backend

Xəbəri götürərkən istinad etmək mədəniyyət sayılır.-TƏKZİB

Xəbəri götürərkən istinad etmək mədəniyyət sayılır.-TƏKZİB
Xəbər portalımızın 20.04.2016-cı il sayında “Xaçmazda KATİBƏNİN idarə etdiyi müəssisə: - Əhməd Əhmədzadənin nəzərinə” sərlövhəli tənqidi yazı dərc olunmuşdur. Yazıda göstərilirdi ki, idarənin rəisi Vaqif Səlimov fəaliyyətində ciddi qanun pozuntularına yol verir. Belə ki, hələ ötən il melioratorlar tərəfindən bir çox vacib suvarma tədbirləri vaxtında həyata keçirilməmiş, görülən işlər isə keyfiyyətsiz və az effektli olmuşdur. Suvarma kanallarında, kollektor-drenaj
şəbəkəsində lildən təmizləmə işləri də yarımçıq görülmüşdür.

Fermerlər, şəxsi təsərrüfat sahibləri iddia edirlər ki, SİB işçiləri yerlərdə verilən suyun qənaətlə işlədilməsi və bərabər qaydada paylanmasına nəzarət adı altında özbaşnalıqlara yol verir, nəticədə isə ayrı-ayrı əkin sahələrinin və təsərrüfatların susuz qalmasına səbəb olurlar. Həmçinin idarənin maddi-texniki bazasının möhkəmləndirilməsi, işin keyfiyyətinin yüksəldilməsi məqsədi ilə ayrılan dövlət vəsaitlərinin mənimsənilməsi hallarına da geniş yer verilir. İdarənin balansında olan texnika, avadanlıq və mexanizmlərin köhnəlməsi adı ilə onların balansdan çıxarılaraq satılması nəticəsində külli miqdarda pul əldə olunur. Həmin texnikanın yeniləri ilə əvəz olunması isə aydındır ki, dövlətə böyük xərclər bahasına başa gəlir. Güc transformatorlarının, elektrik mühərriklərinin, nasos aqreqatlarının əsaslı təmiri adı altında külli miqdarda dövlət maliyyəsi hesabdan çıxarılaraq xərclənsə də, əslində bu avadanlıqlara texniki xidmət də çox aşağı səviyyədədir. Texnikanın nasaz vəziyyətdə saxlanması səbəbindən daşqın və selə qarşı mübarizə məqsədilə çay məcralarının təmizlənməsi və daş bəndlərin qurulması işlərində onların köməyinə də bel bağlamaq olmur. Yazıda göstərilən bu və digər faktların həqiqətə nə dərəcədə uyğun olub-olmamasını araşdırmaq üçün xüsusi müxbirimiz Xaçmaz Rayon Suvarma Sistemləri İdarəsində olmuş, faktları yerində yoxlamışdır.

Araşdırma zamanı yazıda göstərilən faktların əksəriyyəti həqiqətə uyğun olmamışdır. Redaktorluğumuz tərəfindən KİV haqqında Qanunun tələblərinə hörmətlə yanaşılaraq Xaçmaz Rayon SSİ-nin rəhbərliyinə bu barədə üzrxahlıq edilmiş, yazını çapa hazırlayan əməkdaşa isə axırıncı dəfə töhmət elan olunmuşdur. Lakin bəzi xəbər portalları KİV haqda Qanunu pozaraq bizim sayta istinad etmədən həmin tənqidi yazını dərc edərək yaymışlar. Medaz.info xəbər portalı isə lap uzağa gedərək həmin materialı “özününküləşdirib” dərc etməklə kifayətlənməyib, hətta tədbir görülmək üçün müvafiq instansiyalara göndərmişdir.

Bir daha xatırladırıq ki, “Xaçmazda KATİBƏNİN idarə etdiyi müəssisə: - Əhməd Əhmədzadənin nəzərinə” sərlövhəli tənqidi yazının müəllifi kimi xəbər portallarından xahiş edirik ki, redaksiyamızın mövqeyini nəzərə alsınlar. Bir də bəzi saytların rəhbərlərinin nəzərinə çatdırırıq ki, xəbəri götürərkən istinad etmək mədəniyyət sayılır.
Qaynarxett.az