backend

ETİRAF - Təklikdə hamının danışdığı adam

ETİRAF - Təklikdə hamının danışdığı adam
Əbülfəz Elçibəyin anadan olmasının 80 illiyi ilə bağlı BMM-də tədbir keçirildi. Hakimiyyət ənənələrinə sadiq qalaraq Elçibəyin yubileyinin layiqli şəkildə qeyd edilməsinə imkan vermədi, istədiyi yerdə və istədiyi kimi keçirilməsinə nail oldu. Çox məhdud sayda dəvət edilən elçibəysevərlərin ixtiyarına verilmiş kiçik bir zalda hətta normal şərat yaradılmadı. Çox təəssüf, bir çox iştirakçının Elçibəylə bağlı fikirlərinin səsləndirilməsinədə imkan verilmədi. Tədbirdə səsləndirmək istədiyim fikirlərimi fb-də yaymaq məcburiyyətində qaldım.

KXCP Ali Məclisinin sədri Bəybala Əbilin Əbülfəz Elçibəyin yubiley tədbirində etmək istədiyi çıxış:

ETİRAF - (Təklikdə hamının danışdığı adam)


“Ceng ölünce kayb edilmez.
Ceng düşmanlarımıza benzediyimezde kayb edilir.”

Günaydın BƏY.

Epiqrafda deyilən bu hikməti Siz bir daha təsdiqlədiz BƏY.
Sizdən əvvəldə isbatlamışdılar bu gerçəyi ...

BƏY 18 ildir əbədiyyətə qovuşsanda cəng davam edir...

18 ildir əbədiyyət qədər uzaqlaşsanda heç yadlarından çıxmırsan BƏY, əksinə hər kəsin yadında və yanındasan. Dostlarında, düşmənlərində bir an da olsa heç unutmurlar səni, hətta biganələrdə problemləri artdıqca səni xatırlayırlar. Sevinclərini də, kədərlərini də səninlə bölüşür, acıqlarını səndən çıxır, carəsizliklərini, günahlarını hətta cinayətlərini səninlə bölüşmək istəyirlər BƏY.
18 il əvvəl olduğu kimi yenə də Sənə ehtiramdan, sevgidən danışır, Səndən sitat gətirir, şəkilini ən hündür yerlərdə asır, Səndən umur-küsürlər, Səni tənqid edir, hətta Səni satmaqdan çəkinmirlər ...

18 ildir Sənin yoxluğunda müstəqillik, demokratiya, bütövlük ... axtarırlar.
Sağlığında olduğu kimi indi də Səninlə məsləhətləşmək, mübahisə etmək, tənqid etmək çox asandır, hətta arxancada rahatca danışmaq olur.

Amma, yaman aldatmışdın bizi, BƏY. Prinsiplərin, aydın fikirlərin, aydın ifadələrin, sadə-anlaşıqlı izahlarınla böyük iddialar peşinə salmışdın bizi, yaman yaxınlaşdırmışdın hədəflərimizi BƏY. Elə bilmişdik Sənsiz də çözərik sorunları, hətta bəzən bizə elə gəlirdi ki, mane olursan BƏY. Milli kimliyini tanıdaraq milli dövlətini bərpa etdirmişdin, demokratik cəmiyyət və bütöv vətən qurmaq üçün silkələyib ayaqlandırmışdın müstəmləkə məngənəsində dondurulmuş sovet vətəndaşını. Getməyinlə hər şey yerbə-yer oldu. Hər birimiz qaxıldıq oturduq yerimizdə, çəkildik qınımıza və “siyasətlə” məşğul olmağa başladıq. Bəzən demokratiyanı bəhanə edərək çox rahatlıqla prinsiplərimizi və hətta səflərimizi dəyişdirdik, Rəsulzadə ilə Nərimanovu, Elçibəylə Heydər Əliyevi eyniləşdirdik, hətta qəbir üstünə gül çələngini qoyduqda da ...

Əvvəllər qiyamı dəstəkləyir, etimadsızlığla bağlı qərar layihəsi hazırlayırdı “silahdaşların”, indidə Milli Məclisdə, AŞ-da, AŞPA-da, ATƏT, AB və digər beynəlxalq camiyələrdə, mediada ölkəmizdəki fəlakətin, rüşvətin, korrupsiyanın, saxtakarlığın, haqsızlğın ört-basdır edilməsi üçün dəridən-qabıqdan çıxırlar.

Düşmənlərə bənzəyənlərimiz düşündüyümüzdən daha çox və daha təhlükəli oldu, BƏY. Amma yoxluğunda satılanlara babat qiymət vermirlər, yazıqların başlarını qəpik-quruşla aldadlrlar.
Gerçəklik budur ki, hələki, hədəflərimizə yaxınlaşa bilmirik. Hədəflərimiz də Sənin kimi çox uzaqlaşıb BƏY ...

Rusiya, İran, Ermənistan kimi ölkələrin rejimləri daha rahat nəfəs alır, Türklük, Bütövlük davaları səngiyib, Qarabağ savaşı dayanıb BƏY. Sərhədlərdəki əhali Allahın ümidinə qalıb, şəhid ailələri və qazilər cəmiyyətin artıq adamlarına çevrilib.

Sağlığında beynəlxalq təşkilatlar işğalçıların torpaqlarımızdan çəkilməsinin vaxtını təyin etmişdi. İndi, həmin təşkilatlar hər il insan haqlarının pozulması, seçki saxtakarlığı, siyasi dustaqlar, korrupsiya kimi əksik işlərdə Azərbaycan hakimiyyətinin böyük “uğurlarını” qeyd edir, mötəbər komissiyalar “kürü diplomatiyasını” incələyir, əcnəbi dövlət adamlarına, millət vəkillərinə verilən rüşvət, təqdim edilən qadınlarımızla bağlı araşdırmalar aparır, yüksək ranqlı məmurlarımızın və onların ailə üzvlərinin ofşor banklardakı yatırımlarının, dünyanın bir çox ölkələrindəki daşınmaz əmlaklarının, mülklərinin və firmalarının siyahılarını hazırlayırlar.
Rus müstəmləkəsindən qurtulan xalqımız saxta hakimiyyət sturukturlarının, məmurların istilası altında cabalayır, Bəy.

Müasir idarəetmə sistemlərini, texnologiyaları ölkəyə gətirmək məqsədi ilə xarici firmaların yalnız bir neft yatağının istismarına razılıq vermişdin, artıq yeraltı sərvətlər çoxdan satılaraq ofşor banklara yığılıb, BƏY.

Müəllimi cəmiyyətin ən hörmətli və etibarlı adamına çevrilməsini istəyirdin. Yenicə yaranmış milli dövlətimiz ağir iqtisadi problemlər içərisində çabalasada müəllimlərin məvacibini dəfələrlə artırdın, onu bütün sosial xərclərdən azad etdin ki, müəllimi ehtiyac içində yaşayan cəmiyyətin gələcəyi olmaz. İndi tərsinə olub, məktəb direktoru ən “gəlirli” vəzifəyə çevrilib, müəllimlərimiz cəmi otuz manata seçkini saxtalaşdırmaq üçün direktorun fitin gözləyir. Sovetlərdən qalan dərslikləri dəyişdirmək üçün bir an gözləmədən qərar vermişdin, indi Azərbaycan tarixinin cildini böyük Ermənistan xəritəsi bəzəyən dərsliklərimiz təhsil siyasətimizin yönünü göstərir BƏY.

Həkimlərimizin Azərbaycanın cənubunda millətimizə xidmət edəcəyini arzulayırdın, amma, indi İrana keçmək üçün gömrük qapılarında saatlarla gözləyən xəstələrimizin vəziyyətini yalnız iran mərsiyəxanları izah edə bilər.

Artıq vətəndaşın üz tutacağı, şikayət edəcəyi yer yoxdur, BƏY.

Vətəndaş və dövlətin təhlükəsizliyi ilə görəvləndirilən qurumların yüksək çinlilərinin adam oğurlaması və mütəşəkkil cinayətkarlıqla məşğul olmaları adi hal alıb, BƏY.
Yaltaqlıq, saxtakarlıq xəstəliyinə yoluxan ziyalılarımızın çoxu prezident təqaüdü növbəsindəki basa-basda həlak oldular BƏY.

Amma, bəzi sahələrdə aşkarlıq artıb. Rüşvət, korrupsiya, yaltaqlıq, satqınlıq normaya çevrilərək çiçəklənir BƏY. Hətta, bir az gec də olsa şeyximiz etiraf etdi ki, otuz ildir vicdanın nə olduğunu bilmir. Təsəlli kimi qəbul edirik şeyximizin belə dualarını BƏY.

Ən çətin vəziyyətdə olan Azərbaycan Gəncidir BƏY.

Rəsulzadənin və Sizin üz tutduğunuz, ümid və müraciət etdiyiniz Azərbaycan Gənci. Yaşamaq, təhsil, iş, mənzil, evlənmək..., tərəqqi, demokratiya və bütövlük sorunları ilə üz-üzə qalan gənclərimiz- bir anda olsun susmur, dayanmır mücadilənin önündədirlər. Bir kərə yüksələn bayrağı bir daha yüksəldərək dövlət müstəqilliyini bərpa edən, gül bayramını-qul xəcalətinə çevirən gəncliyimiz, demokratiyanın təntənəsini yaradacaq və vətənimizin bütövlüyünü bərpa edəcək gəncliyimiz.

Əbədiyyətə qovuşsanda cəng qayb edilmədi BƏY, necə ki, Rəsulzadələr, Topçubaşilər, Xoylular, Yusifbəylilər ... gözlərini əbədi yumsalarda cəng qayb edilməmişdi.

22 iyun 2018-ci il.

Yazı müəllifin feysbuk səhifəsindən götürülüb