backend

İLİN SON GÜNÜ - İSMAYILLI: YOLLAR ZIRVƏYƏ APARIR

İLİN SON GÜNÜ - İSMAYILLI: YOLLAR ZIRVƏYƏ APARIR

Nəinki dostlar, tanışlar, hətta, özüm də bilmirəm ki, niyə belədir. Maşın İsmayıllı ərazisinə çatan kimi qeyri-iradi salam verirəm: - Salam,İsmayıllı. Səbəbini bu rayonun təbiətinin gözəlliyi ilə və ya insanlarının səmimiyyəti, istiqanlılığı ilə əlaqələndirmək fikrindən uzağam. Çünki bir jurnalist kimi gəzib-dolaşdıgım o biri rayonların da hamısı gözəl təbiətli, insanları saf ürəkli, diqqətcildirlər. Mənə elə gəlir ki, qeyri-adi salamımı alan İsmayıllı məni öz doğma övladı kimi qarşılayır. O biri rayonlara nisbətən burada daha çox qərar tuturam, daha çox qalıram. Mənim üçün İsmayıllıya gedən yol o qədər doğmadır ki...
Əgər şair olsaydım yüz faiz bu yollara bir şeir yazardım. Bilmirəm həmin şeirin adı nə olacaqdı. "İsmayıllıya gedən yollar"mı, ya sadəcə olaraq "İsmayıllı yolları"mı, dəqiq bilmirəm. Amma bu şeir mütləq yaranacaqdı. Unudulmaz qələm dostumuz, şair Aslan Kəmərlinin aşağıdakı misraları mənim duyğularıma daha yaxındır. Deyim, siz də bilin.


Bu yolla o qədər gəlib-getmişəm,
Onun hər cığırı mənə tanışdır.
Bu yolla o qədər dostluq etmişəm,
Bizim aramızda sirr qalmamışdır.


Bu şeiri demək olar ki, bütün dostlarıma demişəm. Təəssüflənmişəm ki, heç bir yolun sonu yoxdur. Yetişəcəyin və ya yetişdiyin mənzildən sonra da yol davam edir. Məsələn, İsmayıllıdan o yana da yollar uzanır və bəlkə də harada qurtaracağını bilmirsən. Amma yolun dəyəri, müqəddəsliyi ondadır ki, səni torpağına, daşına, çiçəyinə, gülünə, buluduna - yağışına da salam vermək istədiyin mənzilə yetişdirir. Bir də ki, yollar qələm əhlinin bir növ fikir "emalatxanasıdır". İstənilən fikir məhz yolda cilalanır və mənzil başında kağıza köçürülərək hazır məhsula çevrilir. O ki qala, İsmayıllı yolları...

...Ötən il Bakıda beynəlxalq turizm sərgisi keçirilirdi. Tələbəlik dostlarımdan biri təklif etdi ki, gedək sərgiyə birlikdə tamaşa edək. Açığını deyim, könülsüz razılaşsam da getdiyimə görə çox məmnun oldum. Çünki sərgidə maraqlı qısametrajlı reklam çarxları ilə tanış olduq. "İsmayıllı" adlı çox qısa çarxda bu rayonun turizm imkanları necə də ustalıqla əks etdirilmişdi? Sərgidə İsmayıllının diyarşünaslıq muzeyinin eksponatları da nümayiş etdirilirdi. Bütün bunları görən dostum sanki mənim üzərimdə mənəvi bir qələbə qazanmışdı: - Heç zaman mənim təkliflərimə "yox" demə.
Özümü o yerə qoymadım: - Sənin reklam çarxında gördüyün gözəllikləri mən canlı olaraq, özü də tez-tez seyr edirəm. Dostum təslim olmaq istəmirdi...

İLİN SON GÜNÜ - İSMAYILLI: YOLLAR ZIRVƏYƏ APARIR

..Rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqovla söhbətimizdə gündəliyin əsas məsələsi 2016-cı ildə əldə edilən sosial-iqtisadi göstəricilər və həyata keçirilən tədbirlər olmalı idi. Ancaq mən elə söhbətin əvvəlindəcə beynəlxalq turizm sərgisini və oradakı məmnunluğumu yada saldım. Mirdaməd müəllim maraqlı bir fikir söylədi: "Biz o çarxı hazırlayanda İsmayıllını görməyənləri nəzərdə tutmuşduq ki, rayonumuza gələn turistlərin sayı çoxalsın. Az qala hər həftə İsmayıllını görən adam da həmin çarxa heyranlıqla baxırsa, deməli, istədiyimizə nail olmuşuq". Mirdaməd müəllim əlavə etdi ki, Azərbaycan Respublikasının Prezidentinin tapşırıgı var. Odur ki, bu il rayonumuzun turizm imkanlarını kifayət qədər artırmaq əzmindəyik. Bu sahənin inkişafı ilə bağlı xüsusi tədbirlər planı işlənib hazırlanıb, şəhərin mərkəzində yerləşən tarix-mədəniyyət abidələrinin təmiri və bərpası işləri ilə əlaqədar Mədəniyyət və Turizm Nazirliyi qarşısında məsələ qaldırılıb.

Ümumiyyətlə, İsmayıllı 2016-cı ildə hansı sosial-iqtisadi uğurlara nail olub, yaddaqalan göstəricilər hansılardır?

Bu sualla hansı İsmayıllı sakininə müraciət etsən deməyə sözü çoxdur. Buna onların haqqı da çatır. Hər gün gözəlləşən, simasını dəyişən bir diyarın insanları necə sevinməsin?!

Cəmı bir necə ay əvvəl rayona gələn dövlət başçısı cənab İlham Əliyevin "Bu gün İsmayıllıda gördüklərim məni ürəkdən sevindirir" - deməsi onlar üçün ən yaddaqalan göstərici olub. Prezident qeyd etdi ki, rayon çox dinamik şəkildə inkişaf edir və burada hər şey yüksək səviyyədədir. Sizə bir şey deyim, ismayıllılar əllərini yanlarına salan adamlar deyillər. Qətiyyətlə və böyük məsuliyyətlə deyə bilərəm ki, cənab Prezidentin həmin qiymətləndirmələri onlarda əsla arxayınçılıq hissi yarada bilməz. Əksinə, hər bir ismayıllı belə düşünür ki, dövlət başçısının növbəti səfərinədək daha böyük uğurlar əldə edilməlidir.
"Əlbəttə Prezidentin İsmayıllıya yenə də gələcəyi şəksizdir. Çünki Heydər Əliyev siyasi məktəbinin yetirməsi olan İlham Əliyev bəzi rəhbərlər kimi ölkəni paytaxtdan idarə etməyin qəti əleyhinədir. O, bütün bölgələrə üz tutur, insanlarla görüşür, rayon və şəhərlərin hamısında gah yeni obyektlərin açılışını edir, gah da hansısa tikintinin təməlqoyma mərasimində olur. Bu, çox gözəl idarəetmə metodudur və inkişafın stimuludur". Bu sözlər isə mənim yox, rayon ağsaqqallarından sayılan jurnalist Valeh müəllimin ürək sözləridir.

O ki qaldı, İsmayıllının builki göstəriciləri barədə konkret rəqəmlərə, deyə bilərəm ki, biz jurnalistlər bəzən rəqəmləri sadalamağı xoşlamasaq da, etiraf edək ki, hər bir rəqəmin arxasında yüzlərlə, bəlkə də daha çox insanın zəhməti, əməyi var. İsmayıllının iqtisadiyyatında taxılçılıq və heyvandarlıq əsas yer tutur. Son iyirmi ildə rayonda taxıl istehsalı 39 min 900 tondan 104 min 800 tona çatıb, ət istehsalı 4 min 960 ton, süd 15 min 783 ton artıb. Təsərrüfatın digər sahələrində də böyük dönüş yaranıb. Belə ki, kartof istehsalı 173 tondan 6 min 617 tona, meyvə istehsalı 218 tondan 8 min 59 tona çatıb. Bu gün rayon fermerləri daxili tələbatı ödəməklə yanaşı, ölkə bazarlarına da kənd təsərrüfatı məhsulları çıxarırlar.

Bölgədə sənayenin inkişafı istiqamətində də əhəmiyyətli addımlar atılıb. Velosiped zavodu, tikiş fabriki, emal müəssisələri rayonun sənaye xəritəsində yer alan yeni ünvanlardır.

Müstəqillik illərində demək olar, rayonun bütün infrastrukturu yenidən qurulub. İnsanların rahatlığı, təsərrüfat işlərinin ahəngdarlığı üçün xüsusi önəm daşıyan rahat yollar çəkilib. Buna İsmayıllı-İvanovka-Hacıhətəmli, İsmayıllı-Göytəpə-Qalınçaq, İsmayıllı-Qaraməryəm yollarını misal göstərmək olar. Rayonda tikilmiş iki su elektrik stansiyası əhalinin dayanıqlı enerji təchizatında önəmli rol oynayır. Sakinlərin 67 faizi təbii qazdan istifadə edir, yaşayış məntəqələrində 20-dən çox artezian quyusu qazılıb. Həmçinin rayonda 22 yeni məktəb binası tikilib, 15-dən çox təhsil ocağı əsaslı təmir olunub, neçə-neçə kənddə xəstəxana, həkim məntəqələri inşa edilib. Şəhərdəki yeni tikililər, parklar və digər sosial obyektlər müstəqillik dövrünün yadigarıdır.

İsmayıllı böyük turizm potensialına malikdir. Müstəqillik illərində bu potensialdan səmərəli istifadə olunur. Hazırda rayonda onlarla turizm istirahət mərkəzi fəaliyyət göstərir. Bu gün dövlət tərəfindən tarix-memarlıq abidəsi kimi qorunan Lahıc Böyük İpək Yolu üzərində beynəlxalq turizm marşrutuna daxil edilib. Təsadüfi deyil ki, rayona gələn turistlərin sayı dəfələrlə artıb.

Son illər İsmayıllıda Olimpiya İdman Kompleksi və digər müasir idman obyektləri tikilərək istifadəyə verilib. Bunun nəticəsidir ki, rayon idmançıları respublika yarışlarında və beynəlxalq turnirlərdə yüksək nəticələr qazanırlar.

Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizin dilbər guşələrindən biri olan İsmayıllıya üç dəfə səfər edib. Bu səfərlərin hər biri dövlətimizin başçısının rayonun inkişafına yönəlmiş sərəncamları və yeni-yeni sosial layihələrin icrası ilə müşayiət olunub.


...Beləcə, İsmayıllıya növbəti səfərimiz ilin başa çatdığı son günlərdə yekunlaşdı. Sonunu görmədiyimiz, fəqət bizi gedəcəyimiz mənzilədək aparan yolların xəyal və düşüncələrlə dolu, enişli, yoxuşlu kilometrlərini növbəti dəfə qət etməyə başladıq. İndi üzü Bakıyayıq. Elə ilk kilometrlərdəcə növbəti bir fikir düşüncəmə hakim kəsilir: Cəmiyyətin keçdiyi yol da elə bu yol kimi enişli, yoxuşludur. Müstəqilliyin ilk illərində İsmayıllının yolu uzun və təhlükəli bir enişə doğru idi. İndi isə... Nə deyim, özünüz hər şeyi görürsünüz. Özü də lap yaxşı...



Qaynarxett.az