backend

Balakən mədəniyyət və turizm şöbəsində özbaşınalıqdır

Balakən mədəniyyət və turizm şöbəsində özbaşınalıqdır













Şöbə müdiri Ruqiyyət Seyidova üzərinə düşən işin öhdəsindən lazımınca gəlmir

Balakən rayonu zəngin turizm imkanlarına malik olsa da, nədənsə rayon ərazisində yerləşən tarixi memarlıq, eləcə də maddi-mədəni abidələrin mühafizəsi lazımi səviyyədə təşkil olunmayıb. Bu barədə əldə etdiyi bilgiləri bizimlə bölüşən məlumatlı şəxsin sözlərinə görə, Balakən Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Ruqiyyət Seyidova üzərinə düşən işin öhdəsindən lazımınca gəlmir.
Mənbə iddia edir ki, əksər tarixi abidələr baxımsızlıq ucbatından məhv olmaq təhlükəsilə üz-üzə qalıblar. Hazırda rayonda 5 mədəniyyət evinin, 25 klubun və 44 kitabxananın fəaliyyət göstərdiyini deyən məlumatlı şəxs bildirir ki, onların bir çoxunun adı ancaq sənəd üzərindədir. Yəni həmin müəssisələrin çoxu formal olaraq fəaliyyət göstərirlər: «Balakən Rayon Mədəniyyət və Turizm Şöbəsi 1951-ci ildən 1954-cü ilə qədər Kinolaşdırma İdarəsi, 1954-cü ildən isə mədəniyyət şöbəsi kimi fəaliyyət göstərməyə başlayıb. Şöbənin nəzdində hazırda 34 klub tipli mədəniyyət müəssisəsi, tarix -diyarşünaslıq muzeyi, Heydər Əliyev mərkəzi, Bülbül adına Uşaq incəsənət və Qabaqçöl qəsəbə musiqi məktəbləri, Mərkəzi Kitabxana Sistemi və onun 29 kənd kitabxana filialı, mədəniyyət və istirahət parkı var. Lakin onların əksəriyyəti fəaliyyət göstərmir. Yəni formal olaraq adları Balakən Rayon Mədəniyyət və Turizm Şöbəsinin siyahısında qeyd olunur, ancaq özləri demək olar ki, gözə dəymirlər. Əgər kimsə deyilənlərə inanmırsa, o zaman hər şeyi yerində araşdıra bilərlər».
Balakən Rayon Mədəniyyət və Turizm Şöbəsində dözülməz vəziyyətin hökm sürdüyünü bildirən məlumatlı şəxs iddia edir ki, Ruqiyyət Seyidovanın rəhbərlik etdiyi sahədə bir sıra özbaşınalıqlarla yanaşı, mənimsəmə hallarına da rast gəlinir: «Ruqiyyət Seyidova yaxın adamlarını müxtəlif vəzifələrə təyin edir. Həmin şəxslər isə rayon mədəniyyət və turizm şöbəsində çalışanlara göz verib işıq vermirlər. Belə ki, şöbə müdirinin yaxın adamları faktiki olaraq idarədə çalışanları bezdirib, müxtəlif yollarla onları sıxma-boğmaya salırlar. Balakən Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Ruqiyyət Seyidovanın özü də az qala hər kəslə həddindən artıq kobud davranır. Məhz bu yolla rəhbərlik etdiyi sahədə əməlli-başlı qorxu sistemi yaradan Ruqiyyət Seyidova hətta yaşlı işçilərə, qadınlara belə, hörmət qoymur. İş o həddə çatıb ki, artıq işçilərdən heç kim ürək edib şöbə müdirinin otağına girə bilmir. Ona görə də problemlərini Ruqiyyət Seyidovaya yaxın olan adamlar vasitəsilə həll edirlər. Təbii ki, bu zaman onlar müəyyən «tələb»lərlə razılaşmalı olurlar».
Onu da qeyd edək ki, Balakən Rayon Mədəniyyət və Turizm Şöbəsinin büdcə pullarının talan edilməsi prosesindən kənarda qalmır. Şöbə müdiri Ruqiyyət Seyidova rəhbərlik etdiyi qurumun xəttilə təkcə bu ilin 9 ayı ərzində 90 min manatın axırına çıxıb. Belə ki, şöbə müdiri eyni ad altında büdcədən götürdüyü pulları nəyə xərclədiyini özü yaxşı bilir. Balakən Rayon Mədəniyyət və Turizm Şöbəsi avadanlığın satın alınması adı altında budcə pulunu necə mənimsədiyinə dair faktları dəqiqləşdirdikdən sonra sizə təqdim edəcəyik. Biz bu faktlara aydınlıq gətirmək üçün şöbə müdürü Ruqiyyə xanımla telefon əlaqəsi yaratdıq. Lakin R.Seyidova göstərilən faktlara aydınlıq gətirmək əvəzinə bizə hədə - qorxu gəlməkdən belə çəkinmədi. Onun bu hərəkəti barədə rayon İH başçısının müavini Nəzakət xanımla telefon söhbətimiz də nəticəsiz qaldı. İndi sözümüz Mədəniyyət və Turizm Naziri Əbülfəs Qarayev cənabınadır. Görəsən nazirlikdə Balakən mədəniyyət və turizm şöbəsində baş verən qanunsuzluqlardan xəbəri olan varmı?
Mövzunu davam etdirəcəyik.

Sadiq Yolçu