backend

Bakıda işləyən fəhlə: Yaşamaqla nəfəsimə zülm edirəm

Bakıda işləyən fəhlə: Yaşamaqla nəfəsimə zülm edirəm




















Səmanın dərin mavilərində göz itirənləri də var.

İşləməyə məcbur olduğu bu yarıtikili binadan dünyanın ən kədərli hekayəsi başlayır.

Aramla, rabitəli danışır. Hərdən ciyərlərinə hökm verən təngnəfəsliyi onu susdururdu. “Dəlik” cibinə görə, çəkdiyi ən ucuz siqaretlər onu hər gün bir az da azaldırdı. Hər nə qədər xoşbəxt görünməyə çalışsa da, fikirdən qat kəsmiş alnı onu ələ verirdi. O, xoşbəxt deyildi.

Mərdan fəhlə olmaq istəməmişdi. Bura qədər içində iş adamı olmağın min bir arzusunu, milyon istəyini yaşadıb. Uğursuzluğa düçar olduqca, ehtiraslarında yaranan süstlük sonradan bu arzunun üzərindən birdəfəlik xətt çəkir. Fəhləliyi sevmir. Lakin ailəsinin maddi ehtiyacını qarşılamaq məsələsi zorən də olsa, bu işi Mərdana gördürür. Bu hissləri onu Ucardan Bakıya qədər arxasından itələmişdi. Əxlaqlı, dürüst adamdır. İşdən caymağı, havadan pul qazanmağı rədd edir. “Az olsun, amma halalından olsun” - deyir.

Qazandığı pulların hamısı ailəsinə çatmır. Banklar və borc sahibləri də bu cüzi məbləğlərə boğaz ortağıdırlar.

Bakıya təzə gələndə şəhərin dəbdəbəli həyatı xəyallarını qıcıqlandırır. Lakin illərlə paytaxt gecəqondularındakı “müvəqqəti həyatı” onu aldadır. Keçən vaxt axarının özü ilə gətirdiyi cüzi məbləğlər ehtiraslarını öldürdü. Sonra bu miqdarlar ailə güzəranını çəkməyə məşğul etdi. Nə bahalı paltar vitrinləri, nə də uca göydələnlərdən mənzil almaq onun fəhlə cibinin xaricində idi. Yaşı 50-yə çatır. İndən sonra güzəranını yaxşılaşdıracağına özü də inanmır.

İşini ona cüzi də olsa sevdirən başqa hissləri də var.

- Binanın gözümün qabağında yüksəldiyini görəndə, sanki, onunla birgə mən də böyüyürəm. Yuxarıdan baxanda hər şey başqa cür görünür.

Dünyanın yaşana biləcək qədər evləri, evləri olmayacaq qədər yaşayanları var. İradəlisi, istək yollarında qurban olanı, sarayı ilə zəngini, daxması ilə yoxsulu var bu dünyanın. Bu dünyanın qurban ətilə başqalarını öldürən qatilləri da var. Səmanın dərin mavilərində göz itirənləri də var. Mərdan da istəklərinin fikir adamıdır. Dünyanın bütün maviliklərində göz itirənlərdəndir.

Edəcək heç nəyinin qalmadığını biləndə, gurultulu poçt qatarında gələcək ümidləri gözləyirsən. Gözlərin yalnız ümidlərini xatırlayacaq şeyləri axtarır.

Ümid dolu arzularını udquna-udquna təkrarlayırdı. Lakin istəklərinin boşluqdan asılı qaldığına özünü inandıra bilib. Sanki, ehtiraslarının qışqıra-qışqıra keçdiyi küçələrdəki insanlar da bunun fərqində idilər və səssizliklərinə boğulurdular. Mərdanın düşüncləri xaricində baş verənlər elə bil nöqtələrdən asılı vəziyyətdə idilər. Dünya bundan o tərəfə qurtarırdı. Uçurum və onun aşağı üzü başlayırdı. Addımlarını da, sanki, torpağa yox, o boşluğa atırdı. Arzuların qadağan olunduğu bu şəhərdə o yox idi. Bakıya ümid foulu kimi baxmaq buxarlı şüşəyə söz yazmağa oxşayır. Tez silinir. Hər şeyini əlindən alır. Mərdan da kürəyinə vuran təsəlli əli axtarırdı. Bu əl başqa əllərdən çox fərqli olmalıydı. Amma yoxdur axı.

Mərdanı təqvimin yarpaqları yox, zamanın keçməsini təmin edən, tarixi arxasınca itələyənlər maraqlandırırdı. Özü də zamanın zəhərli qısqacını sındıra bilərdi. Lakin ailəsi üçün yaşamaq lazım gəlir.

İnsan ümidlərini vaqonlara yüklədiyi vaxt yox, maşinist qatara dirijorluq etdiyi zaman yaşayır. Uşaq ikən ucu-bucağı görünməyən ümidləri indi arxivin zibilliyinə atılıb.

Dizləri də yara içərisindədir, xəyallarının arxasından qaçarkən neçə dəfə yerə yıxılıb. Neçə dəfə diz qapaqları ümidlərini daşa döndərən “qırmızı kərpic”lərə çırpılaraq yerindən oynayıb.

Sevgi çoxdan ölüb. Səbr tükənib. Anlamaq istəmir. Xoşbəxtlik səviyyəsi sıfır. Təbəssümü xəstədir.

O, yaşamağını dünyanın ən qüsurlu işi hesab edir.

- Mən yaşamaqla nəfəsimə zülm edirəm!