backend

Ə.ELCİBƏYİN "PKK-nı H.Əliyev formalaşdırıb"iddiasına görə məhkəmədə Eldar Sabiroğlu olmayıb

Ə.ELCİBƏYİN "PKK-nı H.Əliyev formalaşdırıb"iddiasına görə məhkəmədə Eldar Sabiroğlu olmayıb

Vaqif Şadlinski: “Eldar Sabiroğlunu heç bir məhkəmə prosesində görməmişəm”

Mərhum prezident Əbülfəz Elçibəyin Heydər Əliyevlə bağlı səsləndirdiyi fikirlər səbəbi ilə Ədliyyə Nazirliyi tərəfindən məhkəməyə verilməsi və həmin məhəmə prosesi zamanı Heydər Əliyevin vəkilləri qismində kimlərin iştirak etməsi sabiq millət vəkili Siyavuş Novruzovla Müdafiə Nazirliyinin mətbuat xidmətinin sabiq rəhbəri Eldar Sabiroğlu arasında mübahisə predmetinə çevrilib.

Həmin məhkəmə prosesində mərhum prezident Heydər Əliyev tərəfindən ictimai nümayəndə kimi məhkəməyə qatıldığını bildirən E.Sabiroğlu, məhkəmə prosesi zamanı çıxış etdiyini, buna görə Ə.Elçibəy tərəfindən irad və xəbərdarlıqla üzləşdiyini bildirib. Bundan başqa, E.Sabiroğlu S.Novruzovun söylədiyinin əksinə olaraq, Kərim Kərimov və Vaqif Şadlinskinin bu prosesdə vəkil kimi deyil, ictimai nümayəndə kimi qatıldığını bildirib.

Moderator.az bu məsələyə aydınlıq gətirmək məqsədi ilə V.Şadlinskiyə müraciət edib. Saytımıza açıqlama verən V.Şadlinski məhkəmə prosesinə vəkil kimi qatıldığını, habelə E.Sabiroğlunu keçirilən dörd məhkəmə prosesinin heç birində görmədiyini vurğulayıb:

“Mən seçkilər zamanı mərhum prezident, ümummilli liderimiz Heydər Əliyevin vəkili olmuşam. Bununla bağlı əlimdə müvafiq sənəd də var. O vaxt Azərbaycanda Ziyalılar Cəmiyyəti var idi. Mən Ziyalılar Cəmiyyətində mən I müavin idim. Bu cəmiyyətin sədri məktubla məni H.Əliyevin məhkəmə prosesinə iddiaçının vəkili kimi göndərib. Bu məktub da məndə var.

Mən Fuad Ələsgərovun qəbulunda oldum. Fuad müəllimdən nə baş verdiyini soruşdum. O isə bildirdi ki, Ə.Elçibəy iddia edib ki, guya PKK-nı H.Əliyev formalaşdırıb. Ədliyyə Nazirliyi də prezidentin qarantı olduğu üçün Ə.Elçibəyi məhkəməyə verib.

O vaxt “İnturist”in yuxarısında Bakı Ali Məhkəməsi var idi. Biz ora getdik. Səhv etmirəmsə, hakim Ramiz Tağıyev idi. Mən orda Siyavuş Novruzovu gördüm. Ağalar Abbasbəyli də mənimlə getmişdi. Səhiyyə Nazirliyinin Nərimanov rayon səhiyyə şöbəsinin müdiri olan bir xanım da orda idi. Biz vəkil kimi hakimin ətrafında əyləşdik. Bir nəfər də var idi, onu tanımadım.

Məhkəmə zamanı çöldə Flora Kərimovanın başçılığı ilə bir dəstə dayanmışdı. Təhqiredici şüarlar səsləndirir, Ağabəy müəllimi təhqir edirdilər. Bizim barəmidə təhqiredici sözlər söyləyirdilər.

Əbülfəz Elçibəy də məhkəmə prosesində öz yaxın adamları ilə iştirak edirdi. Indiki millət vəkili Fazil Mustafa da orda idi. Ə.Elçibəyin cangüdəni də orda idi, hansı ki, onu daxili işlər nazirliyində müavin vəzifəsinə aparmışdı.

Məhkəmə prosesində S.Novruzov iştirak edirdi. Lakin mən orda E.Sabiroğlunu görmədim. Dörd dəfə o məhkəmədə olduq. Lakin orada E.Sabirolunu görmədim, o, bu məhkəmələrdə olmayıb.

Məhkəmə zamanı Ə.Elçibəyin vəkilləri bildirdilər ki, dünyada analoqu olmayan məhkəmə gedir. Yeni prezident köhnə prezidenti məhkəməyə verib. Mən isə çıxışım zamanı bildirdim ki, siz düz danışmırsınız. Çünki vaxtiylə Ə.Elçibəyin öz sərəncamı ilə Ədliyyə Nazirliyi prezidentin qarantı təyin olunub. Ədliyyə Nazirliyinin isə borcudur ki, prezident təhqir olunarsa, onun qarantı kimi həmin şəxsi məhkəməyə versin.

4 məhkəmə prosesi oldu. Sonra isə məhkəmə təxirə salındı. Heydər Əliyev o vaxt Türkiyədə idi. Xəstə olduğu üçün müalicə alırdı. H.Əliyev Türkiyədən qayıdandan sonra Ə.Elçibəyi bağışladı və beləliklə də məhkəmə ləğv edildi”.

Seymur Əliyev