backend

Təhsil Nazirliyinin qara pərdəsi...

Təhsil Nazirliyinin qara pərdəsi...














"Böhtandır... üzünə tüpürüm... köpəyoğlu..."

Azərbaycanın təhsil sistemində nələr baş verir? Millətin gələcəyini hədəfləyən bu sistemin üzərinə nə üçün qara pərdə çəkilir ki, orada baş verən neqativ hallar ört-basdır edilsin. Nəinki insanları narahat edən problemlər həll edilib, aradan qaldırılsın. Bu fikirləri bildirməyə əsas verən amillərdən biri də Gəncə Dövlət Universitetində baş verənlərdir. Analitik.az-a daxil olan məlumatlarda GDU-da baş verən rüşvət, korrupsiya, özbaşınalıq hallarından “Dekan pulumuzu yığan lobaranta “əzizim, gözəlim” deyir”, başlıqlı yazıda söz açılmışdı. Qarşı tərəfin fikirlərini bu məsələlərə öyrənəndə GDU-nun fiologiya fakütəsinin dekanı Mübariz Yusifovun cavabı belə oldu ki, bu məlumatları mətbuata verənlərin başında duran tələbəni çağırıb biabır elədim, o üzünə bu üzünə tüpürdüm getdi. Belə bir əcaib cavabla və GDU-da baş verənlərə dair təhsil nazirliyinin mövqeyini öyrənmək məqsədilə göndərdiyimiz sorğuya isə nazirliyin İnformasiya şöbəsi, QHT və KİV-lə iş sektorunun cavabı gözlənilən kimi oldu:“Gəncə Dövlət Universitetinin verdiyi məlumata görə, Analitik.az saytındakı yazı ilə bağlı rəhbərliyin ciddi nəzarəti ilə araşdırma aparılıb və qeyd olunanların böhtan xarakterli faktlar olduğu aşkarlanıb.” Deməli, tələbələrin şikayət etdiyi şəxslər, özlərini ciddi nəzarət altında yoxlayıb və fəaliyyətlərində heç bir qüsur tapmayıblar. Əhsən! Məlum olub ki, deyilənlərin hamısı böhtan imiş...

Növbəti “Tələbədən 600-700 manat alıb “aylığa” buraxılır”, yazısında isə GDU-nun fizika və texniki fənlər fakültəsinin dekanı İldırım Qasımovun fəaliyyətindəki nöqanlardan bəhs olunurdu. Fakültə dekanının deyilənlərə münasibətini öyrəndikdə də əsl “pedaqoq” kimi söyüşlü cavabı ilə həmkarı Mübariz Yusifovdan geri qalmadı. Əksinə onu da geridə qoydu: “ Əcəb eləmişəm. O zəng vurur, bu zəng vurur. Kim yazıb onun adını yazın da. Yazın ki, bu köpəkoğlu edib də...” Bütün bu cavabları əlbəttə, GDU-dakı təhsilin səviyyəsinin, keyfiyyətinin, etik qaydaların və sairənin mövcud vəziyyətinin bir işartısı hesab etmək olar...

Ümumi mənzərəni daha aydın təsvir etmək məqsədilə universitetin rektoru Yusif Yusifovla əlaqə cəhdlərimiz nəticəsiz qaldı. Belə olan halda təhsil ocagı adını daşıyan bu qurumun mətbuat xidməti ilə əlaqə saxladıq. Mətbuat xidmətinin rəhbəri, dosent Maqbet Əhmədovun məsələyə münasibəti isə belə oldu: “Oxudum xəcalət çəkdim. Mətbuat ximətinin rəhbəri kimi istənilən vaxt sübut edə bilərəm ki, yazılanlar böhtandır.”


M. Əhmədov bildirdi ki, yazılanlardan tələbələrin xəbəri yoxdur: “Kim istəyir gəlsin bura görsün ki, unversitetimizdə belə hallar yoxdur. Tələbələrin adından yazıblar bu şikayət məktublarını. Hamısı boş şeylərdir. Mənə bir tələbənin imzasını göstərin.”
Mətbuat xidmətinin rəhbəri yazılanlara etiraz əlaməti olaraq 4 min tələbənin imzasıyla lazımi orqanlara materiallar göndərildiyini desə də, sonradan bunu inkar etdi: “Mən 4 min tələbənin imzasını göndərdim. Etiraz olaraq lazımi yerlərə göndərdim. Mən o imzaları göndərə bilmərəm sizə. Nə vaxt yolunuz buradan düşəcək? Gəlin görüşək. Mən bu gün rektorla görüşəcəm, məlumat verəcəm və bu imzaları mətbuata gönərəcəm.”

M. Əhməov universitetin tərbiyəvi işlər üzrə prorektoru Asif Cavadov barəsində yazılanlara isə belə münasibət bildirdi: “Bu insana imkan verin də işləsin. Birinə yaxşı olan digərinə yaxşı ola bilməz. Bu insan həqiqi mənada işləyir. Asif müəllim nə mənim dayım oğludur, nə də ki əmim oğludur. Hələ bu iniversitet üçün lazımdır bu insan. And olun Allaha deyirəm ki gəlib görəsiniz ki, bu az vaxtda nə qədər dəhşətli işlər, gözəl işlər görülüb. Binaların təmiri, tələbələrə qayğı, sürətli internet kanalının çəkilməsi, bunlar hamısı Yusif müəllimin diqqəti və qayğısı əsasında həyata keçirilib. Sabah bütün ictimaiyyət üçün açıq dərs edəcəyik. Çalisiriq ki, xalqın balaları təhsil alsınlar. Mən sizinlə insan kimi danışıram. Yazanda yaxşi şeydən yazın. Bəlalarımız çoxdur. Bir dənə hələ mən görməmişəm Qarabağ haqqına saytlarda düz -əməlli yazı yazılsın...”

Universitet rəsmisi Gəncə şəhər İcra Hakimiyyətinin Başçisı Elmar Vəliyevin Asif Cavadovu bir az əvvəl işdən qovması və sonradan həmin insanın səlahiyyət sahibi olması ilə bağlı bunları dedi: “Kadr təyinatında icra başçısıyla razılaşma olur. İcra başçısının adından istifadə edirlər. Əgər icra başçısı istəməsəydi, heç vaxt Asif Cavadov yenidən işinin başına qayıda bilməzdi. Əvvəllər bu işi görən adam bacarmırdı. Asif Cavadov ondan bacarıqlıdır. Universitetin inkişafı üçün bu kadr lazımdır. Asif Cavadov son vaxtlar nə qədər tədbirlər keçirib. Asif Cavadovun qeyri-şəffaf işlərlə nə əlaqəsi, mən başa düşə bilmirəm. Onun həyata keçiriyi tədbirləri görəndə adam heyrətə gəlir ki, arıq bir insanda bu qədər enerji olar?..”
Universitetdə A. Cavadovun söz sahibi olmasına gəlincə isə M. Əhmədovun buna münasibəti belə oldu: “Buranın rəhbəri var. Yusif müəllim o qədər acizdir ki, onu hansısa prorektor idarə etsin? Mən sizi Gəncə torpağında gözləyirəm...”

M. Əhədov rektorun universitet üçün böyük işlər gördüyündən də danışdı: “Yusif müəllim az vaxtda universitetimiz üçün böyük işlər görüb. Belə rektoru əl üstə gəzdirmək lazımdır. Rektor hər gün mənim iştirakımla bütün fakültələri qəbul edir. Rektor dedi ki, uşaqlar mən sizin arxanızdayam. Nə probleminiz varsa deyin, qorxmayın. Heç bir tələbəni incitmək söhbəti yoxdur. Bütün saytlarda yazırlar ki, tələbənin imzası olsa həmin tələbə təqib olunacaq universitetdən qovulacaq. Bura gestapodur? Burda söz azadlığı var. Kömək edin bu yazıları yığışdıraq. Tutaq ki, yazdız, nəticə nə oldu? Amma bizim dostluğumuz lazımdır sizə. Bizim yaxşi tərəfimizdən nə deyirsən hazırlayım, sizin saytda getsin...”

Maraqlı yanaşmadır: “tutaq ki, yazdız, nəticə nə oldu?”. Əlbəttə, hələlik nəticə odur ki, bir halda Təhsil Nazirliyi, müvafiq qurumlar tələbələrin fəryadını eşitmir, onların fikirlərini qulaqardına vurur, nöqsanların üstünü açıb, tozunu silməkdənsə, “səndən sənə şikayətim var” prinsipi ilə işləyir, o zaman hansı problemin həllindən danışmaq olar?.. Amma təcrübə həmişə sübut edib ki, belə hallar gec, ya tez öz ədalətli həllini tapır...

P.S: “Qaynar xətt” qəzeti olaraq GDU – da baş verən son hadisələri biz də işıqlandırmışıq. Araşdırmalarımız təxminən üst-üstə düşdüyündən Analitik.az saytında dərc olunmuş yazını sizə təqdim etməklə aşağıda oxucu şərhini də veririk:

Təhsil Nazirliyinin qara pərdəsi...