backend

Mübariz Nağıyevin azadlğa qovuşması, yəqin ki, yaşlı atasının ömrünə yeni bir ömür payı da bəxş edəcək

Mübariz Nağıyevin azadlğa qovuşması, yəqin ki, yaşlı atasının ömrünə yeni bir ömür payı da bəxş edəcək














Sonrakı hadisələr onu göstərdi ki, Mübariz Nağıyevin həbs olunmasında daha çox Ağdamın sabiq icra başçısı Raqub Məmmədov maraqlı olub

Regionxeber.tv internet televiziyasının Mərkəzi Aran zonası üzrə bölgə müxbiri, kifayət qədər tanınmış jurnalistlərdən olan Mübariz Nağıyevin həbs olunmasından artıq üç ildən çox vaxt keçib. Ötən illər ərzində adı çəkilən jurnalistin əsassız həbs olunması ilə bağlı ayrı-ayrı media qurumlarında bir neçə dəfə açıqlamalar dərc olunub, həbs motivinin sifarişli olduğu da bildirilib. Diqqəti cəlb edən hal odur ki, Mübariz Nağıyevin həbsi həyata keçirilən zaman, bəzi vəzifə sahibləri ona qarşı şər-böhtan atırlar və həbsinə şərait də yaradırlar. Amma, sonrakı hadisələr onu göstərdi ki, Mübariz Nağıyevin həbs olunmasında daha çox Ağdamın sabiq icra başçısı Raqub Məmmədov maraqlı olub. Belə bir səbəb üzündən də, həmin vaxtlarda Azerinfo.az xəbər portalı olaraq bu yöndə müəyyən araşdırmalar aparmışdıq və lazımi məqamları da dəqiqləşdirə bilmişdik. O zaman bizə bəlli olmuşdu ki, Raqub Məmmədov KİV nümayəndələrinə qənim kəsilməkdə xüsusi ad-san da qazanıb. Regionxeber.tv internet televiziyasının əməkdaşı Nağıyev Mübariz Nuru oğlu da, onun növbəti qurbanlarından biri olub. Görəsən Raqub Məmmədovun pərdəarxası oyun oynamaqla, Mübariz Nağıyevin həbsinin həyata keçirilməsində marağı nədir?

Əvvəla onu qeyd edək ki, Mübariz Nağıyev adıçəkilən internet televiziyasının Mərkəzi Aran zonası üzrə bölgə müxbiri olduğundan, o, bölgədə və ətraf ərazilərdə baş verən sosial-iqtisadi, siyasi yönümlü məsələ və problemləri daim ictimailəşdirən, onların həllinə çalışan əməkdaşlardan biri olub. Onun istər doğulduğu Yevlax şəhərində, istərsə də digər şəhər və rayonlarda müəyyən jurnalist araşdırmaları aparmaqla, bir çox problemli məsələləri qabartması və aidiyyəti qurumlar qarşısında məsələ qaldırması, sössüz ki, bir çox vəzifə sahiblərinin, o cümlədən Raqub Məmmədovun da ürəyincə ola bilməzdi.

Məsələn, o, hələ həbs olunmazdan öncə Yevlax şəhər mühafizə polisinin Şəhliyar Paşazadə adlı əməkdaşının polis adıyla uzlaşmayan, milli-mənəvi əxlaqımızla bir yerə sığmayan əməllərə qol qoyması barədə əldə olunan çəklişi, geniş ictimaiyyətin diqqətinə çatdırmışdı. Belə ki, Şəhliyar polis əməkdaşı olmasına baxmayaraq, o, Aysel Şirinova adlı ali təhsilli bir xanımı, ixtisasca ingilis dili müəlliməsini aldadaraq Yevlax şəhərinin Tanırqullar kəndində fəaliyyət göstərən və İsmayıl adlı şəxsə məxsus oduğu bildirilən kafeyə (əslində həmin ünvan ən “xodgedən” əxlaqsızlıq ünvanlarından biri olaraq ad çıxarıb) aparır və onunla cinsi əlaqədə olmağa da can atır. Aysel Şirinova həmin kafedə Şəhliyar Paşazadənin atdığı addımlarla bağlı həyata keçirdiyi çəkilişi Mübariz Nagıyev təqdim edir, o da həmin çəkilişi ictimailəşdirir. O halda Şəhliyarın atası Mübariz Nagıyevə zəng edib bildirir ki, “Sən şərait yarat, məni Regionxeber.tv internet televiziyasının rəhbəri İbrahim Hümbətovla görüşüm. Sənin yolpulunu, nahar yeməyini də ödəyim. Onunla görüşüm zamanı Şəhliyarla bağlı çəklişin həm internet televiziyasından çıxarılmasına, həm də övladımın günahı ucbatından üz-üzə qaldığı problemin də həllinə nail olum” deyir. Çünki o, dərk edir ki, Regionxeber.tv internet televiziyasına yerləşdirilmiş bütün çəklişlərin çıxarılması, müəyyən problemli məsələlərin həllini, yalnız və yalnız adı çəkilən qurumun rəhbəri İbrahim Hümbətov həyata keçirə bilər. O, onu da dərk edir ki, Mübariz Nağıyev internet televiziyasında əsas söz sahibi deyil. Odur ki, və əgər hər kimdən hansı məbləğdə “haqq-hesab” tələb olunması, yaxud da alınması Mübariz Nağıyevə aid olmayan məsələlərdir. Elə bu səbəbdən də, Şəhliyarın atası Gəncə şəhərinə gedən İbrahim Hümbətovla görüşə bilir və müəyyən məsələlərdə ondan köməklik göstərməsini də xahiş edir. Həmin vaxt İbrahim Hümbətov “gedin Aysel Şirinova ilə problemlərinizi özünüz həll edin” deyir. Yəni, ümumi söz-söhbətin gedişi zamanı bəlli olur ki, Mübariz Nağıyev nə internet televiziyasına yerləşdirilmiş çəklişi çıxarmaq, nə də ki, kimlərdənsə pul almaq səlahiyyətinə malik olan şəxs deyil. Bu belə olduğu halda, Şəki Ağır Cinayətlər Məhkəməsində keçirilən məhkəmə prosesi zamanı Şəhliyar Paşazadənin “Mübariz Nağıyev həmin çəklişi çıxartmağın müqabilində məndən 2500 manat pul istədi” deməsi, nə qədər həqiqəti ifadə edir? Axı, həmin vaxtlarda Şəhliyarın atası İbrahim Hümbətovla görüşüb Yevlax şəhərinə qayıdarkən, o, Mübariz Nağıyevə zəng edərək bildirir ki, “Aysel Şirinova telefonumuzu götürmür, yaxşı olar ki, sən ona zəng et və fikrini öyrən” dedikdə, Mübariz Nağıyev Aysel Şirinovaya zəng edib ondan istəyini soruşur. Xanım Şiriniova ona edilmiş telefon zənginə cavab verir və “mənim istəyim 2500 manat pul almaqdır” deyir, hətta həmin danışığı Şəhliyarın atası da eşidir. Bütün bunlar bir daha onu isbat edir ki, 2500 manat pulun tələb olunması Aysel Şirinovanın tələbi olub. Deməli, Şəhliyar Paşazadənin məhkəmə prosesində verdiyi ifadə şər-böhtandan başqa bir şey deyil.

Mübariz Nağıyevin araşdırdığı və az sonra ona problem yaratdığı məsələlərdən biri də, Bərdə Diaqnostoka Mərkəzində baş verənlər olur. Beləki, həmin mərkəzdə aparıcı şöbələrdən birinə rəhbərlik edən və çalışdığı sahənin rüşvətxorluq yuvasına çevrilməsində əsas rol oynayan, eyni zamanda vətəndaşı olduğu Azərbaycan dövlətinin varlığına şübhə ilə yanaşan, onun əleyhinə düşünülmüş təbliğati işlər aparan Asif Muxtarovun atdığı addımların ifşa olunmasıdır. Yəni, adı çəkilən vəzifə sahibinin belə bir yanaşmalarını və geninə-boluna əhəmiyyət vermədən söylədiklərini geniş ictimaiyyətin diqqətinə çatdıran Mübariz Nağıyev, həmin vaxtlarda Asif Muxtarov tərəfindən hədəfə alınır. Yəni, əli hər yerdən üzülən Asif Muxtarov, Mübariz Nağıyev həbs olunduqdan və onunla bağlı Şəki Ağır Cinayətlər Məhkəməsində keçirilən məhkəmə prosesi zamanı “Mübariz Nağıyev əvvəlcə məndən 1000 manat pul istədi, sonda ona 500 manat pul verdim” deyir. Bu şəxsin də məhkəmə prosesində verdiyi ifadə şər-böhtandan başqa bir şey olmur. Çünki əvvəlcə də qeyd etdik ki, Mübariz Nağıyev adı çəkilən internet televiziyasında əsas söz sahibi deyil ki, o, Asif Muxtarovdan əvvəlcə 1000 manat pul tələb etsin, sonda da 500 manat alsın.

Başqa bir olay isə, Tərtər rayon Polis Şöbəsinin sabiq əməkdaşı Tofiq adlı şəxslə bağlı yaşananlardır. Belə ki, o, da Şəhliyar Paşazadə kimi Aysel Şirinova ilə tanış olduqdan sonra, onu Bərdə şəhərində fəaliyyət göstərən “Kəhriz” kafesinə aparır və həmin ünvanda onunla cinsi əlaqədə olmaq istəyir. Həmin vaxt onun da belə bir niyyəti baş tutmur və son anda tutduğu əməllərindən olduqca peşman olur. Çünki çox keçmir ki, Tofiqin polis adıyla uzlaşmayan əməllərinə hüquqi qiymət verilir və o, səlahiyyətli şəxslərin müvafiq əmri ilə daxili işlər orqanlarından birdəfəlik xaric olunur. Həmin vaxt onun sənədlərində guya yazmış olduğu raport əsas gətirilir və belə bir səbəb üzündən də, Tofiqin daşıdığı vəzifəsindən azad edilməsi üçün, ortaya belə bir bəhanə də gətirilir.

Şəki Ağır Cinayətlər Məhkəməsində keçirilən məhkəmə proseslərində daxili işlər orqanlarından xaric olunmuş Tofiq adlı şəxs də, Mübariz Nagıyevin üzünə durur və guya Aysel Şirinova ilə bağlı çəklişi Regionxeber.tv internet televiziyasına yerləşdirməmək üçün, Mübariz Nağıyev ondan 2 min manat pul tələb edir deyə ifadə verir. Amma, Tofiqlə danışılan bir neçə saniyəlik telefon danışıqlarına qulaq asıldıqda o da bəlli olur ki, ümumiyyətlə Mübariz Nağıyevin onunla telefon danışığı olmayıb və ondan kimsə də pul tələb etməyib. Məsələnin düşündürücü tərəfi ondan ibarətdir ki, əgər Mübariz Nağıyev həmin vaxtlarda Tərtər rayon Polis Şöbəsinin sabiq əməkdaşı Tofiq adlı şəxsdən 2 min manat pul tələb edirsə, o halda onun özü də Mübariz Nağıyevin həbsini həyata keçirə bilərdi. Çünki, Tofiqin özü vaxtilə şöbədə müəyyən səlahiyyət sahibi olan polis zabiti olub. Onun Regionxeber.tv internet televiziyası əməkdaşının üzünə durması və şər-böhtan danışması onu sübut edir ki, məhkəmə prosesində haqq deyiq, nahaqq qalib gəlir.

Onu da bildirək ki, “Sən məhkəməyə gecikmisən” adı altında Mübariz Nağıyevin həbs olunmasının kökündə, Ağdam rayon İcra Hakimiyyətinin sabiq başçısı Raqub Məmmədovun verdiyi sifariş əsas rol oynayır. Çünki, həbs motivi həyata keçirilməzdən öncə, Mübariz Nağıyev Ağdam rayonu ərazisində tüğyan edən sosial problemləri daim qabardırdı, yerli sakinlərin minbir qanunsuzluqlarla üz-üzə qalmalarını, icra hakimiyyəti başçısının yaxın qohum-əqrəbasına diqqətlə yanaşmasını və s. kimi məsələ və problemlərin varlığını daim gündəmə gətirirdi. Sözsüz ki, bütün bunlar Raqub Məmmədov tərəfindən heç cür həzm oluna bilməzdi.

Mübariz Nağıyev bir media nümayəndəsi olaraq daim problemləri qabardırdı, aidiyyəti qurumlar qarşısında məsələ qaldırırdı ki, hər kəsin problemləri həllini tapa bilsin. Bəs sonda nələr baş verdi? Baş verən o oldu ki, sadalanan problemlər həll olunmadı, aidiyyəti qurumlar ünvanlanan məktublara cavab vermədi və o, Raqub Məmmədovun sifarişi, “Sən məhkəməyə gecikmisən” bəhanəsi və Şəki Ağır Cinayətlər Məhkəməsinin çıxarmış olduğu hökmlə 2016-cı ildə 7(yeddi) il müddətinə azadlıqdan məhrum olundu. Düzdür, çıxarılmış hökmdən verilmiş apelliyasiya şikayəti əsasında ona verilmiş cəzanın bir ili götürüldü. Amma, Yevlax şəhərinin Tanırqullar kəndində fəaliyyət göstərən və İsmayıl adlı şəxsə məxsus oduğu bildirilən kafenin, Bərdə şəhərindəki “Kəhriz” kafesinin, Yevlax-Xaldan yolunun üstündəki “Ağ otel”in qanunsuzluğa söykənən fəaliyyəti ilə bir kimsə maraqlanmadı.

Məsələnin maraqlı tərəfi o odur ki, Bərdə Diaqnostoka Mərkəzində aparıcı şöbələrdən birinə rəhbərlik edən Asif Muxtarovdan 500 manatı Əli adlı şəxsin alması aşkar olunsa da, bu şəxs heç bir halda istintaqa cəlb olunmur və adı heç bir yerdə hallanmır. Yəni, Əli adlı şəxsin atdığı addım Mübariz Nağıyevin “ayağına yazılır”. Bütün bunlardan əlavə onu da bildirək ki, keçirilən məhkəmə prosesləri zamanı Regionxeber.tv internet televiziyasının rəhbəri İbrahim Hümbətov qol qoyulan haqsızlıqlara etiraz etdikdə, onu məcburi qaydada məhkəmə zalından çıxardırlar. Elə ki, edilən haqsızlıqlarla bağlı o, Azerinfo.az xəbər portalında bir neçə dəfə tənqidi məqalələr dərc edir, o halda Şəki Ağır Cinayətlər Məhkəməsi onunla bağlı Baş Prokurorluğa müraciət ünvanlayır. Səbəb də, guya məhkəmə heyyətinin xəbəri olmadan keçirilən məhkəmə prosesləri ilə bağlı onun açıqlamalar dərc etməsi əsas göstərilir.

Bütün bunlara baxmayaraq, keçirilən məhkəmə prosesləri zamanı lazımi araşdırmalar aparılmadan, jurnalist Mübariz Nağıyevin mövqeyi nəzərə alınmadan, bir sözlə verilmiş sifariş əsasında bu gün də o, Qaradağ rayonu, Qızıldaş qəsəbəsi ərazisindəki 13 saylı cəzaçəkmə müəssisəsində cəzasını çəkməkdədir. Onu da bildirək ki, Mübariz Nağıyevlə bağlı hökm çıxarılan zaman, Şəki Ağır Cinayətlər Məhkəməsinə Ağdamın sabiq icra başçısı Raqub Məmmədovun qaynı sədrlik edirdi. Görünür belə bir amilin varlığı da, jurnalistin həbsində mühüm rol oynayır. Bu gün də himayəsində olan üç azyaşlı övladı ata yolu gözləyirlər. Təqribən ayyarım bundan öncə xəstə anası dünyasını dəyişsə də, yaşlı atası isə hələ də ölümlə üz-üzədir. Ailə üzvlərinin tək oğul övladı olan Mübariz Nağıyevin azadlığa qovuşması, bəlkə də ömrünün ahıl çağlarını yaşayan atası Nuru kişinin ömrünə yeni bir ömür payı bəxş edəcək.

Ümumiyyətlə, jurnalist Mübariz Nağıyevin həbsi ilə bağlı əldə etdiyimiz məlumatlardan, qol qoyulan çoxsaylı ədalətsizliklərdən və s. aydın olur ki, bu şəxsin həbsinin həyata keçirilməsi sifariş əsasında baş tutub. Deyəsən, bu gün “əsən yellər” adı çəkilən jurnalistin həbsini həyata keçirtmiş Raqub Məmmədovun “başı üzərində əsməkdədir”. Yəqin ki, bu da o böyük Allah-Təalanın işidir. Çünki, heç bir əsas olmadan 2016-cı ildən üç azyaşlı körpənin gözlərindən yaş axır, oğul yolu gözləyən yaşlı ana bu dərdə dözməyib ayyarım bundan əvvəl dünyasını dəyişdi, xəstə və yaşlı atası isə, bu gün də ölümlə üz-üzə qalıb. Bütün bunların da baiskarı, məhz Raqub Məmmədovun olduğu bildirilir.

Mövzu diqqətimizdədir.