backend

Cinlər, şeytanlarla ünsiyyətdə olan ektrasens

Cinlər, şeytanlarla ünsiyyətdə olan ektrasens

















Qədimdən bəri insanların taleyi ilə bağlı xəbər verən insanlar olub

Onlar falçı, baxıcı, ekstrasens və s. adlar altında fəaliyyət göstərib, özlərini vergili adam adlandırırlar. Hətta onların arasında elələri var ki, ən yaxşı falçı mənəm, hər nədən məlumatım var, deyir. Belələrindən biri də özünü medium ekstrasens adlandıran Zarina Ulduzdur. Analitik.az-ın əməkdaşı ilə söhbətində Zarina xanım daha nələr deyib? Onunla olan söhbəti oxucularımıza təqdim edirik:

- Özünüzü medium ekstrasens adlandırırsınız. Medium ekstrasens nə məna kəsb edir?

- Medium ekstrasens bədənsiz, təbiətüstü varlıqlarla əlaqə yaradandır. Bunların böyük bir hissəsini cinlər təşkil edir. Cinlər də qruplara bölünür. Kafirləri, xristianları, möminləri var. Ümumiyyətlə, mömin cinlər səcdədə olduqlarına görə qadınlara yaxın durmurlar. Çünki onlar ibadət edirlər.

- Siz hansı cinlərlə təmasda olursunuz? Nə vaxtdan özünüzdə bu istedadı hiss etməyə başladınız?

- Mənim ən çox təmas qurduqlarım xristian cinlərdir. Onların içərisində çoxluq təşkil edən kafir cinlər də var. Uşaq vaxtında, daha doğrusu 5-6 yaşından küçədə uşaqlar öz yaşıdları ilə oynayanda mən cinlərlə, şeytanlarla oynayırdım. Bu yaş dövründə ağır xəstəlik keçirmişəm. Mənə Bakıda həkimlər 3 gün vaxt veriblər ki, öləcəm. Hətta Moskvada da həkimlər mənim öləcəyimi söyləyiblər. Üç gündən sonra da ölməmişəm. Mənə uşaq vaxtı xərçəng xəstəliyi diaqnozu qoymuşdular. Deyirdilər ki, məndə ağ qan qırmızı qanı yeyir. Maraqlı möcüzə baş verdi. Üç gün keçəndən sonra mənə dedilər ki, səndə heç bir xəstəlik yoxdur. Bundan sonra da mənim gözümə qeyri-adi qüvvələr görünməyə başladı. Ruhani varlıqlardan çox, şeytani varlıqlarla ünsiyyətdə oldum. Uşaq vaxtından gözümə Mariya adlı bir qadının ruhu görünürdü. Bu günə qədər də həmin qadının ruhunu görürəm.

-Kimdir Mariya adlı bu qadın?

- O insan həyatda yoxdur, adi bir insandır. İkinci həyatımdan sonra məndə xaça meylilik yarandı. Amma mən müsəlmanam. İstər-istəməz xristianlıq dini məni özünə çəkdi.

-Deyirsiniz ki, 5-6 yaşında həmyaşıdlarınız bir-biri ilə oynayanda, siz cinlərlə oynayırdınız. Cinlər sizin gözünüzə necə görsənirdi? Onlarla necə oynayırdınız?

- Necə oynamaq deyəndə ki, onlar məni sadəcə olaraq həmişə evə qapayıblar. Küçəyə uşaqların yanına demək olar ki, getmirdim. Ev şəraitinə çox bağlanmışdım. Kitab oxuyurdum, mədrəsəyə Quran öyrənmək üçün gedirdim. Hər dəfə azan səsini eşidəndə mənə pis təsir edirdi. Azan səsi eşidəndə çox sıxılırdım. Cinlər gözümə fərqli surətlərdə görünürdülər. Əvvəllər çox qorxurdum. Yaşa dolduqdan sonra onlarla rahat şəkildə əlaqəyə girirdim, söhbət edirdim. Bu cinlər hər bir şeyi mənə əvvəlcədən deyirdilər. Məsələn, qonşumuz bizə gələndə mənə əvvəlcədən informasiya gəlirdi ki, qonşu bizə niyə gəlib?

- Baxıcılıq edəndə hansı üsullardan istifadə edirsiniz?

-Heç bir vasitədən istifadə etmirəm. Mənə bütün məlumatları cinlər verir. Bəzi insanlar var ki, Quranla baxır. Ümumiyyətlə, Quranda heç kimin taleyi haqqında məlumat yoxdur. Açırlar Quranı qoyurlar qabaqlarına, sənin bəxtin belə olacaq, gələcəkdə səni bu hadisələr gözləyir. Bu, düzgün deyil. Mənim öz cinlərim var.

-İnsanlar sizə hansı məsələlərlə bağlı müraciət edirlər? Cadu edirsinizmi?

- Ən çox yanıma cinli adam gətirirlər. Axı cinlər mənim dostumdur. Mən cini çox rahatlıqla insanı incitmədən bədənindən çıxarıram. Uşaqlıqdan mənim sağ əlimdə yüksək dərəcədə bioenerji var. Bunu açıq-aşkar hamı hiss edə bilir və nəticəsini də görür. Bioenerji ilə insanda olan fiziki və mənəvi yorğunluqları, ağrıları bədəndən uzaqlaşdırıram. Kimin evində harada cadu var, mən onu uzaq məsafədən bilirəm. Ora getməyimə belə ehtiyac yoxdur. Çünki mən informasiyanı cinlərdən alıram. Gec yeriyən və gec danışan uşaqları da yanıma gətirirlər. İflic xəstələri də olur. Mənə çox insan müraciət edib ki, kiməsə cadu etmək lazımdır. Amma mən bunu etmirəm. Çünki bir dəfə etmişəm əziyyətini özüm çəkmişəm. Amma əlimdədir istəsəm edə bilərəm. Ümumiyyətlə, mediumluğun bir tərəfi kahinlikdir. Allah kahinliyi insanlara haram buyurub. Qara qüvvələrlə də münasibətim olsa da çalışıram ki, yaxşı tərəfindən istifadə edim. Çünki mənim ətrafımda kafir cinlərdir. O insan ki, deyir mənim yanımda mələk var, yalan danışır.

- Elə olubmu ki, kiminsə taleyi və gələcəyi ilə bağlı məlumat verəsiniz, sonradan dedikləriniz həyata keçməsin?

- Bu günə qədər elə bir halla rastlaşmamışam.

- Xidmət müqabilində insanlardan nə qədər pul alırsınız?

- Sosial şəbəkələrdə də qeyd etmişəm ki, mən pulsuz xidmət göstərirəm. Seanslar keçirirəm, cinli xəstələrin bədənindən cin çıxarıram. Bioenerji vasitəsi ilə də insanlara kömək edə bilirəm. Bunu biznes şəklinə çevirməmişəm. Peşəm və başqa gəlir yerim var.

- Bəs pulsuz xidmət göstərməkdə məqsədiniz nədir?

- Mən bu işlə məşğul olmasam yaşaya bilmərəm. Bir neçə dəfə şahidi də olmuşam, başıma da gəlib. İkinci dəfə həyata gəlmək şansım olsa medium olmaq istəməzdim. Qara qüvvələrlə yaxın olub, ekstrasens olmaq istəməzdim. Bir neçə dəfə öz övladımı cinin-şeytanın əlindən almışam. Məqsədim xalqa xidmət etməkdir. Bunu gəlir mənbəyinə çevirməmişəm və ehtiyacım da yoxdur. Sadəcə bu işlərlə məşğul olmayanda özümü çox pis hiss edirəm.

- Əgər pulsuz xidmət göstərirsinizsə, yanınıza gələnlər də çox olar.

- Müraciətlər çox olur. Amma Bakıda bununla məşğul olmağa çox vaxtım olmur. Türkiyənin Mərmərə şəhərində xüsusi ofisim var. Orada qəbul günlərim var. Xəstələrlə seanslarım olur. İstanbulda Bioenerji Mərkəzi var. Həmin mərkəzdə seminarlara qatılıram. Bir çox ölkələrdə, eləcə də Moskvada, İsrailin Hayfa şəhərində də bu işlərlə məşğul oluram.

- Sadaladığınız yerlərdə də pulsuz xidmət göstərirsiniz?

- Bəli, orada da xidmət haqqı yoxdur. Çünki mənim cinlərdən gələn pula ehtiyacım yoxdur. Mən elə dualar bilirəm ki, cinləri uzaqlaşdıra bilərəm. Amma onlar sonra mənim övladlarıma ziyan vura bilər. Elə edirəm ki, cinlərimi də incitmirəm. Xoşbəxt ailəm, həyatım var.

- Ailəniz sizin belə işlərlə məşğul olmağınıza qarşı deyil?

- Həyat yoldaşım çox narazıdır. Dövlət işində çalışır və istəmir ki, məni ekstrasens adlandırsınlar və bu sahədə tanınım. Amma o da yaşadıqlarımın, başıma gələnlərin şahidi olandan sonra artıq bir söz demədi.

- Pulsuz xidmət göstərirsiniz. Sirr deyilsə bəs gəliriniz haradandır?

- Ailənin başçısı var. Bütün ehtiyaclarımız təmin olunur. Cinlərdən gələnə ehtiyacımız yoxdur.

- Azərbaycanda bu sahədə ən güclü sizcə kimdir? Özünüzü hamıdan üstün hesab edirsinizmi?

- Sizə deyim ki, mənə müraciət edən ekstrasenslər çox olur. Məndən nəyisə öyrənmək istəyirlər. Azərbaycanda bir çox ekstrasenslər var ki, mənim tələbəm olmaq istəyirlər ki, onlara cadu öyrədim.

- Kimlərin sizin tələbəniz olmaq istədiyini deyə bilərsinizmi?

- İçərisində tanınmışlar da var. Ad çəkə bilməyəcəyəm. Özünü öyənlər də var ki, deyirlər məni bütün Azərbaycan tanıyır. Amma sual verirsən görürsən ki, heç nə bilmir. Çox insanlar var ki, cadunu, cinlərlə əlaqə qurmağın yollarını məndən öyrənirlər. Hətta gecə saat 3-də ekstrasenslərdən mənə zəng vuran olub ki, cinləri dəvət etmişəm, üstümə düşüblər. Geri göndərə bilmirəm. Hansı duanı oxuyum onları göndərim? Belələri də olur.

- Pul müqabilində falçılıq edənlərə münasibətinizi bilmək maraqlı olardı.

- Pulla baxan insanlar nə medium, nə də ekstrasens kimi baxmıram. Bunu bir gəlir mənbəyinə çeviriblər. Mediumluq deyəndə insanın ağlına metafizika gəlir. Əgər medium pul qarşılığında iş görürsə, onun öz qüvvəsi azalmalıdır. Sənin necə qüvvən var ki, adamın birini 50-100 manata qəbul edirsən? Mən onlara yalançı kimi baxıram.(analitik.az)