backend

İki nazirlik Sabirabad təhsil şöbəsinə ittihamları yoxlayır - İddialar

İki nazirlik Sabirabad təhsil şöbəsinə ittihamları yoxlayır - İddialar
















Son günlər Sabirabad təhsil şöbəsi haqda yayılan məlumatlar əsasında araşdırmalar başlanıb

Rayon təhsil şöbəsinin fəaliyyəti həm Maliyyə Nazirliyi, həm Təhsil Nazirliyi tərəfindən yoxlanır.

Xəbərlərdən biri budur ki, Sabirabad rayonunda riyaziyyat, ibtidai sinif müəllimlərini rayonun mərkəzindəki ixtisasartırma kurslarına çağırırlar.

Kursları isə şənbə və bazar günlərinə salmaqla onların istirahət hüquqlarını pozurlar. Bundan əlavə onlara yolpulu və yeməkpulu da vermirlər.

Hətta 63 yaşına çatmış, pensiyaya hazırlaşan müəllimləri də kurslara çağırırlar. Aprelin 16-da ixtisasartırma kurslarına gələn müəllimlərdən 20 manat pul istəyiblər ki, sonda onlara sertifikat verəcəklər. Bu da ciddi şəkildə narazılıq yaradıb.

Bundan qabaq isə fevralın əvvəlindən Sabirabad rayonunun təhsilində başlayan Maliyyə Nazirliyinin növbəti yoxlamasına görə pul yığılıb.

Bu məlumatın yayılması yenidən yoxlamalara zərurət yaradıb. Məlumata görə, ötən müddət ərzində təftişçilər Sabirabadın Olimpiya Kompleksinin kotteclərində dincəliblər.

Ulus.Az-ın media üzərində əldə etdiyi xəbərlərə görə, indi də məktəblərə plan qoyublar. Orta məktəblərin hər birinə 5 min manat pul vermək tapşırılıb.

Bu azmış kimi, Sabirabad rayon Təhsil Şöbəsinə 240 hektar pambıq əkmək tapşırığı verilib. Ona görə də təhsil şöbəsinin müdiri Pəhləvan Qarayevin iş yeri pambıq sahələrinə dəyişdirilib.

Yəqin ki, yığım zamanı məktəblərin müəllim və şagird kontingenti SSRİ dövründə olduğu kimi pambıq yığımına cəlb ediləcək. Məlumatda bildirilir ki, Sabirabad rayon təhsil şöbəsinin müdiri Pəhlivan Qarayev Sabirabad təhsilini bərbad günə salıb.

19 aprel 2016-cı ildən Sabirabad rayon İcra Hakimiyyəti başçısının əmri ilə Sabirabad rayon Təhsil Şöbəsinin müdiri təyin edilən Qarayev Pəhlivanın əsas qazanc mənbələrindən biri də onu bu vəzifəyə təyin edən Sabirabad İH başçısı Nazim İsmayılov və rayon maaliyyə idarəsinin müdirinin əli ilə həyata keçirilən cari təmir işləridir.

Son bir ildə Sabirabad təhsil şöbəsinin nəzdindəki kənd məktəblərinin cari təmirinə 600 min manata yaxın vəsait ayrılıb. Həmin vəsaitin yarısından çoxu məhz Qarayev Pəhlivan tərəfindən mənimsənilib.

Bundan başqa bir çox kənd məktəblərində işləyən 700 yaxın müəllimlərin dərs saatları şişirdilmiş və onların adına yazılan artıq əmək haqqları birbaşa rayon təhsil şöbəsinin müdirinə çatır.

Qarayev Pəhlivan hər ay 700 yaxın müəllimin şişirdilmiş əmək haqqısından 42 min manat pul qazanır. Təhsil şöbəsi müdirinin ayda dövlətdən oğurladığı 42 min manatın yarısını rayon icra başçısı Nazim İsmayılova çatdırdığı bildirilir. Qarşı tərəfi dinləməyə hazırıq.