backend

“Çox adam dərk etdi ki, sən demə, belə ləyaqətlə də yaşamaq olarmış”

“Çox adam dərk etdi ki, sən demə, belə ləyaqətlə də yaşamaq olarmış”

Eldəniz Quliyev: “İstəmirdi ki, öləndə də əsl sənətə, ləyaqətə və şərəfə qiymət verməyə layiq olmayan adamların himayəsində olsun”


“Çox adam yazır ki, Fuad ləyaqətli insan olub, heç vaxt sınmayıb. Bu cür yanaşmalar təəccüblüdür. Bəs adam necə olmalıdır ki, qürursuz, şərəfsiz yaşamalıdır?!”.

Bunu Moderator.az -a açıqlamasında Azərbaycan Ziyalılar Birliyinin rəhbəri, tanınmış ssenarist və kinodramaturq Eldəniz Quliyev yaxın dostu xalq artisti Fuad Poladovun ölümünə münasibət bildirərkən deyib. E.Quliyev bildirib ki, əslində insan belə yaşamalıdır:

“Fuad Poladov haqqında danışmaq mənimçün bir qədər ağırdı. O, ömrü boyu mütaliə edirdi. Ölümündən bir müddət əvvəl biz görüşəndə gördüm ki, qoltuğunda kitab var. Bununla bərabər Fuad həm də xeyirxah insan idi. Bu, mənimçün təkcə dost itkisi deyil, Fuad həm də Azərbaycanın ruhundan, canından və qanından gedən bir dəyərdir. Çox adam yazır ki, Fuad ləyaqətli insan olub, heç vaxt sınmayıb. Bu cür yanaşmalar şəxsən mənim üçüm təəccüblüdür. Bəs adam necə olmalıdır ki, qürursuz, şərəfsiz yaşamalıdır ?!

Fuad Poladov sadəcə İNSAN kimi yaşayırdı. Ətraf mühit xüsusən də sənət cameəsini nəzərdə tuturam, bunların bir çoxu o qədər ləyaqətini, qürurunu və mənliyini itirib ki, Fuad orda ağ qarğa kimi görünürdü. Əslində hamı bu cür-insan kimi yaşamalıdır. Kiməsə fəxri adlar və digər mükafatlar verirlər. Əslində bu adlar yaradıcı insanın yuxusuz gecələrinin və ömrünün bəhrəsidir. Fuad məsələyə bu cür yanaşırdı. Donkixot indi mənfi obraz kimi qəbul olunur. O, haqq və ədalət uğurunda mübarizə aparırdı,-sadəcə tək idi”

E.Quliyev qeyd edib ki, bir çoxlarından fərqli olaraq, Fuad xəstəliyi dövründə də heç kimdən, heç nə ummadı:

“O, ölümüylə də çoxlarına sözün əsl mənasında ibrət dərsi keçdi. Birinin harasısa ağrıyan kimi hay-həşir salır ki, hökümət mənə baxmadı, müalicəyə göndərmədi. Belə şeyləri görəndə adamın əti tökülür. Fuad ancaq bunları etmədi. Mən bilən ona xəstəliyi ərəfəsində iqtidar yetkililərindən çox böyük məbləğdə pul təklif olunub, amma o, bundan imtina edib. Dünən mən bildim ki, o, ölümündən əvvəl gedib qəbr yerini hazırladıb və istəmirdi ki, öləndə də əsl sənətə, ləyaqətə və şərəfə qiymət verməyə layiq olmayan adamların himayəsində olsun. Fuad xalq artisti olmaqla yanaşı, həm də xalqın artisti idi. Onun dənf mərasimində cəmiyyətin bütün spektrları iştirak edirdi. Kişi kimi, ləyaqətlə yaşamaq Allah tərəfindən bizə ləyaqətlə ölmək şansı verir. Bəli, o, bu şansdan istifadə etdi. Mən yüz faiz əminəm ki, bu gün onun qəbri nurla doludur, məkanı cənətdir. Azərbaycan incəsənəti Fuadın ölümüylə əsas sütunlarından birini itirdi və elə bil ki, mənəviyyatımız, əxlaqımız bir qədər rəngi-ruhunu itirdi, soldu. Amma əvəzində çox adam dərk etdi ki, sən demə, belə ləyaqətlə də yaşamaq olarmış”.

qaynarxett.az