“Son devalivasiyadan sonra varlılar daha da varlandı” - ŞOK AÇIQLAMA

666

“Son devalivasiyadan sonra varlılar daha da varlandı” - ŞOK AÇIQLAMA

“Son illər bir çox beynəlxalq yarışların Azərbaycanda keçirilməsi real olaraq ölkə iqtisadiyyatına mənfi təsir göstərib

Bu kimi yarışların iqtisadi baxımdan o qədər də inkişaf etməyən, büdcəsini neft hesabına formalaşdıran Azərbaycanda keçirilməsi sosial problemlərə yol açıb”.

Bunu göndərilən açıqlamasında “Korrupsiya və İnhisarçılığa Qarşı Mübarizə mərkəzi"nin sədr müavini Zöhrab Məlikov bildirib.

Z.Məlikov hesab edir ki, indiki zamanda büdcənin israfçılıqla xərclənməsi hesabına Azərbaycanı dünyaya tanıtmaq düzgün addım deyil:

“Bu gün ölkədə milyardlarla dollar hesabına salınan keyfiyyətsiz infrastukturun ömrü bir sezonluq olur. Dövlət büdcəsinin bu cür infrastrukturların qurulması üçün sərf olunması yolverilməzdir. İdmana qoyulan investisiya təhsilimizə qoyulsa, cəmiyyət üçün daha faydalı olar”.

Azərbaycanın sosial-iqtisadi vəziyyətinə də toxunan Z.Malikov vurğulayıb ki, Azərbaycanda mövcud sosial vəziyyət kritik həddədir:

“Cəmiyyətimizdə sosial təbəqələşmələr arasındakı fərq çox böyükdür. Son devalivasiyadan sonra varlılar daha da varlandı, əhalinin aztəminatlı təbəqəsi isə demək olar ki, çöküşdədir. Onsuz da cəmiyyət bu kritik vəziyyətdən çıxış yolunu ən pis halda intiharda, yaxşı halda isə ailələrin dağılmasında görür. Bu cür davam edə bilməz. Sosial təbəqələşmənin qarşısı alınmalı, orta sahibkarlığa dəstək proqramları işlənib hazırlanmalıdır. Orta sahibkarlığı olmayan ölkələrin iqtisadiyyatı məhv olmağa məhkumdur. Buna bariz nümunə Rusiya və Venesuella kimi neft hesabına formalaşaraq varlanan və ilk krizisdə ölkələrin ağır iqtisadi tənəzzüllə üzləşməsini göstərə bilərik”.

Azərbaycanın Avropaya inteqrasiyasından söz açan ekspert bildirib ki, Avropadan öyrənə biləcəyimiz çox faydalı sahələr var: “İlk öncə qanunun aliliyi, məhkəmələrin sərbəstliyi, söz azadlığı, insanların sərbəst toplaşma azadlığı və s. Hesab edirəm ki, kommunist təfəkkürlü insanlarla bu islahatların gerçəkləşdirilməsi ya mümkün deyil, ya da çox çətin və uzun prosesdir. Avropaya inteqrasiya bizi rus hökmranlığından qismən də olsa azad edəcək. Əlbəttə ki, bunun üçün ciddi fəaliyyət və zaman lazımdır”. (Cebhe.info)