backend

Əli Kərimli müsavatçıları qəzəbləndirdi

Əli Kərimli müsavatçıları qəzəbləndirdi
























AXCP sədrinin açıqlamalarına “2015-ci ilin parlament seçkilərində də bunlar yenə ətəyimizdən yapışacaqlar” cavabı verildi

AXCP sədri Əli Kərimli AzadlıqRadiosuna verdiyi müsahibədə Müsavatın AXCP-ni qurultaya çağırmamasını tənqid edib və hazırda Müsavat daxilində davam edən mübahisələrə münasibət bildirib: “Bu gün öz daxillərində müəyyən mübahisələr yaranıb. Tarixə ekskursiya edərək deyirəm ki, vaxtilə Xalq Cəbhəsinin daxilində belə ciddi münaqişələr olub və Müsavat Partiyasının hansı rol oynadığı bəllidir, amma biz onların daxilində baş verənlərə qarışmırıq. Bizi tərk edən insanlara deyəcək sözümüz yoxdur.

Onlara arzulayırıq ki, bu mərhələni başa vursunlar. Nə zaman Müsavat Partiyasını yönəldən insanlar real müxalifətin mövqeyini bölüşəcəklərsə, real müxalifətlə səylərini birləşdirmək istəyəcəklərsə, o zaman münasibətlər dəyişə bilər. Amma hələ ki biz öz yolumuzu gedirik. Bizi tərk edən insanlara sözümüz yoxdur”.

Ə.Kərimli vurğulayıb ki, Müsavat Partiyası onları dəvət etsəydi, sonrakı münasibətlər haqda düşünmək olardı: “Onlara başarılar diləyirəm, amma daxili işlərinə qarışmıram. Birinci dəfə idi ki, Müsavat Partiyası AXCP-ni qurultaya dəvət etmədi. Bundan çıxan nəticələrə də qatlansınlar”.

Müsavat Partiyası Məclisinin üzvü Mustafa Hacıbəyli “Yeni Müsavat”a açıqlamasında AXCP sədrinin məsələyə tamam başqa yöndə yanaşıb, təhrif elədiyini bildirdi: “Müsavat Partiyası ümumiyyətlə heç bir təşkilatı qurultaya dəvət eləməyib və bu barədə qurultaydan əvvəl mediaya da məlumat verilib. Yəni məsələ Əli Kərimlinin qoyduğu kimi deyil. Müsavat Partiyası qurultayda yer və vaxtla bağlı məhdudiyyət olduğu üçün heç bir qonaq çağırmamaq qərarını verdi. Burada söhbət AXCP-dən yox, bütün partiyalardan gedib. Bunun izahatı qurultaydan əvvəl və qurultayda verilib. Biz vaxtdan maksimum səmərəli istifadə eləmək üçün bunu elədik. Əgər digər partiyaları dəvət edib AXCP-ni dəvət etməsəydik, Əli Kərimlinin həmin fikirləri haqlı sayıla bilərdi. İkincisi, Əli Kərimli Müsavatın daxili işlərinə qarışmadıqlarını deyir. Burada da səmimi deyil. Hamımız bilirik ki, Fuad Qəhrəmanlı AXCP-də Əli Kərimlinin sözçüsüdür, Əli Kərimlinin mövqeyini ifadə edən bir insandır. Fuad Qəhrəmanlı Müsavatın qurultayından öncə rəsmən ortaya mövqe qoymuşdu. Onun mövqeyi mətbuatda dərc olunmuşdu. AXCP-dən Müsavatın daxili işlərinə müdaxilə ilə bağlı bizdə başqa da çoxsaylı məlumatlar var. Sadəcə, onların müdaxilələri seçkilərin nəticələrinə təsir göstərmədiyi üçün biz bunun üstündən sükutla keçirik. Məncə, Müsavat AXCP-yə dəvət göndərsəydi, Əli Kərimli qurultayda iştirak etməyəcəkdi. Bir ildən çoxdur ki, AXCP və onun sözçüsü olan Fuad Qəhrəmanlı Müsavatın əleyhinə sistemli təbliğat aparırlar. Müsavatın iqtidar partiyası olduğu təbliğatını aparırlar. Onlar Müsavata qarşıdırlar, Müsavatı gözdən salmaq üçün çalışırlar. Biz onları qurultayımıza dəvət etsək də, etməsək də onların bizə münasibəti dəyişmir”.

M.Hacıbəyli xatırlatdı ki, AXCP rəhbərliyi 2005-2010-cu illər ərzində də analoji xətti yürüdüb Müsavatla əməkdaşlıq etməyəcəklərini bəyan edib: “Əli Kərimli 2005-ci ildə Əli Əliyevlə və Lalə Şövkətlə birləşərək ”yeganə müxalifət bizik" təbliğatını aparırdı. Düz beş il bu təbliğatı apardılar. Amma yekunda nə baş verdiyi bəllidir. 2010-cu il parlament seçkilərinə az qalmış Lalə Şövkətin və Əli Əliyevin mövqeləri ortaya çıxdı. Əli Kərimli başda olmaqla, AXCP beş il ərzində iqtidar partiyası kimi adlandırdıqları Müsavata xahiş etdilər ki, gəlin birlikdə seçkiyə gedək. Yenə tarix təkrarlanır. Onlar Müsavatı özlərinə əsas rəqib gördükləri üçün daim Müsavat əleyhinə təbliğat aparırlar, amma seçki ərəfəsində Müsavatın nüfuzu, resursları lazım olduğu üçün hər dəfə bizim ətəyimizdən yapışırlar. Düşünürəm ki, 2015-ci il parlament seçkilərində də bunlar bu təbliğata son qoyub yenə ətəyimizdən yapışacaqlar".

M.Hacıbəyli onu da dedi ki, Əli Kərimlinin Müsavatdakı hazırkı durumla vaxtilə AXCP-nin daxilində getmiş münaqişələri eyniləşdirməsi yanlışdır: “Əli Kərimlinin fraksiyaçılıq siyasəti hələ Əbülfəz Elçibəyin sağlığında başlamışdı. Hələ Elçibəyin sağlığında Əli Kərimli Əbülfəz bəyin imzası ilə ortaya çıxan deputatlığa namizədlər siyahısını saxta adlandırmışdı və Elçibəyin imzasını şübhə altına almışdı. Yəni müqayisə etdikdə görünür ki, bu tamam başqa bir prosesdir. Müsavatda isə demokratik, şəffaf bir seçki keçirilib. Bir ay ərzində namizədlər seçki kampaniyası aparıblar. Bu prosesə nəinki Müsavatda, Müsavatdan kənarda da ciddi maraq olub. Müdaxilələr də olub. Həm Müsavata yaxın olan təşkilatlar, həm də Müsavatın əleyhinə olanlar mövqelərini açıqlayıblar. Nəticədə qurultay keçirilib. Qurultay tam demokratik keçib. Bir şeyi xatırlatmaq istəyirəm ki, qurultayda Hikmət Hacızadə çıxış elədi və bütün partiyalara qurultay adından bir çağırış ünvanlanması təşəbbüsü qaldırdı. Bu çıxışın məğzi ondan ibarətdir ki, Azərbaycandakı digər müxalifət partiyaları da Müsavatdan qurultay və seçki keçirməyi öyrənsinlər”.

Müsavat Məclisinin üzvü Səxavət Soltanlı da Əli Kərimlinin fikirlərinə münasibət bildirib. O, Ə. Kərimlini Müsavata sataşmaqda ittiham edib: “AXCP sədri hörmətli Əli Kərimli yenidən Müsavata sataşmaqla yeni gündəm yaratmaq istəyib. Əli bəy, Müsavat Partiyasını yönəldən insanlar başda olmaqla, Müsavat Partiyası real müxalifətin özüdür! Bizim hədəflərimiz demokratik Azərbaycan qurmaq, sizin hədəfiniz Müsavat. Fərqimiz bu”.

S.Soltanlı hesab edir ki, AXCP oyundankənar vəziyyətə düşdüyündən Müsavata sataşır: ““Real müxalifət” görüntüsü yaratmaqla müxalifət olmaq olmadığını, oyundankənar vəziyyətə düşdüyünüzü yaxşı bildiyinizdən Müsavata sataşmağı çıxış yolu seçmisinizsə bir söz deməyəcəyəm. Müsavat adından faydalanmaq xalqımızın bütün insanları kimi sizin də haqqınız. Amma heç kimin Müsavat Partiyası haqqında söylədiyi yalanlara, xalqı aldatmağa çalışmasına da tamaşaçı olmaq fikrimiz yoxdur. İnciməyin, səhvlərinizi yenə də təkrarlayırsız. Olmazmı hərə öz yolunu getsin? Kimin doğru yolda olduğunu zaman göstərəcək".

qaynarxett.az