backend

Masallıda boğazı kəsilən hamilə qadın

Masallıda boğazı kəsilən hamilə qadın




















Dəhşətli qətlin TƏFƏRRÜATI

Dekabrın 11-dən 12-ə keçən gecə Masallı rayonunun Bala Kolatan kəndində baş vermiş dəhşətli qətl ötən həftənin ən ağır cinayət hadisəsi idi. Belə ki, 1988-ci il təvəllüdlü Namiq Məmmədov yaşadığı evdə həyat yoldaşı 1990-cı il təvəllüdlü Sevanə Əliyevanın boğazını bıçaqla kəsərək qətlə yetirdi. Faktla bağlı Masallı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə cinayət işi açılıb. Hadisənin başvermə səbəbləri ilə yerində tanış olmaq üçün Masallının Bala Kolatan və Sevanə Əliyevanın böyüyüb boya-başa çatdığı Məmmədoba kəndinə gedərək hadisə şahidləri, hər iki tərəfin ailə üzvləri ilə görüşdük.

"Əvvəlcə həyat yoldaşının, sonra isə özünün boğazını kəsib”

Namiq Məmmədovun qardaşı Şərafət Məmmədov bildirdi ki, bəzi mətbuat orqanlarının yaydıqları xəbərlərdən fərqli olaraq hadisə dekabrın 13-də yox, ayın 11-dən 12-ə keçən axşam baş verib: "Bu olay haqda xəbəri eşidən kimi rayona qayıtdım. Mən bir müddət bundan əvvəl qardaşımın xəstə olmasını eşitmişdim. Bu haqda xəbər tutan kimi qərara aldım ki, nəyin baş verdiyini gəlib öz gözlərimlə görüm. Həyətə girəndə şoka düşdüm. Gördüm həyətə qonşular, polislər toplaşıb. Soruşdum ki, nə baş verib? Xeyli adamın toplaşdığını gördükdə bildim ki, faciə olub. Namiqdə dəyişiklikər hiss olunurdu. Amma bütün bunlar ciddi narahatlıqlar üçün əsas vermirdi. O, son günlər dindən, namazdan, insanlara yaxşılıq etməyin faydasından danışırdı. Hadisə baş verən axşam hamıyla zarafatlaşıb, həyat yoldaşıyla deyib-gülüblər, mehriban olublar. Sonra yatmaq üçün yataq otağa gediblər. Gecə saat 12-yə qalmış otaqdan səs gəlib. Anam otağa keçib ki, nəyin baş verdiyini aydınlaşdırsın. Görüb ki, hər ikisi al-qanın içindədirlər. Arvad qışqıraraq köməyə adam çağırıb. Polis gələndə Namiq özü də al-qanın içindəymiş. Çünki əvvəlcə həyat yoldaşının, sonra isə özünün boğazını kəsib. Buna görə Namiqə də tikiş qoyublar”.
Onun sözlərinə görə indiyə qədər onların arasında heç vaxt söz-söhbət olmamışdı: "Bunu qarşı tərəf də deyə bilər. Namiq nişanlı vaxtlarında qızın ailəsigilə gedib-gəlirdi. Hətta qohumları da onu qonaq çağırmışdı. Biz Namiqə qız axtarırdıq. Onda bir-birlərini görüb bəyənmişdilər. Ailəni yaxından tanıyırdıq. Onlar Namiqin də xoşuna gəlirdilər. Özü də deyirdi ki, əgər sakit və namuslu-qeyrətli ailədirsə qəbul edirəm. Mart ayında qızla oğlan bir-birlərini görüb bir daha bəyəndilər. Nişan məclisi oldu. Namiq nişanlı olanda 20-25 gün Bakıda, qaynatasıgildə və digər qohumlarıgildə qaldı. Yəni ayaqaçdı ənənəsi toydan sonra yox, əvvəl baş vermişdi. Qızın ailəsi Xəzər rayonunda yaşayır. Avqustun 7-də Bakıda qız, 17-də isə kənddə oğlan toyu oldu. Toy axşamından sonra Namiq rayonda qaldı. O, daim hər hansı bir yerdə işləməyib, həyətdə təsərrüfat işi ilə məşğul olurdu. Hadisədən sonra ona dedim ki, Namiq, ondansa məni öldürsəydin, bundan yaxşı idi. Ata-anam da dedi ki, ay bala, həmin əməli bizə qarşı etsəydin, bu rüsvayçılıqdan yaxşı idi. Mən artıq qızın ailəsindən utanıram, onlarla nə üzlə qarşı-qarşıya gələcəm. Düzdür, bu hadisə onun xəstəliyi üzündən baş verib”.

"Müstəntiqə cavab verdi ki, ya qız məni öldürməliydi, ya mən onu”

Namiqin əvvəllər hər hansı ruhi, psixi xəstəlikdən müalicə olunması ilə bağlı sualımıza cavab olaraq bildiridi ki, belə bir şey olmayıb: "Heç bir şey olmamışdı. Sadəcə son 2-3 gündə yemək yemirdi. Bir ay bundan əvvəl kəndə gəlib atamı müalicə üçün xəstəxanaya aparmışdım. Həmin vaxt Namiq yaxşı idi, hətta kökəlmiş, yaraşıqlı oğlan olmuşdu. Hadisə baş verən gün gördüm ki, arıqlayıb çöpə dönüb, üzünü saç-saqqal basıb. Özüm Bakıda yaşayıram, işləyirəm. Əslində, mən rayona gəlib ona iş axtarmağa hazırlaşırdım. Namiq isə deyirdi ki, Bakıya gələcəm. Əgər işləsəm, başım pul qazanmağa qarışar. Bu günlərdə Bakıya gəlib iş axtarmalı idi. Mən də onda deyirdim ki, 4 aydır toyun olub, amma işləmirsən. Belə olmaz, gəl Bakıya, sənə kömək edim, mənim yerimdə işlə, növbəylə işə çıxaq. Atamdan da narahat idim, qərara gəlmişdim ki, rayona gəlib onu həkimə göstərim, Namiqi isə özümlə Bakıya aparım. İstəyirdim ki, özünə qapanmasın. Televizordan eşitmişdim ki, insan özünə qapananda bunun mənfi fəsadları olur. Ona görə çalışdım ki, hansısa işlə məşğul olsun. Müstəntiq soruşdu ki, həyat yoldaşını niyə öldürdün? Cavab verdi ki, ya o, məni öldürməliydi, ya mən onu”.
Hadisənin başvermə səbəblərini öyrənmək üçün onunla görüş istədim. Mənə dedi ki, "əhli-beyt”ə gəlmişəm. Soruşdum ki, əhli-beytə gələn adam belə şey edərmi, qan tökə, adam öldürə bilərmi? Cavab verdi ki, sən belə şeyləri bilmirsən. Məndə vergi var. O, dedi ki, məndə var, sən bunu başa düşməzsən. Xahiş edirəm qanunda nə yazılıbsa, cəzasını onunla versinlər. Əvvəllər iki-üç gün namaz qıldı, daha sonra qılmadı. Onun savadı yox idi. Namaz qılsın, ibadətlə məşğul olsun, belə şeylərdən baş çıxara bilmirdi. Son günlər yemək yemədiyinə görə atam da heç nə yemirmiş. Bunu bildikdən sonra Namiq ağlamağa başlayıb. Atamdan soruşub ki, mən yemək yesəm, sən də yeyərsənmi? Mən yesəm sağalarsanmı? Atam deyib ki, hə. Namiq iki-üç tikəni ağzına qoyandan sonra qaytarıb. Deyib ki, ata, mən yemək yeyə bilmirəm də…Həmin axşam ancaq heyva şirəsi və su içib. Ona dedim ki, Namiq, sən azadlıqda olsan məni də, atamı da öldürərsən. Xahiş edirəm, qanunda nə yazılıb, ona müvafiq cəza versinlər. Eşitdim ki, həbs edib Bakıya göndərirlər. Buna görə görüş istədim. Soruşdum ki, Namiq, niyə belə etdin? Cavab verdi ki, ya mən onu öldürməliydim, ya da o məni. Sən bunun səbəblərini bilməzsən. O, Sevanəni öldürməklə ailəsini və həyatını məhv etdi. Hüzr həm onlarındır, həm də bizim. Bu olay xəstəlik üzündən baş verib. Yeganə istəyimiz bundan ibarətdir ki, bu olay obyektiv araşdırılısn. Görək səbəbləri nədir? Biz həmin ailəylə mehriban olmuşuq, aramızda heç vaxt problem olmayıb”.

"Əvvəl elə bildik ki, gəlinin boğazı nəyəsə ilişərək kəsilib”

Namiqin atası Şakir Məmmədov oğlunun pulsuzluğa görə əsəblərinin pozulması ehtimalına inanmır: "Üç oğlum var – Şərafət Bakıda yaşayır. Ortancıl oğlum Rusiyadadır. Namiq isə sonuncudur. Üçünü də evləndirmişəm. Namiqin 26 yaşı vardı Ailəmizdə heç zaman söz-söhbət olmamışdı. Onlar gənc ailə olsalar da, mehriban dolanırdılar. Qızın ailəsi əslən Məmmədoba kəndindəndir. Bizim kənddən 2-3 kənd aralıdadır. O, evimizə gəlin gələndə heç vaxt ailədə söz-söhbət olmamışdı, mehriban dolanırdıq. Namiq heç kimə qaynayıb-qarışmırdı, özünə qapanan uşaq idi. Dost-tanışı yox idi. Heç kimlə dalaşmazdı. Mal-qaranı otlağa aparıb gətrdikdən sonra evdən çölə çıxmazdı. Tay-tuşu ilə görüşməzdi. Özünə çox qapanmışdı. Böyük qardaşı nə vaxt kəndə gəlirdisə, onu aparıb dostları ilə tanış edir, birlikdə gəzdirirdi. Namiqin artıq-əskik, narahat hərəkəti yox idi. Düzdür, ailəmiz kasıbdır. Amma Allaha şükür ki, bir tikə çörək pulumuz var. Toyundan əvvəl həyətdə mal-qarayla məşğul olurdu. Xeyli sayda qoyunu var idi. Bir neçəsini satıb toyunu etdi. Heç vaxt adamın ağlına gəlməzdi ki, o, belə bir hərəkət edər. Son iki-üç gündə heç nə yemirdi. Axşam hamımız birlikdə şam yeməyini yedik. Saat 10-a qalmış Namiq yatmağa getdi. Saat 12-ə qalmış həyat yoldaşım qonşu otaqdan səs eşitdi. Kimsə xırıldayırdı. Həyat yoldaşım onların otağına girəndə iş işdən keçmişdi. Əvvəl elə bildik ki, gəlinin boğazı nəyəsə ilişib. Amma polis onu danışdıranda deyib ki, bir dəqiqə gözləyin, orda bıçaq var, onu bıçaqla öldürmüşəm, gedim gətirim. Gedib gizlətdiyi bıçağı gətirərək polisə verib. Qızın boğazını bıçaqla kəsmişdi. Həyat yoldaşım gəlini qucağına alıb gətirəndə artıq keçinmişdi. Polisə xəbər verdik və Namiqi gecə həbs edib apardılar. Meyiti isə ekspertizadan keçirmək üçün Cəlilabada apardılar. İstədik meyiti bura gətirək, amma qızın ailəsi vermədi. Bütün qohumları ora toplaşmışdı. Biz onların evinə getmək istəyimizi bildirəndə dedilər ki, gəlməyin.
Atası Şakir Məmmədovun sözlərinə görə, Namiq polisdə deyib ki, gəlindən soruşub ki, mən səni öldürüm, yoxsa sən? Gəlin deyib ki, sən məni.
Son iki-üç gündə, ümumiyyətlə toydan sonra aralarında heç nə baş verməmişdi. Mənim və həyat yoldaşımın gəlindən heç vaxt narazılığımız olmayıb. Qızın ailəsi isə çox gözəl ailədir”.
Onun sözlərinə görə, Namiq nəinki içki içirdi, heç papiros da çəkmirdi: "Hətta mən evdə çəkəndə papirosun iyindən zəhləsi gedirdi. Dini cərəyanlara da qoşulmamışdı. O, ümumiyyətlə heç kimə qoşulmurdu. Heç kənddə də elə dini cərəyanın nümayəndəsi yoxdur. Üç-dörd gün əvvəl telefonda Hacı Şahinin dini söhbətlərinə qulaq asardı”.

Ardı var