backend

“Dövlətin ayırdığı pula göz dikilib” - 2 yaşlı xəstənin atasından İDDİA

“Dövlətin ayırdığı pula göz dikilib” - 2 yaşlı xəstənin atasından İDDİA
















Talassemiya xəstəsi olan 2 yaşlı Sadıqzadə Əli Etibar oğlunun müalicəsi üçün dövlət tərəfindən ayrılan vəsait uşağın ailəsinə verilmir. Cebhe.info xəbər verir ki, bu barədə Sadıqzadə Əlinin atası Etibar Sadıqov məlumat verib. Onun sözlərinə görə, özü stomatoloqdur və ixtisasına uyğun işləyib, eyni zamanda tibbi avadanlıqların ölkəyə gətirilməsiylə məşğul olub: “2014-cü ildə ailə qurmuşam və 2015-ci ildə Əli dünyaya gəlib. 1 yaşından sonra övladımızın səhhətində problem yaranmağa başladı. Onu Talassemiya Mərkəzinə apardıq və onda irsi qan xəstəliyi aşkarlandı. Uşağı mərkəzdə qeydiyyata saldırdıq. Talassemiyanın müalicəsi üçün xəstələr dövlət hesabına xarici ölkələrə göndərilir, orada ilik köçürülməsi ilə xəstəlik müalicə olunur. İmkanı olanlar isə müalicəsini öz hesablarına aparırlar”.

E.Sadıqovun sözlərinə görə, övladının müalicəsi üçün xəstələrin xaricə göndərilməsi ilə bağlı yaradılan xüsusi komissiyaya müraciət edib: “Komissiyada qəbula yazılmağa öz rayonumuzdan seçilən deputat kömək etdi. Komissiyada mənə bildirildi ki, dövlətdən ayrılacaq 150.000 dolların 80.000 dollarını onlara geri qaytarmalıyam. Artıq uşaqda bağırsaq sallanması, dalaqda genişlənmə, sümük deformasiyası gedirdi, təcili müalicə başlamalı idi. Ancaq ayrılan vəsaitin 80 minini kiməsə versəydim, müalicə mümkün olmayacaqdı. Yaşadığım evi də satsam, vəsaitin qalan hissəsini təmin etmək olmurdu”.

E.Sadıqov bildirib ki, məsələ ilə bağlı Səhiyyə Nazirliyində yüksək vəzifəli şəxslərin qəbulunda olub və ona irəli sürülən tələblə bağlı danışıb. Ancaq iddiasına görə, ona nəinki kömək edilməyib, hətta işdən uzaqlaşdırılıb: “Tədbir görmək əvəzinə mənim işdən çıxarılmağım barədə göstəriş verildi. 1 gün sonra işə gedəndə məni işə buraxmadılar və bildirdilər ki, işdən çıxarılmışam”.

Sözügedən məsələ ilə bağlı Səhiyyə Nazirliyindən Cebhe.info-ya bildirilib ki, şikayət araşdırılacaq.