backend

“İndiki halda fermerlərin vergilərə cəlb edilməsi faydalı olmaz” — Ziyad Səmədzadə

“İndiki halda fermerlərin vergilərə cəlb edilməsi faydalı olmaz” — Ziyad Səmədzadə















Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, akademik Ziyad Səmədzadə kəndlilərin vergi verməsi ilə bağlı səsləndirdiyi fikirlərə aydınlıq gətirib.
Z.Səmədzadə “Ölkə.Az”a açıqlamasında deyib ki, onun fikirləri təhrif edilib:

“Çox təəssüf ki, real iqtisadi prosesləri obyektiv qiymətləndirməyən və özlərini “jurnalist” adlandıran bəzi şəxslər mənim fikirlərimi təhrif edirlər. Azərbaycan dövlətinin apardığı iqtisadi siyasətin mühüm istiqamətlərindən biri aqrar sektora dəstəkdir. Bu istiqamətdə dövlət başçısı mühüm işlər görür. Bu işlər göz qabağındadır. Azərbaycanda fermerlərə dövlət tərəfindən subsidiyalar və güzəştli kreditlər verilir. Bir çox istiqamətlərdə irimiqyaslı infrastruktur layihələri həyata keçirilir. Bütün bunlar da kənd təsərrüfatının sürətli inkişafını təmin etməyə və Azərbaycanın ərzaq təhlükəsizliyinin yaxşılaşdırılmasına yönəlib. Bu tədbirlərdən biri də uzun illər tədbiq edilən və bundan sonra da tətbiq ediləcək kənd təsərrüfatının vergilərdən (torpaq vergisi istisna olmaqla – müəllif) azad edilməsidir. Mən bu fikirləri uzun illərdir səsləndirirəm. Ancaq çox təəssüf ki, mənim bu fikirlərimi təhrif edən şəxslər var. Fikirlərimi təhrif edənlərə demək istəyirəm ki, siz düz yolda deyilsiniz”.

Komitə sədri bildirib ki, indi fermerlərin kifayət qədər imkanları olmadığı üçün vergilərdən azad edilib:
“Bu çox düzgün yanaşmadır. Fermerlərin gələcək maliyyə vəziyyətlərini yaxşılaşdırmaq üçün aparılan vergi siyasəti çox doğrudur. Kənd təsərrüfatı məhsulu istehsalçılarının rəqabətə davamlı fəaliyyəti, dünya bazarına çıxmaq, ixrac potensialını artırmaq və ərzaq təhlükəsizliyini artırmaq üçün görülən bu kimi tədbirlər vacib əhəmiyyət daşıyır. Əminəm ki, bu sahədə uğurlu fəaliyyət bundan sonra da davam etdiriləcək. Mən bir daha deyirəm ki, indiki halda fermerlərin vergilərə cəlb edilməsi faydalı olmaz”.