backend

Gədəbəydə Ramiz həkimin “əmmaları”

Gədəbəyin MRX-da xəstələr Ramiz həkimin diqtəsi ilə “soyulurlar”.

O, isə sadalanan iradları qəbul etmir və hər işin öz axarınca getdiyini bildirir.

Görəsən, onun danışdıqları həqiqətdir, yoxsa cəfəngiyyatdır?



Gədəbəydə Ramiz həkimin “əmmaları”



Hələ bir müddət bundan əvvəl, Gədəbəy rayon Mərkəzi Xəstəxanasında baş həkim vəzifəsini daşıyan Ramiz Pirverdiyevin qol qoyduğu qanunsuzluqlar barədə məlumatları informasiya mərkəzimizə təqdim edən mənbə bildirirdi ki, o, ona verilmiş səlahiyyətlərdən geninə-boluna yararlanaraq minbir hoqqalara qol qoymaqda davam edir. Onun iş başındakı həngamələri qalsın bir yana, məni “nazirliyə çağırıblar” adı altında tez-tez Bakıya gəlməsinin də, sən demə özəl səbəbləri olurmuş. Bu haqda həm bəzi KİV dərc olunan açıqlamalar, həm də yerli mənbənin verdiyi məlumatlar, bizim xeyli məlumatlara malikik olmağımıza səbəb olur.
Ramiz həkimin qol qoydugu əməllər barədə məlumatları informasiya mərkəzimizə çatdıran mənbə qeyd edir ki, bu gün mərkəzi xəstaxanadakı idarəçilik sanki müstəbid bir idarəçiliyə oxşayır. Yəni, baş həkim nəyi necə düşünürsə, idarəçiliyi də həmin qaydada həyata keçirir. Məsələn, həkim kollektivinin, tibb bacılarının və digər texniki işçilərin günün hansı saatlarına qədər iş başında olmalarını tənzimləyən qanunun mövcud olmasına baxmayaraq, baş həkim qanunun bu tələbini heç vecinə belə almır və hər işi bildiyi qaydada müəyyən edir. Elə ki, kollektiv üzvündən bir kimsə üzürsüz səbəbə görə işə gəlmədi, vay həmin kəsin halına! Dərhal, Ramiz həkimin əksəriyyəti zinhara gətirən “cəza maşını” işə düşür. Yəni, tabeçiliyində olanlara xoşagəlməz ifadələr işlətməsi qalsın bir yana, hətta onların aldıqları əmək haqlarının müəyyən hissəsinə də göz dikməsi, heç bir əndazəyə sığası məsələ olmur.

Gədəbəydə Ramiz həkimin “əmmaları”

Mənbə onu da bildirir ki, bəlkə də Gədəbəy MRX-nın tarixində Raiz həkim kimi pula, vara-dövlətə həris ikinci bir vəzifə sahibi olmayıb. Elə bu səbəbdəndir ki, hal-hazırda xəstəxananın ştat cədvəlində neçə-neçə “ölü can”lar var ki, onların da əmək haqları, hər ay baş həkim tərəfindən “həzmi-rabedən” keçirililir. Bu haqda xəstəxanada çalışan və adının çəkilməsini istəməyən qadın həkimlərdən biri bildirir ki, belə “ölü can”ları daha çox tibb bacısı işləyənlər təşkil edirlər. Onlar da baş həkimin “dobro” deməsindən sonra iş üzü tanımırlar və bankomat kartları da Ramiz həkimin cibində “yuxulayır”. Həmin qadın həkimin bildirdiyinə görə, belə tibb bacılarının sayı təqribən 12-13 nəfərə yaxındır.
Bundan əlavə onun daha çox diqqəti cəlbedən başqa bir marağı da var ki, o da mümkün qədər daha çox texniki işçilərin adlarını ştat cədvəlində saxlamaq və hər ay külli miqdarda var-dövlət əldə etməkdir. Xəstəxanadakı mövcud ab-hava da, xoşagəlməz durumdadır. Məsələn, xəstələrə verilməli olan ərzaq məhsulları, sanki kimlərinsə gözünə kül ufürmək xatirinə verilir. Dərman preparatlarının taleyi haqda danışsaq isə, yəqin ki əksəriyyət “sətəlcəm” olar. Çünki, xəstələrə nə lazımınca dərman preparatları verilir, nə də ki, digər təminolunmalar ödənilir. Xəstəxanaya mebel dəstləri, texniki avadanlıqlar və digər ləvazimatlar alınarkən, dövlətin verdiyi vəsaitin çox hissəsi, Ramiz həkimin “süzgəcindən” keçirilir və qısa zaman kəsiyində də havaya “sovurulur”. Təəssüf doğuran hal odur ki, bu gün təkcə mərkəzi xəstəxananın balansında olan nəqliyyat vasitələrindən deyil, həmçinin digər səhiyyə ocaqlarında olan nəqliyyat vasitələrindən də, bəzi vəzifə sahibləri gecə-gündüz şəxsi məqsədləri üçün istifadə edirlər. Dövlətin vermiş olduğu yanacagın, sürtkü yağlarının, saysız-hesabsız avadanlıqların altından girib üstündən çıxmaq isə, artıq Ramiz həkimin çoxdan adət etdiyi vərdişə çevrilib. Xəstəxanaya üz tutan xəstələrin baş həkimin müəllifi olduğu “konstitusiya” əsasında “soyulmaları” da, bu gün tam əksəriyyətin müzakirə etdiyi mövzulardan birinə çevrilib. Bundan əlavə, səhhətində müəyyən problemi olan xəstələrin tibbi müavinət almalarında da, Ramiz həkim “müstəsna” rola malik olur.

Gədəbəydə Ramiz həkimin “əmmaları”

Ümumiyyətlə baş həkimin bugünkü idarəçiliyi, sanki Gədəbəy səhiyyəsi üçün qara bir ləkədir. Çünki açıq-aydın görünür ki, o, böyük bir səhiyyə ocağında əməlli-başlıca “at” oynatmaqdadır. Onu da qeyd edək ki, bizim dediyimiz at heç də, nə Koroğlunun “Qırat”ıdır, nə də ki, “Dürat”ıdır. Bu at tamam başqa bir atdır ki, onun da önündə hələ ki, cənab Ramiz “doxtur” öz “xodu” ilə getməkdədir.
Elə ki, müxtəlif yollarla eşitdiklərimiz və xəstəxanadaxili mənbənin verdiyi məlumatlar əsasında bir çox məsələlərdən agah oluruq və qol qoyulan qanunsuzluqlar haqda baş həkimə sual verib cavab əldə etmək istəyirik, dərhal o, daş atıb başını tutur ki, “sizin danışdıqlarınızın hamısı şərdi-böhtandır” deyir. Mənim rəhbərlik etdiyim xəstəxanada heç bir qanunsuzluq filan yoxdur”. Bərəkallah, təki siz deyən olsun cənab baş həkim! Düzdür, Ramiz həkim həmişə çalışır ki, sudan duru çıxsın, hansısa mənimsəmədə, hansısa maxinasiyalarda adı hallanmasın. Amma, fakt budur ki, bu gün Gədəbəy MRX-nın adı çəkiləndə əksəriyyət həm vəlvələyə, həm də zəlzələyə düşür.

Gədəbəydə Ramiz həkimin “əmmaları”

Xəstəxananın giriş hissəsində inşa olunan və Ramiz həkimə məxsus olduğu bildirilən yeməkxanada satılan ərzaq malları haqda da, hələ ki, geninə-boluna danışmırıq. Danışacağımız bircə o olacaq ki, həmin yeməkxanada “rus arağı” adı ilə satılan spirtli içkilərin aksız markası yoxdur və belə bir halın varlığı da onu sübut etməyə əsas verir ki, satılan spirtli içkilər respublikamıza qaçaqmalçılıq yolu ilə gətirilir. Bu da açıq-aydın vergidən yayınmaq, eyni zamanda dövlətə vergi, vətənə sevgi anlayışına xəyanət etməkdən başqa bir şey olmur.
Bundan əlavə, mərkəzi xəstəxananın bir neçə il bundan əvvəl inşa olunub istifadəyə verilməsinə baxmayaraq, artıq bəzi otaqlarda xoşagəlməz görkəm yaranmaqdadır. Belə bir halın əmələ gəlməsinin müəyyən səbəbləri var ki, bunu da yəqin ki, Ramiz həkim çox gözəl bilir. Xəstəxanaya, xüsusilə də doğum şöbəsinə ayaq basan hər kəsin isə, ilan qabığı kimi “soyulmaları” artıq müdhiş həddə çatıb.
Bütün bunlar Ramiz həkimin idarəçiliyinin görünən tərəflərdir ki, bunu da hər kəs görür, diqqətlə anlayır. Əslində idarəçiliyin belə bir qaydada həyata keçirilməsi, Azərbaycan səhiyyəsinə düşünülmüş şəkildə vurulan zərbədən başqa bir şey deyil.
Növbəti açıqlamamızda Ramiz həkimin sahib olduğu əmlakın dəyərindən, aylıq gəlirindən və digər maxinasiyalarından bəhs edəcəyik.