backend

Fazil Məmmədovun 2015 planları

Fazil Məmmədovun 2015 planları














Vergilər naziri həm iri şəhərlərə yiyələnmək, həm də parlamentdə ayrıca siyahı ilə təmsil olunmaq niyyətindədir


Vergilər naziri Gəncə, Sumqayıt, Lənkəran kimi iri şəhərlərin icra başçıları postuna öz kadrlarını yerləşdirmək niyyətindədir; Bakı Şəhər Vergilər Departamentinin rəisi, vergilər nazirinin müavini və müşavirləri icra başçısı postuna iddialıdırlar...

Vergilər naziri, hazırda hakimiyyət elitasının ən önəmli simalarından birinə çevrilmiş Fazil Məmmədov payızda gözlənilən kadr dəyişiklərinə hazırlaşır. Nazir bir neçə rayonun icra hakimiyyəti başçısı postuna öz adamını yerləşdirmək niyyətindədir. Nazirin çevrəsində bununla bağlı canlanma yaranıb - maraq qrupları artıq hərəkətə keçib, iddialarını ortaya qoymağa başlayıb. Maraq qruplarının hər biri öz namizədini icra başçısı postunda görmək istəyir.

Mənbənin məlumatına görə, hazırda nazirə yaxın bir neçə şəxs icra başçısı olmaq iddiasını ortaya qoyub: “Onların arasında F.Məmmədovun qohumları və biznes ortaqları da var. Nazirin hədəfi iri şəhərlərin rəhbərliyini ələ keçirməkdir. Söhbət ilk növbədə Gəncə, Sumqayıt, Lənkəranın, eləcə də bir sıra gəlirli rayonların icra hakimiyyətlərinin başçısı postlarına sahiblənməkdən gedir. F.Məmmədov hakimiyyət elitasındakı rəqiblərinə əzələ nümayiş etdirmək üçün ilk növbədə iri şəhərləri nüfuz dairəsinə qatmaq istəyir”.

Mənbə iddia edir ki, hazırda F.Məmmədov 4 rayonun icra hakimiyyətinin başçısı postuna öz adamlarını yerləşdirə bilib: “Şəmkir rayon İcra Hakimiyyətinin başçısı Nazim Veysov (F.Məmmədovun qohumu), Gədəbəy rayon İcra Hakimiyyətinin başçısı Ramiz Yediyarov (sabiq vergi işçisi), Binəqədi rayon icra hakimiyyətinin başçısı Xaləddin İsgəndərov (sabiq vergi işçisi, nazirin yeznəsi), İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov (sabiq vergi işçisi, Aqrar Universitetin keçmiş rektoru). Hakimiyyət elitasında mövqeyi möhkəmlənən F.Məmmədov indi nüfuz dairəsində olan ərazilərin sayını artırmaq niyyətindədir”.

Mənbə F.Məmmədovun icra başçısı görmək istədiyi şəxslərin adlarını da açıqlayıb: “Bakı Şəhər Vergilər Departamentinin rəisi Alimpaşa Məmmədov, vergilər nazirinin müavini Sahib Ələkbərov (Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərovun atası), nazirin müşaviri Mahir Rəfiyev, nazirin müşaviri Fəxrəddin Qəmbərov. Başqa iddialılar da var. Ancaq əsas namizədlər bunlardır”.

Qeyd edək ki, F.Məmmədovun namizədlərinin kriminal keçmişi olub. Nazirin ən etibarlı kadrlarından sayılan Bakı Şəhər Vergilər Departamentinin rəisi Alimpaşa Məmmədov haqda 1999-cu ildə cinayət işi açılıb. Buna səbəb o vaxt Salyanın vergi şöbəsində rəis işləyən A.Məmmədovun sahibkarlardan qanunsuz ödəniş tələb etməsi olub. Ancaq nazirin müdaxiləsi ilə cinayət işinə xitam verilib və Şəmkirə vergi rəisi göndərilib. Buradan isə Şəmkirin sabiq icra başçısı Aslan Aslanovun göstərişi ilə qovulub. F.Məmmədov sadiq kadrını bu dəfə də müdafiə edib və onu nazirliyin mərkəzi aparatına gətirib. Maraqlıdır ki, 2002-ci ildə F.Məmmədov özü onu işdən qovmağa məcbur olub. Məlumatlara görə, nazirə həddən artıq güvənən A.Məmmədov iri dövlət müəssisələrindən qanunsuz ödəniş tələb etdiyinə görə F.Məmmədovun sanksiyası ilə üzləşməli olub. Ancaq üstündən bir müddət keçəndən sonra onu yenidən vergi sisteminə qaytarıb və daha məsul vəzifələrə təyin edib. Hazırda o, ölkə üzrə vergilərin 83 faizinin yığıldığı Bakı Vergilər Departamentinə rəhbərlik edir. Eyni zamanda nazirin biznesini idarə edən əsas fiqurlardan biridir. F.Məmmədov onu Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı postuna təyin etdirməyə çalışır.

Vergilər nazirinin müşaviri Mahir Rəfiyev nazirliyə özəl sektordan adlayıb. O, “Atabank”ın Müşahidə Şurasının sədri olub. F.Məmmədovun Çexiyadakı biznesini idarə edən şəxslərdən biridir. Onun Neftçalaya icra başçısı göndəriləcəyi ilə bağlı məlumatlar var.
Vergilər Nazirinin müavini Sahib Ələkbərovun xüsusi təqdimatına ehtiyac yoxdur. O, sovet sistemində Azərbaycan komsomoluna rəhbərlik edib. Azərbaycan müstəqillik əldə edəndən sonra bizneslə məşğul olub. 2003-cü ildə dövlət idarəçiliyinə qayıdıb və Səbayel rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. Az sonra hakimiyyətdəki köhnə qvardiyanın təzyiqi ilə işdən çıxarılıb və dişsiz bir vəzifəyə təyinat alıb - bir müddət Dövlət Statistika Komitəsinin sədrinin müavini işləyib. Ancaq az sonra F.Məmmədov onu çətirinin altına alıb və özünə müavin təyin etdirə bilib. Onun Lənkərana şəhər İcra Hakimiyyətinin başçısı təyin ediləcəyi gözlənilir.

Vergilər nazirinin müşaviri Fəxrəddin Qəmbərov uzun müddət prokurorluq orqanlarında işləyib. F.Məmmədovun yaxın dostu və etibarlı kadrı olan F.Qəmbərov vergilər nazirliyinin istintaq idarəsinə rəhbərlik edib. Hazırda əsas qeyri-rəsmi missiyası nazirin Qərb bölgəsində olan biznesinin idarə etməkdir. Əslən Qərb bölgəsindən olan F.Qəmbərovu F.Məmmədov bölgənin mərkəzi şəhərinin - Gəncənin icra hakimiyyətinin başçısı postunda görmək istəyir.

Mənbə bildirir ki, siyahı bununla bitmir. F.Məmmədovun yaxın çevrəsində icra başçısı olmağa iddialı ən azı 20 şəxs var. Ancaq praqmatik F.Məmmədov hələlik ancaq əsas rayonları ələ keçirmək haqda düşünür. Bu həm də 2015-ci ildə keçiriləcək parlament seçkisinə hazırlıqla bağlı bir məsələdir. Vergilər naziri parlamentdə ayrıca siyahı ilə təmsil olunmaq niyyətindədir.