backend

Xaçmazda məhv edilən terrorçu ilə bağlı ilginc məlumatlar üzə çıxdı

Xaçmazda məhv edilən terrorçu ilə bağlı ilginc məlumatlar üzə çıxdı









Hüquq-mühafizə orqanları "Camaatın əmiri" adlandırılan terror qruplaşmasının digər üzvlərinin izinə düşməyə çalışır

Ötən gecə xüsusi xidmət orqanları tərəfindən məhv edilən, Xaçmazın Düztahiroba kəndinin sakini Ramiq Rəhimov, "vəhhabilik" kimi tanınan radikal dini cərəyanın tərəfdarı imiş. Bu barədə Sputnik-ə Xaçmaz rayon Polis İdarəsindən məlumat verilib.

Sputnik-in bir qədər əvvəl verdiyi məlumata görə, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları Xaçmaz rayon Polis İdarəsindən olan kolleqaları ilə birgə əməliyyat keçirərək Rusiya-Azərbaycan sərhəddində terrorçuluqda təqsirləndirilən bir şəxsi məhv ediblər. Məlumata görə, Rəhimov təslim olmaq tələbinə məhəl qoymayıb və hüquq-mühafizə orqanlarının əməkdaşlarına "Makarov" tipli tapançadan atəş açıb. Nəticədə cavab atəşi ilə cinayətkar məhv edilib.

Rəhimov Xaçmazın Düztahiroba kəndində yaşayıb və şübhəli həyat tərzi sürüb. Hal-hazırda hüquq-mühafizə orqanları Rəhimovun getdiyi yolun izinə düşməyə çalışırlar. Əldə olunan məlumata görə, o, xaricdə fəaliyyət göstərən və özünü "Camaatın əmiri" adlandıran terror təşkilarının üzvü olub. Hüquq-mühafizə orqanlarının məlumatına görə, əməliyyatın keçirildiyi yerdə Rəhimov tərəfindən toplanmış silah-sursat aşkarlanıb. Bazar ertəsi Azərbaycanın Rusiya ilə həmsərhəd olan şimal rayonunda iki ölkənin hüquq-mühafizə orqanlarının "Sərhəd qalxanı" adlı birgə illik əməliyyatlarına start verilib. İlkin məlumatlara görə, silahlı Rəhimovun olduğu yer də sözügedən əməliyyat çərçivəsində müəyyən edilib.