Sabah tanınmış jurnalist, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcidin 54 yaşı tamam olur. Bu münasibətlə “Azərbaycan” jurnalının avqust sayında R. Məcidin şeirləri dərc olunub.
“Qafqazinfo” həmin şeirləri oxuculara təqdim edir:
Əvvəl
Əvvəl qəlbin çırpınacaq Tora düşmüş quş kimi, Sonra gözün yol çəkəcək Gələnin varmış kimi.
Sonra havan çatmayacaq Daralacaq nəfəsin. Sənə zindan tək gələcək Yaşadığın qəfəsin.
Qəfil yada salacaqsan Səsdən gələn istini. Dəli kimi qaçacaqsan Telefonun üstünə.
Tez-tələsik yazacaqsan: “Planlarım dəyişib... Bəlkə sabaha keçirək, Birigünkü görüşü”.
Sonra ağıl qalmayacaq Düşünməyə ardını. Sonra nağıl başlayacaq Unudassan adını.
Qala - adam
Hər adamın sığınmağa Bir qalası olsun gərək. Bu qaynaşan pis gözlərdən Bir xilası olsun gərək.
Nicat yoxdu bolca vardan – Hündür divar, dik hasardan! Adamı daş adamlardan Qala - Adam alsın gərək!
Bu gələn gözəl əladı Yeriyən, gəzən qaladı. Bəlkə də təzə bəladı Dinsin görək, gəlsin görək!!!
Bir səhər
Bir payız səhəri, bir payız günü TV-nin səsinə oyanacaqsan. Bərk-bərk büründüyün yorğanın altdan Səs gələn tərəfə boylanacaqsan.
Gözün dikiləcək səs yiyəsinə Yaddaşın keçmişi ələyəcəkdir! Pırtlaşıq xəyallar içindən biri Səni işığına bələyəcəkdir!
Gözün qamaşacaq, nur bürüyəcək Beynin durulacaq sakit çay kimi. Axşamkı məclisin haray-həşiri Qeybə çəkiləcək – bitən yay kimi.
Yerdən duracaqsan sevinc içində Elə biləcəksən körpə uşaqsan! Unudub keçmişi təmiz beyinlə Bu səhər yenidən doğulacaqsan!
Yuxundakı qonaq
Bilsəydim bu gecə necə yatmısan Yuxunda kim olub, yatağında kim? Hansı yaxın idi, şipşirin idi? Yuxundakı, yoxsa yatağındakı?
Yaxınında olmaq, yanında durmaq Yatağında girmək hələ şərt deyil, Sənin sədaqətin, mehrin, ülfətin İsti nəvazişin məhəbbət deyil.
Qəlbinin qapısı yuxundan keçir Röyandan gələn var – buyur qarşıla! Sən ki söz vermişdin yüyürəcəksən Di çıx qabağına yüyür, qarşıla.
Yuxun gerçək oldu! Xəyalındakı İndi qarşındadı – Qonaq sənindi Sarıl qollarınla, sığın qoynuna İstisi əbədi, qucaq sənindi.
Gecə zəngi
Telefon səssizdə, özüm yuxuda Gecə zəngin gəlib, eşitməmişəm. Küsüb incimisən, gileylənmisən Xəbərsiz olmuşam – kiritməmişəm.
İndi ha soruşum səbəbi nəydi, Məramı necəydi, necə zənginin? Bilirəm həmişə gizləyəcəksən Əsil səbəbini gecə zənginin...
Gələrəm
Bir səhər yuxudan Sən oyat gələrəm! Çağırsan o dəqiqə, O saat gələrəm!
Belimdə ağrı var İkiqat gələrəm! Önündə dayanıb Farağat gələrəm!
Baxma ki, xəstəyəm Ya süstəm – gələrəm. Əmrin var – baş üstə, Göz üstə - gələrəm.
Sözümdə dəqiqəm, Dürüstəm - gələrəm! Təki sən arzula Sən istə gələrəm!
Getmək
Sakitcə çəkilib getmək zamanıdı Üsyan etmədən, çığırmadan, söymədən Barışıb sevginin bitməsiylə Yox olmaq vaxtıdı. Duman ağır-ağır çəkildiyitək, Hava sakitcə qaraldığıtək İsti havada əl-üzünü yuduğun suyun Köynəyinə düşən ləkəsi quruduğutək Sakitcə, xəbərsiz getmək zamanıdı!
Üzə çıxacaq...
Hirs ki girdi araya qəzəb ki kükrədi Bütün pis sözlər, söyüşlər dildə cimildəşəcək Onda ilk dəfə corabsız, dabansız ayaqqabıda çıxacaqsan qarşıma. Və üzə çıxacaq bütün qüsurlar – ayağındakı, dilindəki, ürəyindəki...
Gedəcəksən
Ruhun gedib, özün də Çəkilib gedəcəksən! Sis kimi, duman kimi Seyrəlib itəcəksən.
Əzablar güvə kimi Xoş günləri didəcək. Qəhər qalacaq, bir də Sızıltı dolu ürək.
Ağrıdan qurtulmağa Min bir çarə gəzəcəm Tapmayıb qıvrılacam – Tab eləyib, dözəcəm.
Ağrılarla qol-boyun, Dərdlə həyat sürəcəm! Başımı qarışdırıb Ömrü yola verəcəm!
Hamınız
Məni anlamağa adam tapılmaz Məni həzm edəcək mədə də yoxdu! Məni sinirməyə yepyekə ürək, Məni yaşatmağa ölkə də yoxdu.
Hamınız bir bezin qırağısınız – Mən ipək axtarıb, qumaş gəzirəm! Ömrümün qatlanmış varağısınız – İndi baxıram ki, boşdu Xəzinəm!