backend

Qurultayı uduzan Müsavat oldu

Qurultayı uduzan Müsavat oldu
























Müsavat Partiyası «köhnə ümidlə» yola davam, dedi

2001-ci ildə Müsavat Partiyasının Nizamnaməsinə dəyişiklik edildi. Yeni dəyişikliyə görə eyni şəxsin iki müddətdən artıq başqan seçilməsini yasaqlandı. Müsavat Partiyası bu qərarı o zaman alternativsizliyin ortadan qaldırılması və demokratik dəyərlərin təmin olunması baxımdan ciddi addım kimi dəyərləndirildi. Hətta başqan İsa Qəmbər hakimiyyətin Müsavat Paritiyasından örnək alması gərəkdiyini irəli sürdü.

Qərar qəbul olunan günə qədər İsa Qəmbər artıq 8 il idi başqanlıq faliyyətini yürüdürdü və qərar qəbul olunduqdan sonra da iki dəfə seçilərək başqan kürsüsünə oturdu. 2009-cu ildən isə Müsavat Partiyası 4 ildən artıq qurultay keçirmədi. Bunun üçünsə səbəb o gətirildi ki, hakimiyyət Müsavat Partiayasına qurultay keçirmək üçün yer vermir.

Hətta bu səbəbi qəbul etsək belə, Müsavat Partiyasında anoloqu olmayan bir hüquqi presedent yaşandı. İsa Qəmbər bir seçki müddətində - 4 ildən artıq qeyri-qanuni olaraq başqan kürsüsünü məşğul etdi və bu zaman ərzində təbii ki, başqanın bütün fəaliyyəti qeyri-legitim oldu. Həmçinin partiyanın bütün seçkili orqanlarının da. Bir daha təkrar edirəm, səbəbin nə olmasından asılı olmayaraq 4 ildən artıq Müsavat Partiyasının başqanı və bütün seçkili orqanları qeyri-legitim olması danılmaz faktdır. Amma bunu belə bir kənara qoysaq və nəhayət ki, nizamnaməyə zidd olaraq 8 ildən sonra baş tutuan qurultayı dəyərləndirsək….

Nə dəyişdi?

Bu suala cavab vermək belə çox mənasızdı. Dəyişim olmadı… Müsavat Partiası heç bir yeni potensial ortaya qoymadı. Daha doğrusu qoya bilmədi. Dəyişim olaraq sadəcə İsa Qəmbərin partiyanın qərargahındakı kabinetinin üstündən «başqan» lövhəsi «lider» lövhəsi ilə əvəz olunacaq və «başqan» lövhəsi Arif Hacılının kabinetinin üzərinə daşınacaq. Bəlkədə Arif Hacılı kabinetində bir neçə mebeli dəyişəcək. Amma bu belə Arif Hacılının şəxsi məsələsidi. Başqa dəyişən bir şey oldumu?..

Müxalifət son 20 ildə davamlı olaraq xalqdan hansı mesajı alır?

1993-cü ildən bu yana Azərbaycanda 5 prezident seçkisi və 4 parlament seçkisi baş tutub. Bu seçkilərdəki qanın pozuntularını bir yana qoyaq. Çünki qanun pozuntularına rəğmən müxalifət faktiki olaraq heç bir seçkini qazanmayıb. Bəs bunun səbəbləri bu günə qədər müxalifət partiyalarında obyektiv olaraq müzakirə olunubmu? Bu müddətdə müxalifət yeni potensial arayışları içinə giribmi və ortada olan hansısa nailiyyəti varmı? Son 15 ili nəzərdən keçirərsək görərəik ki, demək olar bütün ziyalı potensial müxalifəti tərk edib. Onlar ya hakim partiyaya qatılıblar, ya səsizliyə çəkiliblər, ya da ölkəni tərk ediblər.

Bəs aradan keçən 20 il müddətində Azərbaycan xalqının müxalifətə mesajı nə olub? Əslində mesaj çox açıq və qəti olub. Xalq 90-cı illlərin kütləvi xaosu üzərində formalaşan siyasi müxalifətin potensialı ilə öz sabahına baxmır və bu potensalla gələcəyini düşünmür. Bu çox aydındır.

Amma müxalifət xalqın bu mesajını ala bilirmi?

Bir mənalı olaraq demək olar ki, ala bilmir. Əgər bu belə olmasaydı, liderlər bir mənalı olaraq siyasətdən gedərdilər. Azərbaycan hakimiyyəti ona görə alternativsiz ola bilir ki, müxalifət liderləri özlərinə altenativ görə bilmirlər. Bunun ən bariz nümunələrindən biri Müsavat Partiasının 2001-ci ildə verdiyi qərar və bu qərarı icra etməməsidir. Bir daha təkrar edirəm, 8 ildən sonra baş tutan qurultayda heç bir şey dəyişmədi. İsa Qəmbər siyasətdən getmədi və partiyanın əvəzolunmaz lideri olaraq öz statusunu daha da böyütdü.

Burda bir haşiyə çıxmaq gərəkir. 90-cı illərin xalq hərəkatı üzərində formalaşan siyasi qüvvələr bu gün Pribaltika ölkələrində, şərqi Avropa ölkələrində və hətta qonşumuz olan Gürcüstanda varlıqlarını sürdürürlərmi?
Sürdürmürlər. Çünki həmin ölkələrdə müxalifət liderləri özlərinin alternativsizliklərini təsəvvür belə edə bilmirlər. Bu isə cəmiyyətə yeni stimul verir və yeni siyasi potensalların ortaya çıxması üçün qapı açır. Cəmiyyətdə yeni ümidlər yaranır və bu yeni ümidlərlə hakimiyyətə gəlirlər. Ən azından xalq yeni potensiala səs verməyi hər zaman köhnəyə səs verməkdən daha doğru hesab edir.

«Köhnə ümidlər»in yolçuları

İsa Qəmbər 2001-ci ildə nizamnamədə dəyişiklik edərkən heç də səmimi deyildi. O 2003-cü ilə Heydər Əliyevi əvəz edəcəyini düşünürdü və buna görə də partiyasını daha demokratik göstərmək üçün sonradan onun bir nömrəli probleminə çevrilən nizamnamə dəyişikliyinə getdi. Amma sonradan İsa Qəmbər alternativsizliyindən vaz keçə bilmədi və bu üzdəndə partiyaya tamı-tamına 4 il qeyri legitim strukturlarla çalışdı. Və sonunda yenə olan oldu. Başqan alternativsiz liderə çevrildi. «Köhnə ümidlər» çəkilib getmədi və «yeni ümidlər»ə qapı yenidən bağlandı. Həm də çox kip.

Qurultay xalqa hansı mesajı verdi?

Qurultayın xalqa verdiyi mesaj çox açıq və qətidi. Qurultayın xalqa verdiyi mesajda qırmızı xəttlə bir ifadə yazılıb: «Biz köhnə hamamda köhnə taslarla çimirik. Bizimlə çimmək istəyən varmı?»

Bu ironiya deyil. Bu acılığından ağıza alınması çox çətin olan həqiqətdir. Söhbət heç də başqanlığa Arif Hacılının ya da Qubad İbadoğlunun gəlməsindən getmir. İnanın ki, Qubad İbadoğlu seçilsəydi belə mənzərə eyni olacaqdı. Söhbət İsa Qəmbərin və onun komandasının bir mənalı olaraq siyasətdən getməsindən gedir.

Doğurdanmı İsa Qəmbər siyasətdən getsə Müsavat Partiyası dağılar?


Bu təfəkkürlə partiyanı qoruyub saxlamaq istəyənlər bir şeyi anlamalıdırlar. Alternativsiz mütləqlər heç bir zaman heç bir inkişafa təkan verə bilməzlər. Əgər doğurdanda Müsavat Paritaysı İsa Qəmbərin getməsi ilə dağılacaqsa, o zaman buraxın dağılsın. Çünki bu partiyanın sabaha ümidi və potensialı ancaq bir nəfərdən ibarətdirsə və inanın ki, bir nəfərin potensialı ilə hər hansı uğura və inkişafa nail olmaq mümkün deyil. Əgər Müsavat Partiası yeni ümidləri və yeni potensialları özü öldürürsə, bir nəfərin mülkünə çevrilirsə, o kimə lazımdır?

Azər QARAMANLI