backend

Şəhidin qohumları etiraz etdi: "Sizin ermənidən nə fərqiniz ?"

Şəhidin  qohumları etiraz etdi: "Sizin ermənidən nə fərqiniz ?"
Neçə gündür susuram... Amma bəzi saytlar lap ağ edir...

Biz Qabil Orucəliyevin yaxınları, ailəsi olaraq kədərliyik, yasdayıq, əzizimizi, doğmamızı itirmişik.
Şəhidimizin cənazəsini hələ almamışıq. Gözümüz yoldadır.
Amma bəzi saytlar, instagramdakı səhifələr reytinq xatirinə ermənilərin paylaşdığı meyid şəkillərini götürüb, yanına da bizim şəhidimizin şəklini qoyaraq paylaşırlar. Sizin ermənidən nə fərqiniz oldu ki ?!

Nəzərə almaq lazımdır ki, paylaşılan şəkilləri şəhidimizin ailəsi, həyat yoldaşı (yoldaşı hələdə bilmir), azyaşlı qardaşı, qohum-əqrabası və yaxınları da görür. Biz Şəhidimizin özünün paylaşdığı ən son şəkildəki kimi qürurlu, igid, iradəli, mübariz kimi yaddaşlara həkk olunmasını istəyirik...

Heç kim meyid şəkillərinin yanına şəhidimizin şəklini qoyub paylaşmasın...

Biz yaxınları olaraq fəxr edirik ki, QABİL ORUCƏLİYEV Vətən uğrunda qəhrəmancasına döyüşüb şəhid olub...Qabil avto qəzada, bıçaqlanmada, davada həyatını itirməyib.İgidlik, qəhrəmanlıq, şücaət göstərib.

Qabil Orucəliyev Naxçıvan MR Naxçıvan şəhərində doğulub, boya-başa çatan Qabil 13 yaşında, düz 12 il əvvəl (2004-cü ildə) atasını itirib. 13 yaşından işləyib, zəhmət çəkib, alın təriylə pul qazanaraq anasını, iki bacısını və azyaşlı qardaşını saxlayıb. Qabil iki bacısına toy edib, onları ata qapısından qürurla yola salıb...

O, 2015-ci ildə isə özü ailə qurmuşdu...Bir həftə əvvəl oğlu dünyaya gəldi...Çox təəsüf olsun ki, oğlu atasını görmədi, Qabil də oğlunun üzünü görmədi...Amma Qabilin oğlu böyüyəndə fəxr edəcək ki, o ŞƏHİD oğludur...

Qabil vətənini, yurdunu, doğma torpağını, Qarabağı qoruyarkən şəhid oldu...Qabilin dostları, əsgərləri, kursant yoldaşları onun necə gözəl xasiyyətli, igid, cəsur, sözündən dönməyən oğlan olduğunu bilir...

Mənimlə söhbətində çətin, təhlükəli yerdə xidmət etdiyini, ailəsi, azyaşlı qardaşı, yeni doğulacaq körpəsi üçün ehtiyatlı olmağını deyirdim...Qabil isə Vətən uğrunda canından belə keçməyə, ən çətin yerlərdə xidmət etməyə, Qarabağ uğrunda hər an döyüşməyə hazır olduğunu, qorxmadığını deyirdi. O, dediyi kimi də etdi, igidlik göstərdi və şəhid oldu...Qabilin qanı yerdə qalmayacaq, qisası alınacaq...

Allah bütün şəhidlərimizə rəhmət eləsin, əzizlərinə səbr versin.