backend

Bakı 1 saylı Tibb Kollecində kadr hazırlığı günün tələbləri səviyyəsindədir

Bakı 1 saylı Tibb Kollecində  kadr hazırlığı günün tələbləri səviyyəsindədir
Burada peşəkar kadrların hazırlığı istiqamətində uğurlu addımlar atılır

Əməkdaşımız bu günlərdə Bakı 1 saylı Baza Tibb Kollecində olmuş, burada yeni nəslin milli və mənəvi ruhda böyüməsi üçün təhsil müəssisəsində yaradılan şəraitlə yaxından tanış olmuşdur. Qeyd edək ki, gənclərimizin hərtərəfli böyüməsində təhsil ocaqlarının payı az deyil. Daima öz yenilikləri və peşəkar kadrların hazırlığı istiqamətində uğurlu fəaliyyəti ilə seçilən bu təhsil müəssisəsi də məhz belələrindəndir. Biz kollecin direktoru Nəriman Mövsümovla həmsöhbət olduq. Nəriman müəllim bildirdi ki, burada tələbələrin milli və mənəvi cəhətdən hərtərəfli böyümələri üçün bütün şərait yaradılır.Kollecdə olan bütün ixtisaslar üzrə kadr hazırlığı günün tələbləri səviyyəsində həyata keçirilir.


Nəriman Mövsümov “Son dövrlər yeni nəsildə xüsusi ilə tələbələrdə mütaliəyə maraq çox azdır. Bu həvəssizliyin yaranmasına səbəb nədir?” sualımıza belə cavab verdi:
“Mütaliəyə marağın azlığının müxtəlif səbəbləri vardır. Birincisi informasiya texnologiyalarından daha çox istifadə, ikincisi mobil telefonlara hədindən artıq meyllilik, internetdən asan vasitə kimi istifadə etmək və s. Yaxşı olar ki, tələbələr, gənclər milli və mənəvi cəhətdən formalaşmaq üçün çoxlu kitablar oxusunlar. İnternet heç zaman kitabdan artıq ola bilməz. İnternet də lazımdı amma...Gənclərimiz çalışsınlar bizə yad olan yabanı məsələlərdən uzaq olsunlar. Kitab oxusunlar, nitqlərini inkişaf etdirsinlər, dahi söz sərraflarının müsbət qəhrəmanlarını özlərinə örnək seçsinlər”.

Sonra Nəriman Mövsümov kollecin yaranma tarixindən və cəmiyyətimizə verdiyi töhvələrdən bəhs etdi. O, bildirdi ki, kollecin əvvəlki adı 1 nömrəli Bakı Baza Tibb Məktəbi olmuş və 16 iyun 2010-cu ildən Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsasən Bakı 1 Saylı Baza Tibb Kolleci ad ilə adlandırılmışdır.
Hazırda kollecdə Müalicə işi; Mamalıq işi, Tibbi profilaktika, Ortopedik stomatologiya, Əczaçılıq, Tibb bacısı işi, Laboratoriya diaqnostikası işi ixtisasları üzrə mütəxəssislər hazırlanır.

Tələbələrin fənnləri daha dərindən öyrənilməsi üçün fənn kabinetlərinin nəzdində müxtəlif dərnəklər fəaliyyət göstərir. Dərnək üzvləri əyani vəsaitlərin, müxtəlif guşələrin tərtibində iştirak edir, məruzə, referatlar yazırlar. Bunlardan əlavə məktəbdə 15 dərs otağı, idman zalı, mədəni-kütləvi tədbirlər keçirmək üçün akt zalı, böyük kitab fondu olan kitabxana, metodkabinet və s. yardımçı otaqlar da fəaliyyət göstərir.

Kollecin maddi-texniki bazasını möhkəmləndirmək üçün fənn kabinetləri, müxtəlif tibbi avadanlıq və alətlərlə, əyani vəsait və tablolarla təchiz edilmişdir. İctimai iaşəni yaxşılaşdırmaq məqsədilə məktəbdə yeməkxana işləyir. Dövrün tələblərinə uyğun olaraq məktəbdə kompüterlərlə tam təmin olunmuş kompüter otağı təşkil olunmuş və beynəlxalq şəbəkəyə internete qoşulmuşdur.

Tədrisin keyfiyyətini yaxşılaşdırmaq və təkmilləşdirmək, ümumdünya standartlarına yaxınlaşdırmaq üçün dərs zamanı kompüterlərdən geniş istifadə olunur. Kollecdə hərtərəfli təchizatlı “Heydər Əliyev” otağında “Heydər Əliyev məktəbi” dərslərinin keçirilməsi tələbələrin milli vətənpərvərlik, dövlətçilik ruhunda tərbiyyə olunmasında xüsusi əhəmiyyət kəsb edir. Tələbələrin təcrübi bilik, bacarıq və vərdişlərini yüksəltmək üçün təcrübi dərslər Səhiyyə Nazirliyinin klinika, poliklinika, doğum evləri, dispanserlər və elmi-tədqiqat institutlarında keçirilir.
Kollec əldə olunan nailiyyətlərlə kifayətlənmir. Yeni tədris proqramları təhsilin ümumdünya standartlarına yaxınlaşmasına xidmət edir. Son nəticədə məqsədimizin xarici ölkə klinikalarında səmərəli fəaliyyətinə şərait yaratmaqdır.

Tələbələrin biliyini qiymətləndirilməsinə gəldikdə köklü dəyişikliklər aparılmışdır. Tələbə biliyinin yeganə meyar olduğuna əmin olmalı və hansı formada təşkil olunmasına baxmayaraq ilk növbədə şəffav və obyektivlik təmin olunur. Imtahanlar iki formada keçirilir: yazılı və test üsulu ilə. Yazılı imtahan zamanı tələbələr kodlaşdırılmış blanklarda 5 suala cavab verir. Cavablar ixtisasçı müəllim tərəfindən yoxlanılır və topladığı bal fənbirləşmə komissiyasının sədri tərəfindən təsdiqlənir.

Kollecdə 2015-ci ildən “Virtual Test Sistemi” lahiyəsi uğurla tətbiq edilir. Virtual test mərkəzində 35 kompüter quraşdırılaraq ümumi server vasitəsi ilə idarə edilir. Bu mərkəzdə bir gündə 200 tələbə imtahan verə bilir. İmtahan prossesində tələbə monitorda gördüyü sualın düzgün cavabını kompüterdə işarə edir və imtahanın sonunda topladığı balı bilir.
Tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı və obyektivliyi təmin etmək, yarana biləcək negativ halları aradan qaldırmaq məqsədilə “Münaqişə komissiyası” və “Qaynar xətt” xidməti təşkil olunub.

Tələbələrin istedad potensialını müəyyənləşdirmək üçün bilik olimpiadaları, elmi – təcrübi konfranslar, seminar – müşavirələr, açıq dərslər və müsabiqələr (“Ən yaxşı feldşer”, “Ən yaxşı tibb bacısı” və s.) keçirilir. Bundan başqa klinikalarda çalışan praktiki həkimlərin, xarici ölkələrin həkim və texnikləri tərəfindən də konfrans, seminarlar, yarışların aparılması təşkil olunur.

Bakı 1 Saylı Baza Tibb Kollecinin pedoqoji kollektivi təhsil islahatından və təhsil qanunundan irəli gələn və dünya təhsilinə inteqrasiyanı önəmli sayaraq yeni təhsil texnologiyalarının tətbiqi yeni təlim üsulları ilə kadr hazırlığını və kollecin inkişaf perspektivini qarşıya əsas meyar kimi qoymuşdur.

Sonda Nəriman müəllim, tələbələrə tövsiyyə də etdi: “İnternetdən səmərəli istifadə edin və daha çox əsərlər oxuyun. Oxuyun ki, kamil və aqil insanlar olasınız. Mütailə edin ki, savadınızla başqalarına örnək olasınız. Unutmayın milli və mənəvi tərbiyəyə aparan yol kitabdan keçir. Çalışın rəfiniz kitabla dolu olsun!”

Bakı 1 saylı Tibb Kollecində  kadr hazırlığı günün tələbləri səviyyəsindədir


Qaynarxett.az