backend

Türkiyə üçün yeni SAVAŞ CƏBHƏSİ, supergücdən İNTİQAM çağırışı...

Türkiyə üçün yeni SAVAŞ CƏBHƏSİ, supergücdən İNTİQAM çağırışı...

Ermənistan Azərbaycana qarşı növbəti təxribata əl atıb. Qərb Kipr məsələsi üzərində Türkiyəyə qarşı hərəkətə keçib. Ankara və Moskva Suriya üzrə danışıqlarda ABŞ-ın rolunu qəbul etməli olub. İsrail Suriya prezidenti Bəşər Əsədin sarayının 4 kilometrliyində yerləşən bazaya aviazərbələr endirib. Vaşinqton və Pekin arasında münasibətlər gərginləşib.
Son vaxtlar müxtəlif vasitələrlə Azərbaycan-Ermənistan dövlət sərhədində vəziyyəti gərginləşdirmək məqsədi güdən Ermənistan bu dəfə daha bir təxribata əl atıb. Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Ermənilər tərəfindən kustar üsulla hazırlanan partlayıcı qurğu yanvarın 12-də dövlət sərhədinin Tovuz rayonu sahəsində, qoşunların qarşıdurma xəttinə yaxın əraziyə PUA (pilotsuz uçuş aparatı) vasitəsilə atılıb.
Ermənilər 2016-cı ildə ölən əsgərləri ilə bağlı daha bir ziddiyyətli açıqlama yayıblar. Razm.info saytı ötən il ümumilikdə 165 erməni əsgərin öldüyünü açıqlayıb. Rəsmi məlumatı “əsas” götürən sayt 147 nəfərin həqiqi hərbi xidmət keçən hərbçilər olduğunu vurğulayıb.
Sayt 2016-cı ildə 108 əsgərin (91 nəfər hərbçi, 17 nəfər muzdlu) hərbi əməliyyatlar zamanı, 57 əsgərin isə atəşkəs vaxtı öldüyünü yazıb. 2015-ci ildə erməni tərəfinin cəmi 76 itki verdiyini bildirən mənbə 2016-cı ildə böyük itki yaşanmasını aprel döyüşləri ilə əlaqələndirib.
Qərb Kipr məsələsi üzərində Türkiyəyə qarşı hərəkətə keçib. Dünən Cenevrədə Kiprin birləşdirilməsi üzrə beynəlxalq konfransda Ankaranın qarşısına bəzi qəbulolunmaz şərtlər qoyublar.
Yunanıstan və Cənubi Kipr həmçinin adadakı türk hərbçilərinin anlaşmanın imzalanması anında 75 faizinin, digər hissəsinin isə tədricən çıxarılmasını tələb edir. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan isə türk əsgərinin adadan geri çəkilməsinin müzakirə mövzusu olmadığını deyib.


Türkiyəli professor, köşə yazarı Ata Atunun sözlərinə görə, məqsədli şəkildə Türkiyəyə qarşı hücumlar edilir. “Türkiyə iqtisadiyyatına hücum edilir, daxili təhlükəsizliyi təhdid altındadır, turizmi çökdürmək üçün planlar qurulur. Bütün bunların məqsədi Kipr məsələsini unutdurmaqdır. BMT Kipr məsələsində məqsədli şəkildə türklərin əleyhinə oyun qurdu və Cenevrədə bu oyunu tətbiq etdi. Eroğlu Kiprə rəhbərlik edəndə bir addım da geri çəkilmədi və bir qarış torpaq məsələsini müzakirə belə etmədi. Lakin Mustafa Akıncı 2015-ci ildə rəhbər seçiləndən sonra hər şey dəyişdi. Türk tərəfi heç bir şey almadan yunanların xeyrinə olan qərarlarla razılaşmağa başlayıb. Yunanların idarəçiliyi altında yaşamağı qəbul edirlər. Türk əsgərinin adadan çıxmasını istəyirlər. Mülkiyyət məsələsində də əsas sahib yunanların olması üçün yunan tərəfi israr edir. Biz bunları verdiyimiz halda, heç bir şey almırıq”.

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu isə Avropa İttifaqının Kiprin təhlükəsizliyinin zamini olmasına qarşı çıxıb.

Yanvarın 23-də Astanada başlanacaq Suriya üzrə danışıqlara ciddi hazırlıq gedir. Danışıqlarda BMT və ABŞ-ın nümayəndələri də iştirak edəcəklər. Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu söyləyib ki, bu razılı Türkiyə və Rusiya arasında əldə olunub. “Heç kim ABŞ-ın bu məsələdə rolunu inkar edə bilməz. Bu, Türkiyənin prinsipial mövqeyidir. Burada Suriyada sülhə imkan yarada biləcək hər kəs olmalıdır”.
İsrail isə Suriya paytaxtı Dəməşqin qərbində yerləşən Mezzeh təyyarə bazasına aviazərbələr endirib. Zərbələr nəticəsində bazadakı döyüş sursatı anbarı məhv edilib. Bu, hərbi obyektdə partlayışların seriyasına gətirib çıxarıb.
İtkilərin sayı barədə dəqiq məlumat verilməyib. Lakin KİV-də yayılan fərqli informasiyalara görə, 7-dən 10-a qədər hərbçi ölüb. Təyyarə bazası Bəşər Əsədin prezident sarayından 4 kilometr məsafədə yerləşir.
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın vəzifəsinin icrasına başlamasına günlər qala Vaşinqton və Pekin arasında münasibətlər gərginləşib.
Çinin rəsmi media orqanı olan “Global Times” qəzetində Donald Tramp administrasiyasında dövlət katibi olan Reks Tillersonun “Çinin Cənubi Çin Dənizindəki adalara müdaxiləsinin qarşısını almalıyıq” açıqlamasına cavab verilib. Qəzet müharibəyə hazırlıq çağırışı edib. “Tramp və komandası belə bir təşəbbüsə əl atsalar, müharibəyə hazır olmalıdırlar”, - deyə qəzet yazıb.

Bundan öncə qəzet Trampın “Tək Çin” siyasətinə qarşı çıxmasını tənqid etmişdi. “Tramp prezident postunda əyləşəndən sonra “Tək Çin Siyasəti”ni rədd edərsə, Çin xalqı rəsmi Pekinə intiqam almaq tələbi irəli sürəcək”, - deyə “Global Times” yazmışdı.
Moskva və Pekin ABŞ-ın Cənubi Koreyada yerləşdirəcəyi THAAD raketdən müdafiə sistemlərinə qarşı birgə tədbirlərin görülməsi ilə bağlı razılıq əldə ediblər. Bu barədə razılıq Çin XİN rəhbərinin köməkçisi Kun Syuanyu ilə Rusiya XİN rəhbərinin müavini İqor Morqulov arasındakı görüşdə əldə olunub.
Tərəflər Moskva ilə Pekinin birgə atacağı addımların regionda qüvvələr balansının qorunub saxlanılmasına yönəldiyini bildiriblər. Üstəlik, hər iki ölkə 2017-ci ilin oktyabrında birgə yeni hərbi təlim keçirmək istədiklərini bəyan ediblər.
Rusiyanın özü isə ilhaq etdiyi Krım yarımadasınma “Triumf” S-400 zenit-raket sistemləri yerləşdirib. Bu haqda Rusiya Silahlı Qüvvələrinin Cənub hərbi dairəsinin mətbuat xidməti bildirib.
Qeyd edək ki, “Triumf” S-400 orta mənzilli raketlərdən müdafiə sistemi S-300-ün təkmilləşdirilmiş versiyası hesab olunur. “S-400" zenit-raket kompleksləri 2007-ci ildə Rusiya ordusunda silahlanmaya qəbul olunub.
Zenit-raket komplekslərinin dünyada analoqu yoxdur və bu raketlər istənilən hava hədəflərini, o cümlədən ballistik raketləri məhv edə bilir. Bir “S-400" kompleksi eyni anda 36 hava hədəfinə atəş açmaq qabiliyyətindədir və bu hədəflərə 72 raket tuşlayır. Komplekslər hava hədəfləri ilə yanaşı yerüstü hədəfləri də vurmaq imkanındadır. Raketlər hətta Yer səthindən cəmi 5 metr yüksəklikdə uçan hədəfləri də vurur. Müqayisə üçün deyək ki, ABŞ-ın ”Petriot" raketləri azı 60 metr yüksəklikdə hədəfləri vura bilir.
“Triumf” 600 kilometrə qədər uzaqlıqdakı hədəfləri aşkar edir.
“Baltikyanı region Rusiya ilə NATO arasında toqquşmanın mərkəzi ola bilər”. Bu proqnozla Baltikyanı Tədqiqatlar üzrə Rusiya Assosiasiyasının prezidenti Nikolay Mejeviç eadaily.com saytına müsahibəsində deyib.
Onun sözlərinə görə, Baltikyanı regionu bu gün hərbi qarşıdurmaya qədər olan hibrid münaqişə modelinə yaxınlaşır. “Region potensial hərbi münaqişə ərazisidir. Çünki NATO ilə istənilən hipotetik münaqişənin məhz bu ölkələrə toxunmaması mümkün deyil. Çox qısa eskalasiya zənciri və kiçik münaqişə böyük toqquşmaya keçə bilər”.
Amma ekspert hesab edir ki, ABŞ-ın yeni seçilmiş prezidenti region ölkələri üçün vuruşmaq istəməyəcək. Nikolay Mejeviç regiona yaxın olan İsveç və Finlandiyanın NATO-ya üzvlüyünü mümkün hesab edir.
Rusiyanın sabiq maliyyə naziri, Strateji Araşdırmalar Mərkəzinin sədri Aleksey Kudrin hesab edir ki, Rusiyanın müstəqilliyi təhlükə altındadır. O, Moskvada keçirilən Qaydar forumunda deyib ki, Rusiyanın aşağı texnoloji inkişafı ölkənin müstəqilliyini təhdid edir.

İnaqurasiya mərasiminə hazırlıq görən ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp sürprizlərlə qarşılaşa bilər. İnaqurasiya mərasiminin keçirilməsinə yol verməmək üçün paytaxt Vaşinqtonda nümayişlər keçiriləcək.
“Reuters” agentliyi məlumat yayıb ki, “DisruptJ20” etiraz qrupu nümayişlərin təşkili ilə məşğuldur. Etiraz qrupu inaqurasiya günündə mühafizəni təşkil edəcək 12 nəzarət buraxılış məntəqəsini mühasirəyə almağı, şəhərin əsas prospektlərindən birində paradı keçirməyi və axşam təntənəli tədbirlər zamanı nümayişləri təşkil etməyi planlaşdırır. Nümayişçilərin hərəkətlərini təxminən 300 könüllü əlaqələndirəcək.
“Biz inaqurasiyanı dayandırmaq istəyirik. Biz görmək istəyirik ki, bu şəhərdə və bütün ölkə üzrə üsyan necə qaynayır”, - deyə təşkilatçılardan biri deyib.
Qeyd edək ki, inaqurasiya mərasimi yanvarın 20-də keçiriləcək.

Vətənində keçirilən parlament seçkilərində uduzan, ardında Ukraynanın Odessa vilayətinin qubernatoru vəzifəsini itirən Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili növbəti zərbə alıb.
“Vahid Milli Hərəkat”dan parlamentə seçilmiş 21 deputat dünən rəsmən partiyanı tərk edərək yeni siyasi təşkilatın yaradıldığını elan ediblər. Təşkilatın adı hələ məlum deyil.
Partiyanı tərk edən deputatlar parlamentdə iki - “Avropa Gürcüstanı” və “Ən yaxşı gələcək üçün Avropa Gürcüstanı” fraksiyalarında təmsil olunacaqlar.


Qaynarxett.az