbələrdən birinin sözlərinə görə, kollecdə normal dərs deyən cəmi 5-10 müəllim var: "Yalnız həmin müəllimlər pedaqoq kimi öz peşələrinə layiqincə xidmət edir, vəzifələrini tam şəkildə, qüsursuz formada yerinə yetirməyə çalışırlar. Qalanları isə ancaq nə yolla olursa-olsun, tələbələrdən əlavə qazanc çıxarmağı düşünürlər. Elə buna görə də, hazırda kollecdə təhsilin səviyyəsi heç də ürəkaçan deyil.

Direktorun rəhbərliyi altında burada bir sıra qanunsuz əməllərə, özbaşınalığa yol verilir. Görünür, Elmira Hacıyevanın yuxarı orqanlarda adamları var. Əks halda rəhbərlik etdiyi təhsil müəssisəsində yol verdikləri nöqsanlara görə cəzalanardı.


Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.


P.S. Əli İnsanov tutulanda "qızıl xəncər”in sahibini axtarmadılar.