Beyləqanda baş həkim “anket şirinliyi” yığdırır - Analoqsuz qərarlar

444

Beyləqanda baş həkim “anket şirinliyi” yığdırır - Analoqsuz qərarlar














Beyləqan sakinləri Rayon Mərkəzi Xəstəxanasından narazıdırlar

Bu barədə Politika.Az-a şikayət edən beyləqanlılar qeydiyyat şöbəsində analoqsuz tələblə üzləşdiklərini deyirlər.

Onların sözlərinə görə, içəri daxil olmaq üçün qeydiyyat vərəqəsi (anket) alan xəstələrə 5-6 tibb işçisi xidmət edir. Adıçəkilən şöbədə işləyən tibb işçiləri xəstələrə xidmət edərkən onlardan şirinlik adı ilə rüşvət istəyirlər.

Tibb işçiləri qeydiyyat vərəqi verdikləri bütün xəstələrin qarşısına onlara şirinlik vermək tələbi qoyurlar. Bu da ciddi narazılıq doğurub. Sakinlər hesab edirlər ki, bu tapşırıq baş həkimdən gəlib.

Beyləqan Rayon Mərkəzi Xəstəxanasında əhaliyə normal tibbi xidmət göstərilmir. Elə bu səbəbdən də adıçəkilən səhiyyə ocağı ilə bağlı müxtəlif mətbuat orqanlarına, eləcə də bir sıra dövlət qurumlarına ünvanlanan şikayətlərin ardı-arası kəsilmir.

Media üzərindən əldə etdiyimiz məlumatlarda qeyd olunur ki, xəstəxananın baş həkimi Əli Məmmədov müxtəlif dərman firmaları ilə razılığa gələrək xəstələrə həmin firmaların dərmanlarını resept şəklində təqdim edir.

Beyləqan Rayon Mərkəzi Xəstəxanasının baş həkimi təkcə 3-4 maliyyə əməliyyatından heç də kiçik məbləğdə pullar qazanmayıb. Bu prosesin ilkin mərhələsi isə tibbi avadanlıqların alınmasından başlayıb.

Belə ki, Beyləqan Rayon Mərkəzi Xəstəxanasına tibbi avadanlıqların alınması üçün 16255 manat pul ayrılıb ki, bu işlər də «Araş Medikal» MMC-nin imkanları hesabına qarşılanıb. Avtomobil və digər avadanlıqların satın alınması prosesini isə «Aysu-2» MMC həyata keçirib.

Bu məqsədlə ayrılmış 17905 manat isə baş həkimə çatıb. Yəni avtomobil və avadanlıq məsələsi sadəcə sənəd üzərində var.

Əli Məmmədovun eyni şirkət vasitəsilə yumşaq inventarların alınması üçün 13772 manat xərclədiyini vurğulayan məlumatlı şəxsin bildirdiyinə görə, baş həkim bərk inventarların alınması üçün ayrılmış vəsaitə də göz dikib: «Belə ki, Beyləqan Rayon Mərkəzi Xəstəxanasının baş həkimi bu zaman «Paritet» MMC vasitəsilə daha 23820 manat əldə etməyə müvəffəq olub».

185 çarpayılıq tibb ocağında ümumi vəziyyət heç də ürəkaçan deyil. Qəhrəmanlı, Əlinəzərli, Aşağı Çəmənli, Örənqala, Şərq, Əhmədli, Türklər, İkinci Şahsevən, Tatalılar, Yuxarı Aran, Milabad, Eyvazallar, Birinci Aşıqlı, Bünyadlı və Kəbirli, həkim məntəqələrində, eləcə də Yuxarı Çəmənli, Qaradağlı, Şəfəq, Qarallar, İmamverdilər, Aşıqallar, Bolsulu, Əmirzeyidli və Mayak tibb məntəqələrində də təxminən, eyni acınacaqlı vəziyyət yaşanmaqdadır.

Beyləqan Rayon Mərkəzi Xəstəxanası müvafiq sənədlərdə dövlət tibb müəssisəsi kimi göstərilsə də, əslində burda pulsuz xidmət almaq qeyri-mümkündür.

İstənilən şöbəyə müraciət edən xəstə mütləq əlini cibinə salmalıdır.

Burada müayinələrin konkret qiymətləri var. Məsələn, rentgen 20 manat, qan analizi 10 manat, digər analizlər 15 manat, ürək-damar sisteminin yoxlanılması 20 manat, USM 20 manat və s. Cərrahi əməliyyatlar isə 400-1000 manat civarında dəyişir. Mövzunu diqqətdə saxlayacağıq.