backend

İlhaməsiz iki il, Damlanın 30 milyonu, Könülün işıq pulu borcu, Şəbnəmin təhdidi - HƏFTƏBECƏR

İlhaməsiz iki il, Damlanın 30 milyonu, Könülün işıq pulu borcu, Şəbnəmin təhdidi - HƏFTƏBECƏR















Milli.Az jurnalist İntiqam Valehoğlunun müəllif layihəsi olan "Həftəbecər"i (160-cu say) təqdim edir.

Dostlar, bütün şərhləri oxuyuram, cavab da verirəm. Amma ürəyimdə. Şərhlərdə ötən həftə görüşə gedən aktrisanın kimliyini soruşursunuz. İpucu olaraq deyim ki, hazırda çox məşhurdur. Xüsusən də yaşadığı qalmaqallar və verdiyi açıqlamalarla. Məncə, bu ipucundan sonra tapmamaq günahdır.

Ötən həftə mərhum xalq artisti İlhamə Quliyevanın vəfatından iki il ötdü. Səssiz, səmirsiz iki il. Məncə, bu səmirsizlik istənilən sənət adamı, istənilən qeyri peşə sahibi üçün örnəkdir. Yəni, hər kəsi belə bir aqibət gözləyə bilər. Hər kəsin ətrafında yüzlərlə insan olar, sonucda tək qala bilər. Bu mənada dedim ki, İlhamə xanımın həyatı və ölümündən sonrakı iki il əsl həyat örnəyidir.

Bu arada mədəniyyətimizə ağır itki üz verib. Bütün sənətsevərlərə dərin hüznlə başsağlığı vermək istəyirəm. Damlanın üst-üstə otuz milyon baxışı olan videolarını sosial şəbəkələrdən siliblər. İddia etdiyinə görə, bunu işçisi edib və o da işçini polisə verib. Təsəvvür edin ki, həmin qardaşdan harada işlədiyini soruşurlar. O da cavab verir ki, Damlada. Hər kim edibsə, böyük günaha girib. Bu, otuz milyon göz yaşı, 60 milyon qulaq, altmış milyon əl deməkdir. Heyf...

"Maşın şou"da baş verənlər hər zaman tənqid etdiklərim sırasında olub. Əslində, məsələyə bir az başqa yöndən yanaşsaq, Murad Dadaşova təşəkkür də düşür. Çünki sənət adamlarının əsl simalarını camaata göstərə bilir. Namiq Qaraçuxurlunun şou barədə açıqlamasını oxuyuram. Deyir ki, özümü orada görmürəm. Görünür, illərlə qazandığı hörməti itirmək niyyətində deyil.

Könül Kərimova deyib ki, qızı ərə gedəndən sonra nə evində olmayıb, nə də zəng etməyib. Kasıbçılığın üzü qara olsun. O gün də efirdə sənətçinin işıq pulu borcunu açıqlayıblar -172 manat. Deyilənə görə, Kərimova dördcə mərtəbəli malikanəsində ac-susuz oturub, işığın pulunu da verməyə imkanı çatmır. İmkanı olsaydı, qızının yanına gedərdi də. Dedilər, dedilər, axır ki, qurutdular.

Borc demişkən, ötən həftə Şəbnəm Tovuzlunun bir xanıma 208 manat borclu olduğunu yazmışdıq. Sənətçi deyib ki, o xanım efirə zəng vurduğuna görə pulu verilməyəcək və lazımi yerdən cavabını alacaq. Bu açıqlamanın adı nədir, bilən var? Yəni, dəli Nəzərəm, belə gəzərəm? Necə yəni lazımi yerdən cavabını alacaq? Borcu qaytarmamaq bir ayıb, hələ üstəlik təhdid? Fikrimcə, hüquq-mühafizə orqanları həcinin həyat yoldaşının bu açıqlamasına qiymət verməlidir.