backend

QARABAQ DANIŞIQLARI: PREZİDENT MÜHÜM MESAJ VERDİ - MİLLƏT HAZIR OL!!!

QARABAQ DANIŞIQLARI: PREZİDENT MÜHÜM MESAJ  VERDİ - MİLLƏT HAZIR OL!!!
Ölkə rəhbəri Ermənistan hakimiyyətinə «hər şeydən xəbərimiz var» mesajını, Azərbaycan cəmiyyətinə isə «müharibəyə hazır ol!» ismarıcını göndərib

Bu həftə içində uzun illərdən bəri «ölü nöqtə»də dayanmış Qarabağ münaqişəsiylə bağlı danışıqların yeni raundu başlayır. Politika.Az xəbər verir ki, aprel döyüşlərindən sonra Ermənistanın bir addım geri ataraq, danışıqlara razılıq verməsi Sankt-Peterburqda görüşün baş tutmasını şərtləndirib.

Belə ki, Rusiyanın vasitəçiliyi ilə Ermənistan prezidenti Serj Sərkisyanla Azərbaycan prezidenti İlham Əliyev qonşu ölkənin ikinci paytaxtı olaraq tanınan şəhərdə bir araya gəldilər. Bu görüşlə bağlı tərəflərin ümidləri hər nə qədər fərqlidirsə, ekspertlər tutarlı nəticələr gözləmirdi. Onlar deyirdilər ki, Ermənistan ənənəvi olaraq, məsələdə yenə cığallıq edərək, danışıqların uzanmasını təmin etməyə çalışacaq. Müşahidəçilər bildirirlər ki, hazırkı məqamda Azərbaycan tərəfinin risqli qərarlar alması şərtdir. Çünki erməniləri yenidən danışıqlar masası arxasında əyləşdirib, müqavilə bağlatdırmaq üçün ikinci aprel döyüşlərinin olması şərtə çevriləcək. Ona görə ki, bu döyüşlər olmadan, erməni tərəfi işğal etdiyi ərazilərin bir qismindən çəkilmədən nəticənin tutarlı şəkildə dəyişəcəyi inandırıcı görünmür.

Politika.Az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev də açıq şəkildə vurğulayır. Öncəliklə bildirək ki, ölkə rəhbəri Qarabağ münaqişəsiylə bağlı məsələdə yetərli qədər həssas və çevik davranır. Onun strateji hədəfində münaqişənin dinc yolla həllinə nail olmaq dayansa da, müharibə risqindən də çəkinmir. Bunun əyani misalı olaraq aprel müharibəsini göstərmək olar. Xeyli müddətdir Ermənistan hakimiyyətini danışıqlara çağıran İlham Əliyev, nəticə görmədikdə ordunun hərəkətə keçməsi barədə əmr verdi. Cəmi 4 gündə bir neçə kənd, bir o qədər də yüksəklik Azərbaycan Ordusunun əsgərləri tərəfindən düşməndən azad edildi. Prosesin davam edəcəyi təqdirdə bir neçə rayonun da işğaldan azad ediləcəyi istisna edilmirdi.

Lakin hazırda danışıqlar dönəmidir və bu dəfə təşəbbüs təkcə Azərbaycandan deyil, Ermənistandan gəlib. Sankt-Peterburqdakı görüşün kritik əhəmiyyət daşıdığı da şübhəsizdir. Rusiya artıq Azərbaycana olan nəzarətini itirmək risqiylə üz-üzə qaldığının da fərqindədir. Ona görə də, İrəvanı məcburi qaydada danışıqlar masası arxasında əyləşdirməklə, ortaq məxrəcə gəlmələrinə çalışır. Əks təqdirdə, daha bir müharibə Moskvanın Qafqaz planlarının alt-üst edə bilər.
Ötən günlərdə ictimaiyyət qarşısında çıxış edən Prezident İlham Əliyev əslində vəziyyəti daha maraqlı şəkildə izah edib.

Ölkə başçısı bidirib ki, Qarabağ Azərbaycanın ağrılı problemdir və münaqişənin həllində ölkədə yaşayan bütün millətlərin, komissiyaların nümayəndələri də bir nöqtəyə vururlar. Dövlət başçısının sözlərinə görə, hər bir Azərbaycan vətəndaşı hər gün çalışmalıdır və çalışır ki, bu məsələ tezliklə öz həllini tapsın: “Azərbaycan ərazisinin bir hissəsi uzun illərdir ki, işğal altındadır, torpaqlarımız zəbt edilib. Xalqımıza qarşı etnik təmizləmə siyasəti aparılıb, Xocalı soyqırımı törədilib. ATƏT-in faktaraşdırıcı missiyasının hesabatlarına görə, işğal edilmiş torpaqlarda bütün binalar dağıdılıb. Bizim tarixi binalarımız, qəbirlər, məscidlər ermənilər tərəfindən dağıdılıbdır. Bu, misli görünməmiş vəhşilikdir. Azərbaycanda isə Bakının mərkəzində erməni kilsəsi yerləşir. Heç kim ona toxunmur, əksinə, təmir olunubdur. Azərbaycanda kilsələr, sinaqoqlar, məscidlər tikilir. Bax, fərq bundan ibarətdir”.

Prezident İlham Əliyev qeyd edib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi tezliklə öz həllini tapmalıdır: “Beynəlxalq hüquq normaları bizim mövqeyimizi müdafiə edir. Tarixi ədalət də bizim tərəfimizdədir. Son vaxtlar bu məsələ ilə məşğul olan vasitəçilər, onların rəhbər şəxsləri qeyd edirlər ki, məsələ tezliklə həll olunmalıdır, status-kvo qəbuledilməzdir, dəyişdirilməlidir. Biz bunu müsbət qarşılayırıq. Ancaq belə bəyanatlar əvvəllər də verilmişdir. Status-kvonun qəbuledilməzliyi haqqında artıq neçə ildir ki, bəyanatlar verilir, amma bəyanatlardan sonra heç bir addım atılmır. Vaxt gəlib çatıb ki, konkret addımlar atılmalıdır. İşğalçıya çox ciddi təzyiqlər göstərilməlidir ki, bu məsələ sülh yolu ilə öz həllini tapsın. Biz bunun tərəfdarıyıq. Həmişə bunun tərəfdarı olmuşuq”.

Prezident vurğulayıb ki, bununla bərabər, bu gün regionda və xüsusilə Ermənistan ilə Azərbaycan arasında qüvvələr nisbəti kəskin dəyişilib. «Azərbaycan hər bir sahədə böyük üstünlüyə nail olub və bu üstünlüyü əldən verməyəcək. Ermənistan ilə Azərbaycan arasında bütün sahələrdə fərq daha da böyüyəcək. Çünki biz inkişaf yolu ilə gedirik. Bizim gələcəyə çox dəqiq və aydın baxışlarımız, proqramlarımız var. Ermənistan isə xarici ianə, dəstək olmasa yaşaya bilməz. Bunu artıq onların iqtisadi vəziyyəti göstərir. Bunu aprel hadisələri göstərir. Ona görə biz gücümüzü bilirik və öz gücümüzə arxalanırıq. Mən bunu qeyd etmişəm, o cümlədən hərbi gücümüzü bilirik və aprel ayında döyüşlər zamanı hərbi potensialımızın ancaq kiçik bir hissəsi nümayiş etdirildi”.

Ölkə başçısı bunun, Ermənistan rəhbərliyi üçün yaxşı bir dərs olduğunu qeyd edib: “Eyni zamanda, vasitəçilərə də, dünya ictimaiyyətinə də siqnal oldu ki, bu, dondurulmuş münaqişə deyil. Əgər kimsə fikirləşir ki, biz növbəti iyirmi il də mənasız danışıqlar aparacağıq, səhv edir. Biz mənasız danışıqlar aparmaq fikrində deyilik. İmitasiya naminə danışıqlar aparmayacağıq. Mənalı, məzmunlu danışıqlar dərhal, qeyd-şərtsiz başlanmalıdır. Əgər belə olarsa, məsələnin sülh yolu ilə həlli yaxınlaşa bilər. May ayında Vyanada görüş keçirildi. Gələn həftə Rusiyada, Sankt-Peterburq şəhərində görüş keçiriləcək. Bizim ümidlərimiz var ki, bu məsələ sülh yolu ilə öz həllini tapa bilər və tapmalıdır. Buna nail olmaq üçün Ermənistan öz işğalçı siyasətindən əl çəkməlidir və bizim torpaqlarımızdan çıxmalıdır”.

Dövlət başçısı onu da qeyd edib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ məsələsi ilə bağlı Azərbaycan cəmiyyətində fikir birliyi var: “Aprel hadisələri xalqımızı daha da birləşdirdi. Azərbaycan xalqı dövlətə, ordumuza çox böyük dəstək göstərdi. Bu, xalqımızın mətinliyini, səviyyəsini göstərir”.

Əslində, ölkə başçısı bununla həm cəmiyyətə, həm də Ermənistana bir sıra mühüm mesajlar göndərib. Onlardan biri də Azərbaycan tərəfinin Ermənistanda baş verənlərdən yetərli qədər xəbərdar olmasıyla bağlıdır. Belə ki, Prezident artıq bir neçə dəfədir çıxışlarında maraqlı məqamlara toxunur, bəzi detallarla bağlı bilgilər verir. Bütün bunlar isə onu deməyə əsas verir ki, İlham Əliyevin məsələdən yetərli qədər xəbəri var və həmin məlumatlardan danışıqlar prosesində Ermənistana qarşı aktiv şəkildə istifadə edəcək.

Bir digər mesaj isə Prezidentin Azərbaycan cəmiyyətinə idi. Politika.Az xəbər verir ki, əksər müşahidəçilər o fikirdədirlər ki, ölkə rəhbəri özünün sonuncu açıqlamasında Azərbaycan xalqının diqqətinə çatdırıb ki, müharibə risqi var və hamı bir nəfər kimi birləşməlidir. Və bu deyilənlərdən həm də onu anlamaq mümkündür ki, bu dəfə müharibə bir qədər də uzunmüddətli olacaq. Yəni, Azərbaycan Ordusu işğal altında olan torpaqların geri alınması üçün zəruri olan bütün addımları atıb, nəticə əldə edəcək.

Qaynarxett.az