backend

Nikah üçün məcburi müayinə

Nikah üçün məcburi müayinə


















Hüquqşünas: «Arayışın məcburi tələb olunması ailələrin dağılması riskini azaldacaq»

Azərbaycanda nikaha girənlərdən tibbi arayışın tələb olması ilə bağlı qanunvericiliyə dəyişiklik Milli Məclisin payız sessiyasında müzakirəyə çıxarılacaq. Ailə Məcəlləsinə, İnzibati Xətalar və Cinayət məcəllələrinə ediləcək dəyişikliklərdə nikaha girənlərin saxta arayışlar təqdim etməsi və onların qəbuluna qarşı cəzalar da nəzərdə tutulur. Nikaha girən şəxslərdən sağlamlıq haqqında arayışın məcburi tələb olunması onların hüquqlarını məhdudlaşdıra bilərmi?
Qanunvericiliyə dəyişikliyi şərh edən hüquqşünas Natiq Abdullayev ailələrin həm fiziki, həm də mənəvi cəhətdən sağlamlığının qorunması üçün yeni dəyişikliyi müsbət addım hesab edir. «Təcrübə göstərir ki, nikaha daxil olan şəxslər sonradan bir-birlərində nikahın pozulmasına təsir göstərən xəstəliklər aşkar edirlər və bununla da nikahlarını ləğv etdirirlər. Əlbəttə, formal səbəb kimi «xasiyyətimiz düz gəlmir» iddiası göstərilir, lakin əsl səbəbin xəstəlik olmasına dair də çoxlu faktlar var. Praktiki hüquqşünas fəaliyyətimdə 30-dan artıq belə halın şahidi olmuşam ki, nikaha daxil olan oğlan xroniki narkomandır, onlarla nikaha girən qızlar bu faktı sonradan aşkar edirlər və boşanmaya qərar verirlər. Bu zaman isə əvvəlki vəziyyəti, münasibətləri bərpa etmək mümkün olmur, nikah pozulur. Nəticədə cəmiyyətə növbəti dağılmış ailə, bir də xəstə doğulmuş uşaq qalır. Əgər belə bir arayış əvvəlcədən alınarsa, onda nikaha daxil olan şəxslər bir-birlərinin səhhətində olan ciddi qüsurları əvvəlcədən bilərlər və bundan sonra nikaha daxil olub-olmamasına qərar verərlər."
Hüquqşünasın sözlərinə görə, qanuna görə, nikaha daxil olan şəxslərdən biri özündə dəri-zöhrəvi xəstəliyinin və insanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliyin (AiDS) olmasını o birindən gizlətdikdə, digər tərəf nikahın etibarsız sayılması tələbi ilə məhkəməyə müraciət edə bilər.
Bu vaxtadək nikaha girən şəxslərin həkim müayinəsindən keçməsi könüllüdür. Lakin sağlamlığa dair arayışın təqdim edilməsi diqqətəlayiq, ciddi bir məsələdir. Nikaha daxil olan şəxslərin sağlamlığına dair tibbi arayışın verilməsinə ciddi dövlət nəzarətinin olması çox vacibdir. Təbii ki, belə məlumatların konfidensiallığı qanunla qorunmalıdır. Nikaha girən şəxslər biri-birinin sağlamlığından məlumatlı olmalıdırlar, əsas budur. "Oğlan və ya qız nikaha girdiyi şəxsin xəstəliyini bildiyi halda da onunla nikaha girə bilər, əsas odur ki, bu barədə onun məlumatı olsun. Ona görə də burada nikah hüququnun məhdudlaşdırılmasından söhbət gedə bilməz. Hazırda nikahın qeydə alınması Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli qərarı ilə təsdiqlənmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası» ilə tənzimlənir. Təklif edirəm ki, «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 3-cü hissəsinə (Nikahın qeydə alınması) yeni müddəalar əlavə edilsin, bununla nikaha daxil olanların qeydiyyat orqanına təqdim etdiyi sənədlərin siyahısı müəyyənləşdirilsin və bu siyahıda digər sənədlərlə yanaşı, nikahın qeydə alınması üçün nikah müqaviləsi və tibbi arayışın təqdim olunması zəruriliyi təsbit olunsun. Arayışın məcburi tələb olunması bir çox problemləri həll edəcək. Ən azı bundan sonra qurulan ailələrin gələcəkdə dağılması riskini xeyli azaldacaq».

V.KAZIMOV/Analtik.az