backend

Cəlladın Nobel mükafatı

Cəlladın Nobel mükafatı



















XX əsrin 80-ci illərinin ortalarında Sovetlər İttifaqının rəhbər hakimiyyət orqanlarına bəzi satqın və ikiüzlü insanların vəzifələrə irəli çəkilməsi - xüsusilə Mixail Qorbaçovun hakimiyyətə yiyələnməsi çökməkdə olan SSRİ-nin süqutunu daha da sürətləndirdi. İlk növbədə Qorbaçov dövlətin möhkəmlənməsində xidmətləri olan, xalqın hörmətini qazanan rəhbər kadrları bir-bir hakimiyyətdən uzaqlaşdırmaq və satqın, səriştəsiz insanları başına toplamaqla antimilli, anarxist ideyalarını həyata keçirməyə başladı

Dünyada uzaqgörən, böyük hörmət və nüfuza malik olan, görkəmli bir siyasətçi kimi tanınan Heydər Əliyev də Qorbaçovun təqiblərinə və təsirlərinə tuş gələnlərdən idi. O vaxtlar Heydər Əliyevin vəzifədən kənarlaşdırılmasını dövlətin və hakimiyyətin bel sütununun qırılması kimi qiymətləndirənlər qənaətlərində yanılmırdılar.
Uzaqgörən insanlar, siyasətçilər Qorbaçovun timsalında ölkənin acınacaqlı vəziyyətini və SSRİ-nin süqutunun labüdlüyünü hiss edib görsələr də, ittifaqın, ayrı-ayrı xalqların, millətlərin görünməmiş bəlalara, faciələrə, qırğınlara məruz qalacaqlarını, “demokratiya” pərdəsi altında hakimiyyətə gələn və sözünün əvvəli-axırı “azadlıq, bərabərlik, humanizm” olan “rəhbərin” bu qədər qəddar, satqın, ikiüzlü, şeytan xislətli olduğunu ağıllarına gətirməzdilər.
Ancaq “demokrat” rəhbərin cəlladlığı, qatilliyi, avantürist hərəkətləri yuxu deyildi, canlı, hamının gördüyü və milyonlara bəlalar bəxş edən həqiqət idi. Özbəkistanda, Gürcüstanda, Baltikyanı respublikalarda, Azərbaycanda və digər regionlarda törədilən qırğınlar, qarşıdurmalar, qətllər bu həqiqətin ifadəsidir. Qarabağ “oyunu” rəhbərin erməni dostları ilə əvvəlcədən birgə hazırlanmış ssenari idi və bu, heç də millətləri azadlığa çıxarmaq yox, əslində onları qarşı-qarşıya qoyub uzunmüddətli münaqişə ocaqları yaratmaq və yeri gələndə bundan bəhrələnmək, təsir vasitəsi kimi istifadə etmək məqsədi daşıyırdı.
20 Yanvar qırğını da bu baxımdan xarakterikdir və Qorbaçov qəddarlığının, vəhşiliyinin, insanlığa xas olmayan xislətinin nümunəsidir. Dinc, əliyalın insanları - uşaqları, qocaları, qadınları gülləyə tutmaq, tankların təkərləri altında əzmək, küçədən keçən, evdə dincələn sakinlərə atəş açmaq, incitmək, təhqir etmək vəhşilikdir, qəddarlıqdır və sözsüz ki, bütün bu vəhşiliklərin dirijoru, əmr verəni Qorbaçov idi və əlaltıları onun tapşırıqlarını yerinə yetirirdilər.
Qanlı Yanvar hadisəsi qəddarlıq baxımından tarixdə analoqu olmayan qətllərdən biridir. Baş verənlər Azərbaycan xalqının qəhrəmanlıq, milli azadlıq, mübarizlik tarixinin unudulmaz səhifəsi olmaqla bərabər, o dövrdə ittifaq daxilində gedən prosesləri, Qorbaçovun başqa xalqlara, xüsusilə Azərbaycana düşmən mövqeyini və onun əlaltılarının alçaq, yaramaz fəaliyyətini qiymətləndirmək baxımından əhəmiyyətlidir.
Əlbəttə, xalqımıza qarşı törədilmiş bu vəhşiliyə ilk dəqiq qiymətini ulu öndər Heydər Əliyev vermişdir. O, qanlı hadisənin baş verdiyi günün səhəri, səhhətində problemlərin olmasına baxmayaraq, Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəlmiş, kütləvi insan qırğını ilə nəticələnən hadisənin törədilməsində ilk növbədə, Mixail Qorbaçovun günahkar olduğunu, məsuliyyət daşıdığını bütün dünyaya bəyan etmiş, azərbaycanlılara qarşı yönəldilən təzyiqlərə, təsirlərə kəskin etirazını və nifrətini bildirmiş, xalqımızla daim birgə olduğunu nümayiş etdirmişdir.
20 Yanvar tarixə çevrilib və şəhidlərimiz əbədiyyətə qovuşublar. Ancaq Qorbaçov sağ olsa da, mənfur bir ölüyə taydır, adı cəllad, satqın kimi səslənir. Çünki o, milyonlarla insanın faciəsinə, ölümünə, yüzlərlə kəndin, şəhərin xarabazarlıqlara çevrilməsinə, millətlərin, xalqların bir-birinin qanını tökməsinə, uzunmüddətli müharibələrin, münaqişələrin alovlanmasına, davam etməsinə bilavasitə qərar verib, imkan yaradıb və qanlı olaylara şəxsən rəhbərlik edib.
Bu gün insanlar dünyada baş verən hadisələrə, müharibələrə görə haqlı olaraq xalqları, millətləri deyil, dövlət başçılarını günahkar hesab edirlər. Keçmiş ittifaqın çoxmilyonlu sakinləri də qatıldıqları müharibələrə, uzunmüddətli münaqişələrə, çəkdikləri bəlalara, insan itkilərinə görə daha çox Qorbaçovu təqsirli bilirlər və qənaətlərində haqlıdırlar.
Məhz buna görə də siyasətdən baş çıxaran, dünyada gedən proseslərdən məlumatlı olan hər bir kəs insan qatili, vətən xaini Mixail Qorbaçova Nobel mükafatı verilməsini sülhə, demokratiyaya, insan hüquqlarına, beynəlxalq normalara xəyanət kimi qiymətləndirir və milyonların dinc həyatını cəhənnəmə çevirən yaramaz bir rəhbərin ali mükafata layiq görülməsini bəşəriyyətə, insanlığa hörmətsizlik hesab edirlər.
Sözsüz ki, şərəfsizə, satqına, riyakara heç bir mükafat bəraət qazandırıb hörmət gətirə bilməz. Bunu bütün Azərbaycan, bütün dünya bilir və yalnız Qanlı Yanvar günləri ərəfəsində deyil, hər bir an Mixail Qorbaçov xalqımız tərəfindən nifrətlə yad edilir, çirkin əməlləri pislənilir.
Azərbaycan xalqının qırğınına fərman verən keçmiş SSRİ-nin ilk prezidentinə nifrətini gizlədə bilməyən milyonlardan biriyəm və keçirdiyim hissləri sözə, seirə çevirib təqdim edirəm.

Bir ömrü bir anlıq yaşada bilməz
Yer üzünün bütün dövləti, varı.
Şərəfsiz insana şərəf gətirməz
Dünyanin ən böyük mükafatları.
Sən vətəni satdın quru ad üçün,

***
Zaman əməlini nifrətlə anır.
Adına yazılan mükafat üçün
Məzarda tər tökür, Nobel utanır.
Əyilən, alçalan, satılan kəslər

***
Məhrumdur insanlıq mükafatından.
Dünyada ev yıxıb, qan salan kəslər
Ali ad qazanır, bu necə fərman?!
Övladı olmayan övlad qədrini,

***
Vətənsiz vətənin qədrin nə bilər.
Məsləksiz unudar imanı, dini,
Şöhrətə, dövlətə, ada əyilər.
Satdın bir dövlətin, millətin haqqın

***
Çəkdin sinələrə dağı dağ üstə.
Milyon insanların, böyük bir xalqın
Al qanını içdin Qarabağ üstə.
Şeytan əməllilər, əbləh üzlülər,

***
İçdiyin qanlardan zövq aldı, susdun.
Parçalandı qəlblər, töküldü gözlər
Kənd-şəhər, el-oba dağıldı, susdun.
Nobel mükafatı mənim qanımdan

***
Tutub mayasını, dön keçmişə bax!
Nobel mükafatı çıxan canımdan
Zövq alan hər kəsə qəbir qazacaq.
Budurmu ədalət, sevgi, həqiqət?

***
İnsan insanlığın unudur bəlkə?
Cəllada dahitək verilən qiymət
Bəşərə, tarixə ləkədir, ləkə!

Tahir RZAYEV,
Milli Məclisin deputatı