backend

KÖŞƏ

KÖŞƏ











Fəaliyyət Qurbanov

Sehrli çubuğun möcüzəsi


Rəvayətə görə, Musa peyğəmbərin böyük qardaşı Harun əlindəki sehrli çubuğu bircə “kruq” havada yellətməklə çiçək açmış badam ağacına döndəribmiş. O zamanlar badam həm də təmizlik, saflıq bəkarət ağacı hesab olunurmuş. Harunun əlindəki jezlin badam ağacına döndüyünü görənlər onun saflığına heyran-heyran tamaşa edərmişlər. İstər-istıəməz peyğəmbər qardaşının istəklərini yerinə yetirərmişlər. Mən bilmirəm, Harun bu etibardan sui-istifadə edib, ya yox. Amma belə qənaətdəyəm ki, çubuq ona hansısa müstəcəb məqsədə nail olmaq üçün lazım olub.
İndi reallıqlar zamanıdı. Başı baltalı çubuqlarla Bakıdakı badam ağaclarının "qanını" içirlər,məmurlar. Kəsib yerində elə bir mülk tikirlər ki, içində 40 incəbel qız bir mollasız müntəzir "ifa mədəniyyəti" sərgiləyir. Bu mədəniyyət artıq düzü-dünyanı başına alıb.
Dünya dəyişdikcə, çubuğun sehri də dəyişib. Hər çubuq gəzdirəndən Harun çıxmasa da, meçəbəyi də çıxır, istəsən lap çoban da. Kinolarda görmüş olarsınız, sehrli çubuqla adamı lap daşa da döndərə bilirmişlər. Bunların hamısı indi keşmişdə qalıb. Zamanın təkərini geri fırlatmağa onsuz da ehtiyac qarışıq həvəs yoxdu. Həvəs yuxusuna haram qatıb qazanc dalınca gecə-gündüz yollarda risq və müsibətlərə qatlaşan paqonlu qardaşlarımızda qalıb. Amma maraqlı görüntülər var, həmişə var. Bu görüntülərin qəhrəmanları olan yol polislərini deyirəm, yəqin ki, hərəsinin əlində bir zolaqlı çubuq görübsünüz. İndi o çubuğun adına səhv etmirəmsə jezl deyirlər. Sən heç modern jezl görübsən? Gecələr də işıq saçır ee. O çubuğun içinə nə pərçim ediblərsə, qayda pozan sürücüləri uzaq məsafədən tapıb üzə çıxarır. Belə möcüzələri görəndə yaxşı qazanmağın, dəbdəbə içində ömür sürməyin açarı hesab edilən “qaişnik” çubuğunun sehri üzərində saatlarla baş sındırmışam. Bu çubuğun bir möcüzəsi də odur ki, hörmətə "hörmət" calağı vura bilir. Demək olar bütün kreslo sahiblərini bu çubuğun sehrilə bir qozun qabığında sıxcalayıb pulunu yox, suyunu çıxarasan, yol polisi olsan... Məncə, söz açdığım sehrlənmələr yol polisimizin gündə yeni bir uğura imza atmasına bağlıdı. Eşitdiyimə görə ən yaxın ərəfələrdə yol polisini rüşvətdən və korrupsiyadan qoruya biləcək modern bir çubuq buraxacaqlar. Bu çubuğun möcüzə paketi artıq yuxarı alanlarda təsdiqlənib. Paketin içində aylıqlar gizlədilib. Açanda ağzın da açılır. Eşitdiyimə görə çubuğun dəstək yerinə "medsestra" Güldəstə bajı immunitet iynəsi vuracaq ki, yol polisimizə para göstərəndə tanımasın. Ona görə də bu xanımı indidən "şnobel" mükafatına təqdim ediblər...
Əlbəttə, inanmazsan belə möcüzlərə. Realist adamsan axı. Sənin üçün bir balqabağın 8 minlik bir kollektivə rəhbər təyin edilərək nazirin fermasında 1000 baş erkək dana yetişdirməsi də möcüzə deyil. Ay yazıq, sən nə görmüsən ki? Başın üzərində bir sehrli çubuq fırladaram tüklərin utandığından tökülər. Onda bilərsən ki, möcüzə nədi.