backend

Süni yumurta xərçəngə səbəb olurmuş-necə xilas olaq? — Ekspert danışır

Süni yumurta xərçəngə səbəb olurmuş-necə xilas olaq? — Ekspert danışır













Son günlər ölkədə süni yumurtanın satışıyla bağlı yayılan xəbərlər digər qida məhsullarının da sünisinin olub-olmamasıyla bağlı müxtəlif şübhələr yaradıb.

Bu mövzu ilə bağlı ekspertin fikirlərini öyrəndik.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov da bu qənaətdədir ki, ölkədə bir sıra qida məhsullarının sünisi mövcuddur:

"Azad İstehlakçılar Birliyinə gün ərzində saxta yumurtalarla bağlı 10-12 zəng daxil olur. Ümumiyyətlə dünyada süni düyü, yumurta, ət mövcuddur. Azərbaycan hələ iyirmi il əvvəl süni kürü istehsalına başlayıb. Halbuki kürü ölkəsi kimi tanınırıq. Təşkilat olaraq həmin süni kürülərin etiketindən nərə balığının fotosunu yığışdırmağa nail olduq. Xaricilər elə bilirlər ki, təbii kürüdür, alıb aparırlar. Süni kürünü tədqiq etmişik, balıqla heç bir əlaqəsi yoxdur. Süni kürünün tərkibində yalnız balıq yağı, aromatizatorlar, nişasta, zülallar, dadverici maddələr olur. Bakıdakı dükanlarda 50-100 manata satılır. Toylarda da qarışdırılıb verilir".

Ekspert son günlərin əsas mövzusu olan süni yumurtalar barədə bildirir ki, dövlət qurumlarının nəzarəti zəif olduğundan, bu kimi halların olması təəccüblü deyil:

"Azərbaycanda belə yumurtaların olması da istisna edilmir. Çünki dövlət biznes qurumları üçün kifayət qədər rahat şərait yaradıb. Kim nə istəyir, gətirib satır. Ölkədə insanların zəhərlənməsi prosesi gedir. Dəfələrlə dövlət qurumlarına bildirmişik ki, belə siyasət düzgün deyil. Bu barədə dövlət qurumlarına göndərdiyimiz bütün şikayətlərə eyni cavab verilir-gedin, məhkəməyə müraciət edin. Hazırda "Amazon" restoranından əlimizdə şikayət var. Dövlət orqanları deyir ki gedin məhkəməyə müraciət edin. Belə bir şəraitdə ölkədə belə bir yumurtanın satılması istisna olunmur. Mənimçün təəccübləndirici haldır ki, Dövlət Baytarlıq Xidmətinin rəsmiləri bu halın olduğunu təsdiqlədilər. Digər dövlət orqanları isə bunu danırlar. Ola bilər ki, bu yumurtalar Çindən deyil, başqa ölkədən gəlir. Yaxşı olar ki, yerli istehsalçılar yumurtaları markalasınlar, üzərinə buraxılış tarixini vursunlar. Saxtanı yumurtanı sındırmadan tanımaq olmur. Çünki görünüşdə heç bir fərq yoxdur. Sadəcə, tərkibinə müxtəlif zülallar və kimyəvi maddələr vurulur. Bu kimi qidalar mədə-bağırsaq xəstəliklərinə və xərçəngə səbəb olur".