backend

Zakir Qaralova tükürpədici müraciət...

Zakir Qaralova tükürpədici müraciət...














"Ailəlikcə özümüzü yandırmazdan öncə Sizdən imdad diləyirik"

Redaksiyamızın poçtuna tükürpədici bir şikayət məktubu daxil olub və məktubda "Qaçqınkom" sədri Əli Həsənovun adından ölkə məhkəmələrinə təzyiq yoluyla ədalətsiz qərarlar çıxarıldığı iddia olunub.
Nəsirov Cəlil Fərman oğlunun həmin məktubunu olduğu kimi təqdim etdik və bir gün sonra hörmətli Əli Həsənovun sözçüsü Elçin Qədimov "Qaçqınkom" sədrinin belə bir şəxsi tanımadığını rəsmi olaraq saytımıza bildirdi. İndi isə Cəlil Nəsirov həmin məktuba bəzi əlavələr edərək saytımız vasitəsilə baş prokuror Zakir Qaralova müraciət edib:
"Başqa çıxış yolum qalmadığından Sizə yazmaq məcburiyyətində qalmışam. Məhkəmələrimizin qanunsuz qərarları məni çarəsiz qoyub, özümə qəsd etmək vəziyyətinə çatmışam. Belə ki, şər-böhtanla oğlumu həbs etdirən şəxsə məhkəmə indi də evimə yaşamaq hüququ verir. Bir qədər baş verənlər barədə məlumat vermək istəyirəm.
2012-ci il sentyabr ayının 2-də oğlum Nicata el adəti ilə toy edərək Füzuli rayonunun Aşağı Rəfədinli kəndindən məcburi köçkün Nəsibova Şəbnəb Tofiq qızını evimə gəlin gətirdim. Ailəmizin qara günləri də bundan sonra başladı. Gəldiyindən cəmi 5 gün sonra Şəbnəb evdə rahatlığımızı pozmağa başladı. Belə ki, o, hər gün səbəbsiz yerə söz-söhbət salır, oğlumla mübahisələr edirdi.
Bütün bunlara görə 15 noyabrda (toydan cəmi 2 ay sonra) Şəbnəmin atası, anası və qardaşını evimə dəvət edərək vəziyyəti, yəni qızlarının səbəbsiz yerə hər gün dava-dalaş salmasını danışdım. Yeganə oğlumuzun xoşbəxtliyi bizim üçün hər şeydən vacibdir və buna görə də onlardan xahiş etdim ki, Şəbnəmi başa salsınlar ailədə mehriban olsun. Lakin bunun faydası olmadı. Əksinə, Şəbnəm evdən getdi, onun qardaşları isə oğlum Nicatı bir neçə dəfə çağirib ölümlə hədələdilər. İş o yerə çatdı ki, Nicat Binəqədi Rayon Polis İdarəsinə müraciət etməyə məcbur oldu.
2012-ci il dekabrın 24-də axşam Şəbnəm, anası bir neçə qohumu ilə bizə gəldilər. Anası Sahibə hədə-qorxu gələrək “Şəbnəm bu gecə bu evdə qalmalıdır, yoxsa Nicatı şərləyib 15 il verdirəcəm” dedi və Şəbnəmi zorla bizdə qoyub gecə saat 2-də getdilər. Həmin gün bizdən başqa qardaşım, qardaşım oğlu və qaynım da evdə idilər. Nicat Şəbnəmlə bir otaqda qalmadı. Səhərisi güclü əsəb keçirdiyi üçün Nicatın ürəyi tutdu. Bir neçə dəfə təcili yardım gəldi. Şəbnəmlə bir yerdə qalmağı qeyri mümkün olduğundan Nicat 26 dekabrda Mingəçevirə getdi. Şəbnəm isə 07 yanvar 2013-cü ilə qədər bizdə qaldı. Sən demə, bütün bunlar əvvəlcədən qurulmuş plan imiş.
Bir gün xəbər gəldi ki, Şəbnəm 08 yanvar 2013-cü ildə noyabırın 15-dən dekabrın 24-nə kimi Nicatın onu zorlaması barədə ərizə ilə Binəqədi rayon prokurorluğuna müraciət edib. Bu ağ yalan bizi dəhşətə gətirdi. Çünki Şəbnəm həmin tarixlərdə heç evdə olmayıb. Buna baxmayaraq, həm istintaq, həm də məhkəmə Şəbnəmin və onun ailəsinin təzyiqlərindən, hücumlarından açıq-aydın çəkinərək oğlum Nicats 6 il müddətinə həbs etdi.
Onu da qeyd edim ki, istintaq dövründə Şəbnəmgil mənimlə “alver” edirdilər. Onlar, Nicatın tutulmamağının qarşılığında məndən ev istəyirdilər. Mən oğlumun şərləndiyini bilsəm də onun taleyindən narahat olduğumdan (məhkəmə zalında dəfələrlə təhqir, qışqırıq etsə də hər dəfə hakimlər buna göz yumurdu) onların şərti ilə razılaşmışdım. Onların bəyənməsi üçün 4 müxtəlif evə baxıldı. Lakin onlar baxılan evlərdən müxtəlif bəhanələr edərək imtina etdilər və sonda əsas məqsədlərini bəyan edərək öz evimi onlara verməyimi tələb etdilər.
Məsələ bununla bitmədi. Nicatın məhkəməsi sona çatan kimi, Şəbnəm evimdən istifadə hüquqlarının tanınması üçün məhkəməyə müraciət etdi. Dəhşətlisi odur ki, həm Binəqədi rayon Məhkəməsi, həm də Bakı Apellyasiya Məhkəməsi zorlanma maddəsi ilə oğlumu şərləyərək həbs etdirən, cəmi 2 ay evimdə yaşayan, ailəmizə düşmən olan şəxsin evimdən istifadə hüquqlarını tanıdı.
Məhkəmələrimizin kiminsə haray qışqırığından qorxub çəkinəcəyini gözləmirdim. Digər tərəfdən isə, yazıçı, kultroloq, jurnalist kimi özünü təqdim edən Şəbnəm Qaçqınkomun sədri cənab Əli Həsənovun adını hallandıraraq onu məhkəmələrə tapşırdığını və mütləq evimdə yaşayacağını deyirdi. Son məhkəmədə Şəbnəm məni tutduracağı ilə hədələdi. Mən artıq onun sözlərinə əhəmiyyətsiz yanaşmıram. Çünki, Şəbnəmin qanunsuq hərəkətlərinin, şərlərinin necə “qanuniləşdiyinin” şahidiyəm.
Bütün bunlar azmış kimi, Şəbnəm Nicatı türmədə də rahat buraxmır. O, həbsxanaya gedərək “jurnalistəm, yazıçıyam” deyə zorla Nicatla görüşməyə cəhd göstərmişdir.
Mən əli qabarlı fəhləyəm. Evimi 2004-cü ildən min bir zəhmətlə tikmişəm. Oğlumun həbsinə hökm verən məhkəmə, əmlakımı da əlimdən alır. Həyat yoldaşım ağır əsəb xəstəliyinə düçar olub. Mənim isə bütün bunlara tab gətirməyə taqətim qalmayıb. Son günlərə qədər belə bir nəticənin ola biləcəyinə inanmaq istəmirdim. Lakin artıq əlim hər yerdən üzülüb."

Şikayətçi məktuba aşağıdakıları əlavə edərək baş prokurora ünvanlayıb:
"Bu yazdıqlarım azmış kimi Binəqədi Məhkəməsinə gətirdiyi cehiz əşyalarının qiymətini yazıb. Guya 35 min mantlıq cehiz gətirib. Cənab baş prokuror, sizdən xahiş edirəm ki, araşdırma aparılmasına göstəriş verəsiniz ki, həmin cehiz vaxtilə mənim evimə gətirilərkən kimlər şahid kimi bunu təsdiq edə bilər. Mən şahidlərin dindirilməısini xahiş və tələb edirəm. Bundan əlavə bir suala da cavab istəyirəm. Harda görünüb ki, qız ər evinə 2 ədəd soyuducu, 2 ədəd televizor və 2 ədəd paltaryuyan və qabyuyan maşın cehiz aparsın?
Hörmətli baş prokuror, bizim ailə sözlə ifadə edilməsi mümkünsüz şərlə üz-üzə qalıb və ailəlikcə özümüzü yandırmaqdan başqa çıxış yolumuz qalmayıb. Amma düşdüyümüz ağır psixoloji durumu bilən dostlar bildirirlər ki, baş prokuror Zakir Qaralovdan imdad diləmədən intihara əl atmağa tələsməyin. Odur ki, sizə başımıza gətirilən bu müsibətlə bağlı üz tutaraq məhv olmaqda olan bir ailəyə kömək əli uzatmağınızı xahiş edirəm.
Cənab baş prokuror, yeganə oğlumu şərləyərək həbsxanaya saldırmaqla kifayətlənməyən, mənim 30 ilə əlimin qabarı ilə tikdiyim evə də sahiblənmək istəyən bu qadından niyə soruşan yoxdur ki, deputatların, “Qaçqınkom” sədrinin adından istifadə edərək nə vaxtadək polisi, prokurorluğu, məhkəmə hakimlərini qorxudaraq istəyinə nail olacaq? Ona bir “dur” deyən tapılmayacaqmı? İndi mən min bir zillətlə tikdiyim evimi yeganə oğlumu zorlama maddəsiylə zinadana atdıran bu qadına verimmi? İddia edir ki, yazıçıdır, kulturolqdur, jurnalistdir, şəhidlər haqqında kitab müəllifidir. Öz ərini, bir balaca körpə balasının atasını zorlama maddəsiylə həbsə atdıran bir qadın şəhidin qədrini hardan bilər?
Cənab baş prokuror, bu qadın hətta məhkəmə hakimlərinin qarşısında nümayişkaranə şəkildə məni hədələyir ki, evi sənin əlindən alıb səni də eyni maddə ilə oğlunun yanına göndərtdirəcəm. Bütün bunları qulaqları ilə eşidib görən hakimlər onun qorxusundan həmin qadına mənim sənədsiz evimə yaşamaq hüququ verir və məni onunla bir damın altda yaşamağın mümkünlüyünə inandırmağa çalışırlar. Bunu Allah götürərmi?
Hörmətli Zakir müəllim, biz artıq cana doymuşuq və bu qadının şərindən sizin ədalətinizə sığınırıq. Bizi bu müsibətdən qurtarın. Allah da Sizi heç vaxt darda qoymaz."(Moderator.az)