backend

BİLƏSUVARDA "DƏRƏ XƏLVƏT TÜLKÜ BƏYDİR"

BİLƏSUVARDA "DƏRƏ XƏLVƏT TÜLKÜ BƏYDİR"


İcra başçısı Mahir Quliyev rayonu bərbad vəziyyətə salıb.

Azərbaycanın bütün bölgələrində olduğu kimi Biləsuvarda da dərəbəylik hökm sürür. Yerli məmurlar başda icra başçısı Mahir Quliyev olmaqla "dərə xəlvət tülkü bəy" prinsipinə sadiq qalaraq rayonu çapıb-talamaqla məşğuldur. Artıq biləsuvarlılar icra başçısı və onun əhatəsində olan məmurların özbaşınalığından cana doyub.

Kənd təsərüffatı naziri İsmət Abbasovun dəstəyi ilə Astaradan Biləsuvara icra başçısı trasfer olunan Mahir Quliyevin qanunsuzluqları ilə tanış olun.

İcra başçısı yoxsa, ofisiant?

Rayon sakinlərindən daxil olan məlumatlara görə, ofisiant təfəkkürlü Mahir Quliyev hesab edir ki, icra başçılarının vəzifəsi rayonların sosial iqtisadi inkişafı üçün ayrılan pulları mənimsəməkdən, haqsızlığa etiraz edənlərə isə hədə-qorxu gələrək onları susdurmaqdan ibarətdir. Bu adamın fəaliyyətində o qədər neqativ hallar var ki, saymaqla qurtarmır. Mahir Quliyevin "uğurlu" fəaliyyətində bir neçə məqamı oxucuların diqqətinə çatdırmaqla onlarda bu adamın Biləsuvarı necə idarə etdiyi barədə təsəvvür yarada bilərik. Başlayaq rayonda abadlıq işlərindən. İcra başçısı Biləsuvarda abadlıq adı altında rayonun musiqi kollecinin qarşısında bulaq tikdirmək istəyib. Kollecin ətrafını qazdırıb xaraba günə qoyan icra başçısı sonradan bu fikrindən daşınıb. Məlumatlara görə, sözügedən bulağın tikilməsi üçün Mahir Quliyev rayonun idarə və müəsissə rəhbərlərindən yaxşı vəsait yığa bilib. Elə bu baxımdan Mahir Quliyev nəfsini saxlaya bilməyərək bu pulları həzm-rabedən keçirib. Beləliklə də bulaq indi dönüb olub "kor bulaq". Biləsuvarlılar məhz kollecin qabağını belə adlandırırlar.

Aerodrom və Pambıq zavodunun yanında yeni salınmış məhəlləyə su çəkilməsi ilə bağlı ayrılan milyonlarla manat vəsait də eyni aqibəti yaşayıb. Mahir Quliyev bu pulları gedər-gəlməzə göndərərək məhəllə sakinlərini susuz qoyub. Bu əməli ilə də Yezidə rəhmət oxutdurub. İndi məhəllə sakinləri məhərrəmlikdə Yezidi qoyub Mahir Quliyevə lənət oxuyurlar.

Biləsuvarın acgöz "əmilər"i

Biləsuvarda uşaq bağçaları adına büdcədən xeyli miqdarda vəsaitlər mənimsənilir. Sənədlərdə bu pulların ərzaqa sərf edildiyi göstərilsə də uşaqlar yeməyi özləri ilə gətirirlər. Zavallı uşaqlar da bilir ki, onların yeməyini acgöz "əmilər" çırpışıdırırlar.

Biləsuvarda təhsil də bərbad vəziyyətdədir. Bu sahə Mahir Quliyevin ən gəlirli sahəsidir. İcra başçısı təhsil şöbəsinin müdiri ilə əI lbir olub qaz vurub-qazan doldurur. Məsələn güya məktəblərdə şagirdlərə əlavə məşğələlər keçirilməsi adı altında büdcədən vəsait ayrılır. Halbuki nə belə bir məşğələ var, nə də ki, o məşğələyə gələn. Çünki şagirdlər süpürgə pulu, "remont pulu" və s.pulların ucbatından dərsə gəlmir. Mahir Quliyevin fəaliyyəti nəticəsində biləsuvarlılar elə günə düşüblər ki, heç övladlarını məktəbə göndərmək üçün dəftər-qələm almağa pulları çatmır.

Mahir Quliyevin Biləsuvardakı əməlləri ilə bağlı araşdırmalarımızı davam edir.