backend

Şamaxıda misli görünməmiş seçki hoqqabazlığı

Şamaxıda misli görünməmiş seçki hoqqabazlığı














Qasım Qasımov indi özü Şamaxıda özünü “Bala Stalin” kimi aparır

qaynarxett.az-ya Şamaxı rayonundan bir qrup bələdiyyə seçkilərində namizəd olmuş vətəndaşlar tərəfindən şikayət məktubu daxil olmuşdur. Həmin məktubu dərc etməklə oxucularımızın nəzərinə çatdırırıq ki, təcili araşdırma aparıb növbəti sayımızda məktubda göstərilən faktları dəlillərlə sizə təqdim edəcəyik.

“Şamaxı rayonunun Avaxıl kəndində yerləşən 49 saylı seçki məntəqəsində keçirilən bələdiyyə seçkiləri çoxlu qanun pozuntuları və seçki məcəlləsinin müddəalarının pozulması şəraitində keçmişdir. Belə ki, səsvermə qurtarandan sonra bülletenlərin sayılması prosesinə polis işçiləri müdaxilə etmiş, müşahidəçilərin sayma prosesini izləməsinə imkan verməmişlər. Təxminən 100-ə yaxın bülleten sayıldıqdan sonra vəziyyətin yaxşı olmadığını, yəni icra hakimiyyətinin namizədinin keçmədiyini görən məntəqə seçki komissiyasının sədri İlqar Qəhrəmanov sayma prosesini dayandıraraq təcili icra hakimiyyəti ilə əlaqə saxlayaraq məsləhət etmişdir. Məhz icra hakimiyyətinin müdaxiləsi nəticəsində 4 nəfər polis işçisi məntəqəyə daxil olmuş və sayma prosesinin axırına kimi məntəqədə qalmış, müşahidəçilərə öz vəzifələrini yerinə yetirməsinə imkan verilməmişdir. Hətta, məntəqənin sədri tərəddüd edəndə icra nümayəndəsi Alik Dünyamalıyev “nədən qorxursan, polisləri çağır” deyərək sədrə təsir göstərmişdir. Yekun protokol məntəqədə yazılmalı olduğu halda sənədləri özləri ilə götürərək Şamaxıya aparmış və yekun protokolu orada yazılmışdır.

Saxta diplomla AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası kimi nüfuzlu bir elmi tədqiqat institutunun direktor müavini vəzifəsinə işə düzəlmiş Cövdət Nərimanov və Avaxıl kənd icra nümayəndəsi, Şamaxı rayon icra hakimiyyəti başçısının birinci müavini Qasım Qasımovun qohumu Alik Dünyamalıyev seçkiyə kobud şəkildə müdaxilə edərək, Qasım Qasımovdan biləvasitə dəstək alaraq öz adamlarını bələdiyyəyə sədr gətirmək istəyirlər. Məhz Qasım Qasımovun məntəqə seçki komissiyasının sədri İ. Qəhrəmanova təzyiqi nəticəsində seçki biyabırçı şəkildə saxtalaşdırılmışdır.
Bütün bu pozuntular, qanunsuzluqlar barədə Mərkəzi Seçki Komissiyasının Qaynar xəttinə iki dəfə müraciət edilmiş, polisin seçkiyə müdaxiləsi ilə əlaqədar 102 xidmətinə zəng edilmişdir. Lakin bunun heç bir nəticəsi olmamış qanunsuzluqlar davam etmişdir.
Qeyd etmək lazımdır ki, seçkiyə müdaxilə edən şəxslərdən biri Avaxıl kənd icra nümayəndəsi heç bir savadı olmadığı halda Qasım Qasımovun köməyi sayəsində Şamaxı rayon icra hakimiyyətində işə düzəlmişdir. Sonradan isə Cövdət Nərimanov Şamaxı Rəsədxanasına işə düzələndən sonra onun yerinə icra nümayəndəsi vəzifəsinə gətirilmişdir. Ümumiyyətlə Şamaxıda bu ilki seçki saxtakarlığında Qasım Qasımovun müstəsna rolu olduğunu nəzərə alaraq onun haqqında geniş məlumat vermək istəyirik.

Qasım Qasımov 1995-ci ildə keçirilən parlament seçkilərində Azərbaycan Demokrat Sahibkarlar Partiyasının Şamaxı rayon şöbəsinin sədri kimi deputatlığa namizəd olmuş, adı çəkilən partiyanın sədri Mahmud Məmmədovu müdafiə etmiş, rəhbərlik etdiyi “Günay” qəzetində ölkə rəhbərliyi əleyhinə geniş yazılar dərc etdirmişdir. Şamaxı rayon icra hakimiyyətinin sabiq başçısı İkram Məmmədovu qəzetdə karikaturasını verərək, onu “Bala Stalin” adlandıran Qasım Qasımov indi özü Şamaxıda özünü “Bala Stalin” kimi aparır. Şamaxılıların böyük əksəriyyəti o dövrü yaxşı xatırlayırlar. Sonradan Mahmud Məmmədovun deputatlığı alınmayanda, o, müflisləşəndən sonra Prezident Administrasiyasının şöbə müdiri Zeynal Nağdalıyevin, necə deyərlər, “atalıq qayğısı” sayəsində Şamaxı rayon İcra Hakimiyyəti başçısının I müavini vəzifəsinə işə düzəlmişdir. Hazırda isə demək olar ki, bütün Şamaxılıların da etiraf etdiyi kimi rayonu idarə edən başçı Asif Ağayev deyil, Q.Qasımovdur. Məhz, Z.Nağdəliyevin sayəsində Q. Qasımov özünü rayonda demək olar ki, başçı kimi aparır və hətta, seçkilərə müdaxilə edir, seçki saxtakarlığında bilavasitə iştirak etməklə küllü miqdarda rüşvət alaraq öz adamlarını bələdiyyələrə sədr seçdirmək istəyir.
Belə hesab edirik ki,, Q.Qasımovun belə hərəkətlərinin qarşısı dərhal alınmalı, onun əməlləri barədə Respublika Prizedentinə məlumat verilməlidir.”